Şeir

Anarın şeirləri

Anar Rzayevin poetikası

Nargin - Sənət adası•05 noyabr 2026•5 dəqiqəlik oxu• 4 oxunma
Anarın şeirləri

Nargin.az "Yazıçıların şeirləri" silsiləsindən növbəti müəllif və onun şeirlərini təqdim edir.

Anar (RZAYEV)

ANARA, yəni özüm-özümə

Roman yazdı - uzandı, Tənqid yazdı - usandı, Çıxış yazdı - utandı, Şeir yazmaq istədi Bir gün başa düşdü ki, Şairlik bir azardı, Hərdən-birdən tutandı.

••••••••••••••••••••••••••••••••

ƏLVİDA

Görüşdük nə çətin, ayrıldıq nə asan... Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan? Mən səni izlədim, günah tək gizlədim, gizlədim. Hər səhər, hər axşam, hər gündüz, hər gecə gözlədim. Əlvida o günlər... ulduzlu gecələr... əlvida... Ömrümdən nə qaldı, nə qaldı vəfasız dünyada? Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan... Hardasan, həyatım, varmısan, varmısan, yoxmusan?

Görüşdük belə çətin, Ayrıldıq belə asan. Gördüyün hər qadında Məni axtaracaqsan.

Ömrümə bir dayaqdın, Taleyimdə çıraqdın, Dünya dağılsa belə, Sən məni tapacaqdın.

Görüşdük belə çətin, Ayrıldıq belə asan. Gördüyün hər qadında Məni axtaracaqsan.

Amma tapmayacaqsan, Bir də tapmayacaqsan, Mən daha olmaz oldum, Dünyada qalmaz oldum.

(Bu mətnə Emin Sabitoğlu musiqi bəstələmişdir).

••••••••••••••••••••••••••••••••

ÜMİDİNİ İTİRMƏ Atama

Acı sözlər ürəyinə ox olsa da, Düşmənlərin dostlarından çox olsa da, Üfüq xətti birdən-birə yox olsa da, Ümidini itirmə.

Dərdi-qəmin qalaqlanıb dağ olsa da, Güman ölüb, gümansızlıq sağ olsa da, Dindirəndə qan ağlayan çağ olsa da, Ümidini itirmə.

Sevdiklərin bir gün dönüb yad olsa da, Düşmən görüb niskilini şad olsa da, İnandığın hər nə var bərbad olsa da, Ümidini itirmə. 2 may 1970

••••••••••••••••••••••••••••••••

DÜŞÜRSƏN YADIMA YAĞANDA YAĞIŞLAR Yağış yağır, Yadıma düşdün, bağışla. (Vaqif Səmədoğlu)

Düşürsən yadıma Yağanda yağışlar, Bağışla, gözəl yar, bağışla, bağışla.

Unut məni səhərlər, gündüzlər unut dedi, Ulduzlu gecələrdə unut məni əbədi. Axşamlar yada salma, Xatirələrə dalma.

Yaxşı, yaxşı, unutdum, amma Düşürsən yadıma, Yağanda yağışlar, Bağışla, gözəl yar, bağışla, bağışla.

Unut məni payızda, baharda unut dedi, Könlündən uzaq eylə kədəri, qəmi, dərdi. Ötən günləri anma, Həsrət oduna yanma.

Yaxşı, yaxşı, unutdum, amma Düşürsən yadıma, Yağanda yağışlar, Bağışla, gözəl yar, bağışla, bağışla.

(Bu mətnə Emin Sabitoğlu musiqi bəstələmişdir).

••••••••••••••••••••••••••••••••

SON DƏFƏ (köhnə mənzilə vida mahnısı)

Yaşadıq səndə neçə ay, neçə il. Son dəfə Baxdım bu yalın divarlara, son dəfə Yeri boş şəkillərdən qalan mismarlara son dəfə. Son dəfə üzüm yarpaqları pəncərələrdən Kölgələrini mənimçün salır, Son dəfə son dəfə. Qapı zəngi mənimçün çalır, son dəfə. Kirayə kağızları hələ yoldadır Hələ dostum bizə gəlib deyə kimisə aldadır. Kimsə hələ bu ünvana məktublar yazır, Kimsə hələ bu telefonla zəng vurub asır. Susub artıq bütün səslər, gülüşlər, qədəhlər, "əşşi"lər, "sağ ol"lar, "əh"lər. Susub yazı makinası, Çaynikin qaynaması. Atılıb yerə yazılmamış vərəqi son dəftərin, Son dəfə içəridən açıram cəftəni. Söndürürəm işığı, qapını bağlayıram, son dəfə. Bu qapının dalında qaldı ömrümüzün on ili Müddətimizi çəkdik, Tərk edirik yarızirzəmi mənzili. Bomboş otaqlarda dolaşır qərib bir kölgə Ömrün ən xoş anlarını burda qoyub gedirik bəlkə. Son dəfə Bu pilləkənlərdə siqaret yandırıram, son dəfə. Son dəfə bu tində maşın dayandırıram son dəfə.

14 yanvar 1976

Rəsul Rza, Anar və L. Anninski
Rəsul Rza, Anar və L. Anninski

••••••••••••••••••••••••••••••••

QƏZƏL N1

Gül çöhrəli canan ilə dövran elədin sən? Cananı sevib, canı verib qan elədin sən.

Metroda görüb cananı əğyar ilə heyhat! Metro vaqonun zərb ilə viran elədin sən.

Yarın sifəti boylə imiş, bir daha artıq Yar sevməməyi aləmə elan elədin sən.

Aldın əlinə ruçkanı yazdın, elə yazdın, Bu əhvalatı bir yekə dastan elədin sən.

Atdın işini, peşəni, avarə dolandın, Öz-özünü dinməzcə qəzəlxan elədin sən.

Bu şux qəzəli dinləyərək, söylədi canan, Şerinlə, Çinar, bir daha fantan elədin sən.

••••••••••••••••••••••••••••••••

QƏZƏL N2

Yandı bağrım hicri ilə, vəsli-rüxi yar istərəm, Yaru yoxsa, barı bir ləzzətli nahar istərəm.

Evmizin dərdi mənə güc gəldi hər leylü-səhər, Tazə mənzil qapusun açmağa açar istərəm.

Pencəyim köhnəldi getdi, köhnəlib şalvar dəxi, Qəstümə pul çatmasa, təkcə şalvar istərəm.

Borclarım bitməz, tükənməz, onları qaytarmağa Heç özüm də bilmirəm, hardan qonorar istərəm.

"Dədə Qorqud" düşmədi heç bir plana qış günü, Studiya alsın onu, kaş ki, bu bahar istərəm.

"Adamın adamına" çoxdu ümidim, sədd heyf, Ona pəl vuranların canına azar istərəm.

Çıxdı bir yaxşı qərar, vəli "Qobustan" çıxmadı, İşlərin düz getməsiyçün bir tazə qərar istərəm.

Dəftəri doldurmuşam növbənöv yazı ilə, Bunları xrıd etməyə bir yaxşı bazar istərəm.

Bunca işlər yaş ikən, vaxt tapıb, imkan tapıb, Böylə şit qəzəl yazan ikinci Anar istərəm.

••••••••••••••••••••••••••••••••

Səni qatarlarla yola salmadım, Təyyarəyə minib uçmadın məndən. Gəminin ardınca baxıb qalmadım, Taksi aparmadı səni şəhərdən. Gəzib dolaşıram hey küçənizi, Eviniz budur bax, yaxındasan sən. Sözlərin acısı ayırdı bizi, Bu hicran yamandır hər məsafədən. Mən səni itirdim yanımda ikən.

••••••••••••••••••••••••••••••••

İsmayıl Şıxlı, Yaşar Qarayev və Anar
İsmayıl Şıxlı, Yaşar Qarayev və Anar

DEDİM MƏN DƏDƏ QORQUD

Torpağı Vətən etməkçün İki şərtə əməl et sən: Torpağı həm qorumalı, Həm şumlayıb, əkməlisən. Əgər qoruya bilməsən, Əkib biçməyinə dəyməz Əgər əkib becərməsən Canından keçməyə dəyməz.

••••••••••••••••••••••••••••••••

MÜHACİRLİK

Miladi tarixi mövluda bağlı Hicri il sırası - hicrətdən başlar. Həzrət Məhəmmədin mühacir olub Doğulduğu şəhrə Ömürlük duyduğu həsrətdən başlar.

Peyğəmbərlik olmur öz vətənində, Peyğəmbərlik yolu qürbətdən başlar.

••••••••••••••••••••••••••••••••

QÜRBƏTDƏ VƏTƏN HƏSRƏTİ

Acıdır qürbətdə çörəyin dadı, Yoruldum görməkdən özgəni, yadı, Bir an belə məni sakit buraxmır Vətənin harayı, elin fəryadı.

14 aprel 1993, İstanbul

Orxan Pamuk və Anar
Orxan Pamuk və Anar

••••••••••••••••••••••••••••••••

AZƏRBAYCAN

Zəncirləri qırdı, durdu, Oğuz eli - Azər yurdu, Könüllərdə büsat qurdu Doğma yurdum - Azərbaycan.

Üç rəngli bayrağın qalxdı, Dirçəldi torpağın qalxdı, Yolun düzdü, işin haqdı, Məmləkətim - Azərbaycan.

Dostun çoxdur, düşmənin az, Birləşdirsin bizi Araz, Gələcəyə adını yaz, Ana Vətən Azərbaycan.

Quzeyin dağ, Doğun dəniz Qoy qovuşsun Bakı, Təbriz, Yaşamaq çətindi sənsiz Gözəl elim - Azərbaycan.

Oyan dostum, qardaş, oyan, Qoy qurtulsun bu yan, o yan,

••••••••••••••••••••••••••••••••

Eyni bölmədən

Oxşar yazılar