Rəsulzadənin Türkiyədə yazdığı şeir

İlk müstəqil Azərbaycan Cümhuriyyətinin qurucularından olan böyük siyasi xadim və dövlət adamı Məmməd Əmin Rəsulzadənin bədii əsərləri, o cümlədən şeirləri də var. Nargin.az sözügedən şeirləri təqdim edir.
*****************
ÇƏKİL BİR YANA, SAKİTLƏŞ!
Qaranlıqdır mənə dünya, Bütün dünyavü mafiha, Deyirlər cümləsi guya: Çəkil bir yana, sakitləş!
Daraldı qəlb vəsi ikən, Qaraldı şəms, lami ikən, Eşitməz quş, sami ikən, Çəkil bir yana, sakitləş!
Təhəmmül, səbr mümkündürmü? Həyata cəbr mümkündürmü? Zəvali-qəhr mümkündürmü? Çəkil bir yana, sakitləş!
Çıxıb gedən cilo gəlməz, Mənə yarü ədu gəlməz. Bu dərdə çarəsi gəlməz Çəkil bir yana, sakitləş!
Dolu heyrətlə hər yanım, Toxunmuş daşa peykanım. Ədu insafa ihvanım Çəkil bir yana, sakitləş!
Nə vəhşidir bəni-adam, Mücəssəm zülmdür aləm! Deyirlər cümləsi yekdam: Çəkil bir yana, sakitləş!
Çəkilməm ey hərifan mən, Bu meydani-şücaətdən… Bütün dünya mənə derkən: Çəkil bir yana, sakitləş!
1907, 19 oktyabrda “Füyuzat” jurnalının 30-cu sayında çap olunmuşdur.
*********************************
MAYIS DUYĞULARI
İlk çağındaydı gözəl mövsimin Qışdan çıxılmışdı, bahar gəlmişdi. İyirmi səkkizində idi Mayısın Azərbaycan istiqlalə ermişdi.
Derkan qopdu bir qasırğa quzeydən, Baharımız heyhat döndü qış oldu. Azərbaycan Moskovların əlində Əsarətin zəhrini dadmış oldu.
Azərilər sarsıldı bu zərbədən, İstilaya qarşı üsyanlar oldu. İstiqlalı bir kərə dadmış millət “Hürriyyət” fikrinə candan vuruldu.
Milli fikir toxumları səpildi, İslatdı torpağı axan qızıl qan. Bu əkindən yanırki bir baharda Əlbət bitər bir yeni Azərbaycan.
Şiddətliysə əgər mövsimin qışı, Yeni bahar, demək, parlaq olacaq. Verdiyimiz qurbanların bahası Bizə yalnız hürriyyətlə dolacaq.
Tarixin yeni bir gözəl çağında Qaranlıq qış keçib bahar gələcək. Hər hansı bir ilin aydın günündə Azərbaycan istiqlala edəcək.
Bu şeiri Azərbaycan Xalq Cümhuriyyəti devriləndən sonra Türkiyəyə keçərək orada yaşamağa başlayanda yazmışdır.
Eyni bölmədən




