Şeir

Əkrəm Əylislinin şeirləri

Əkrəm Əylislinin poeziyası

Nargin - Sənət adası•31 oktyabr 2026•2 dəqiqəlik oxu• 22 oxunma•Yenilənib: 01 noyabr 2026
Əkrəm Əylislinin şeirləri

Nargin.az "Yazıçıların şeirləri" silsiləsindən növbəti müəllif və onun şeirlərini təqdim edir.

Əkrəm ƏYLİSLİ

Yazıçı 1972-ci ildə qələmə aldığı "Ürək yaman şeydir" hekayəsində yazırdı:

"... Və o sözləri Əjdərin şeirlə yazmağına Sərvər qətiyyən təəccüblənmədi, çünki haçansa - məktəbdə oxuyanda o özü də bir qıza şeirlə məktub yazmışdı və o vaxtdan bilirdi ki, dünyada elə sözlər var, onları yalnız şeirlə demək olur".

****************

BİR MƏYUSLUQ

Getsəm, çətin bir də dönəm mən bura, Bir də, inanmıram, qayıda biləm. Qayıdıb kimsəni ağıllandıram, Kimsəni yuxudan oyada biləm.

Yox, düz başlamadım mən bu nağılı: Axı yatan yoxdur, hamı oyaqdır. Bunların hamısı - məndən ağıllı, Bunların hamısı - məndən ayıqdır.

Qarışıb dünyanın tülkü-təkəsi, Daha bir kimsəni tanımaq olmur. Heç bir naxələfi, heç bir nakəsi Hakəsliyə görə qınamaq olmur.

Üzlərdə - təbəssüm, ürəklərdə - şər: Bu necə məzhəbdi, bu necə dindi! Ömründə bir dəfə risk etməyənlər Riskdən, cəsarətdən danışır indi.

Deyirdim, bəlkə də məndədir günah, Bəlkə mən çaşmışam - haqdan dönmüşəm... İndi lap arxayın oldum ki, Allah, Bir haqlı varmışsa, o da mənmişəm.

Gəldim, öz “səhvimi-suçumu” qandım, Bir də seyr eləyib yaxını, yadı. İnandım, axır ki, mən də inandım, Bildim ki, bu dünya köhnə dünyadı.

Boş bir əfsanəymiş həya da, haqq da! Göz də gördüyündən usanmış, Allah. Lar qarışqanı da tapdalamaqdan Haqqı tapdalamaq asanmış, Allah!..

Hərə bir daş tapıb, çırpdı başıma, Haçan sağalacaq bu yara, Tanrım! Bitmiş ömürləri bir də yaşamaq Nə yaman xoş gəldi bunlara, Tanrım!

***********************************

BİR ARZU

Ölüm, tələsmə görək, Hələ çox işim qalır. Kənddə, arx qırağında Üç-dörd bənövşəm qalır.

Bir az səbr elə, ölüm: Qoy bir də bu dünyadan Gilənar çiçəyinin Ağappaq səsi gəlsin. Otların, çəmənlərin, Salxım yasəmənlərin İlk məhəbbət qoxulu Həzin nəfəsi gəlsin...

Ölüm, aman ver bir az, Hələ çox işim qalır. Yerdə gecikmiş yazım, Göydə günəşim qalır.

Eyni bölmədən

Oxşar yazılar