Şeir

"Ölümü maraq edən körpə uşaqlar kimi.. " - Rasim Qaracanın şeirləri

Rasim Qaracanın misraları

Nargin - Sənət adası•29 sentyabr 2026•4 dəqiqəlik oxu
"Ölümü maraq edən körpə uşaqlar kimi.. " - Rasim Qaracanın şeirləri

Nargin.az Rasim Qaracanın şeirlərini təqdim edir. Qeyd edək ki, bəzi şeirlər tam haldadır, bəzilərindən isə hazır misralar götürülüb.

Daşların yanından səssizcə ötüb keçdim onların min illik ibadətini pozmadan.

•

Sahilə can atan köpüklü dalğalar ölümü maraq edən körpə uşaqlar kimi.

•

İndi sənin olmadığın bu yerlərdə qaranlıq q yağmur y dəniz sadəcə d-dir

•

İlahi, bir səbəb sal mətbəxdə qab yuyan o qadının dodaqları qaçsın.

•

Kim deyir ki, yaddaşı yoxdur əşyaların baxın, köç maşınında gedən bu yataq dəsti kədərin çoxluğundan büzüşərək yumağa dönüb.

•

konserv qutusundan külqabısı yağ tənəkəsindən oturacağı vardı dostumun qəzetdən süfrə sərdi, bankada çay dəmlədi, qəndi yarıya böldü, döşəmə yırğalanırdı, sanki gəmidə idik, ayağa qalxanda başım tavana dəydi.

•

qumlara batıb qalıb nikelli qaşıq köpüklü dalğalardan bir parçası beləcə dəmirləşib

•

Vaqonların sayını düzgün tapan uşaq əlbəttə, böyüyüb mən olacaq

•

Relsdən çıxmış qatar gördük səninlə Fotosunu çəkdik əl-ələ tutub dayandıq doyunca baxdıq. Gördüyün bütün qatarlar unudulub Xəyalımda yaşayır təkcə o motiv – Yana əyilmiş lokomotiv

•

qız elə beləcə də dedi: “bir qram da üşümürəm” – nə qədər güclü olur insan üşüməsi qramla ölçülən bir canlıyla yanaşı addımlarkən

•

Yelkən

çimərlikdə köhnə yelkəni qumlar üzərinə sərib üstündə qəlyanaltı edirik sarı lacivərdi brezentdən tikilmiş yelkən indi boş hava ilə deyil yemək yeyən şərab içən qah-qah çəkib gülən canlı insanlarla dolu

•

Bığ

Neçə aydır qəzet satan əmicanın yalnız bığlarını görürəm köşkün daracıq pəncərəsindən ağıllı başlı adam kimi qəzetini verir pulunu alır hələ bir cani-dildən sağollaşır da gərəksiz tük lopası bildiyimiz bığlar

•

Ay

sibirin qarlı çöllərində tayqa üzərində bu yuvarlaq ay nədənsə xurma ağacları yetişən cənub gecələrini satmış kimi göründü gözlərimə

•

Kötük

üstündə neçə cəmdək doğrandığının hesabını aparmaz kötük artıq üstünə çıxan insanın kim olduğuna baxmayan şişman fahişələr kimi o əsl sevginin və ehtirasın nə olduğunu unudub çoxdan

•

İnək

Yolun ortasında sarımtıl inək maşının siqnalına qıypınmır belə əmcəkləri dolu kürəyində bəyaz ləkələrdə öz inək dünyasının xəritəsi

•

Ayaqqabı

Həyətin ortasında paltar yuyan qadın ərinin ayaqqabılarını geyib ayağına bəlkə də elə buna görə bütün hərəkətlərində bir arxayınlıq var arxalılıq var

•

dəmir yoluyla addımlayırıq, qatarın fitini eşidib sən sağa, mənsə sola ayrılırıq mazut daşıyan bir yük qatarı deyildi sanki zaman özü idi aramızdan axan qatar keçib getdi və baxdım ki, sən artıq yoxsan...

•

dünən axşam burada tısbağalar sevişən bu sahildə həyat necə maraqlıydı – nə qədər güldük onların "ıh-ıh" səslərinə

•

Zürafə

bizim yaşadığımız bu qarışıq dünyada uzaq Afrikada qızmar savannalarda öz sakit həyatını sürdürər zürafələr sən demə, yer üzündə beləcə arın-arxayın yaşamaq olar

•

meşədən keçir yolumuz bir an avtobusu saxladıb aşağı enir yolçular kimi siqaret çəkir kimi ağacların arxasına keçib çişini yapır özü də belə yerdə murdarlamaq üçün ən qocaman ağacı seçirlər bir azdan yola düşüb uzaqlaşırıq ağaclar arxamızca baxıb başlarını bulayır

•

balıq ovu təkcə balıq ovu deyil ki bunlar bəhanədir əsas məsələ benzin qoxusu, motosiklet tırıltısı, küləkli hava bir də kəndin girəcəyində yolu kəsmiş camışlardır

•

Bəşər nəslini xilas etmənin tək çarəsi qadınlar indiki resurslarla Yerin ömrünü bir min il də uzatmaq olar.

Hələ kədər canımızı saranda için için sızlayıb öz taleyimizi ananda yenə… yenə də qadınlar çatacaq dadımıza Saçlarından hördüyümüz yorğanla üstümüzü örtəcəyik gecələr yatağa girərkən keçmiş sevgilərimizi anıb xəyal bişirəcəyik yuxu ilə aşkarlığın neytral zolağında…

•

Üzümə tökülmüş qadın saçlarının arasından görürəm günəşi, Xəzər dənizini, tərləmiş limonad şüşəsini, siqaretin burulan tüstüsünü, sarı-mavi brezenti, BP-nin neft buruqlarını, insanların kölgəsiylə kəsilən zamanı...

Bu mənzərədə mənə ən yaxın olan qadın qulağını görürəm istidən pörtmüş yanaqları, ağ çanaqlı gözlüyü gümüşü dırnaq boyasını, insan dərisinə yapışan qum dənələrini...

Üzümə tökülmüş... qadın saçlarının arasından eşidirəm dənizin xışıltısını dişlərim arasında qumların xırçıtısını, fotoaparatın şıqqıltısını...

◼

Eyni bölmədən

Oxşar yazılar