Neft bumu illərində Bakı: çəlləklər, çirkli çalalar və üfunət
Bir vaxtlar Bakını bürüyən üfunətin hekayəsi

ÜFUNƏT
...Bakı təzadlar şəhəri idi, bir yandan qızıl sel kimi axıb varlı adamların seyflərinə, sandıqlarına, banklara dolur, xaricə göndərilir, digər tərəfdən də bir loxma çörək üçün özünü oda, gözə atan adamlar gündə on-on dörd saat işləyirdilər.
Şəhərdə sənətkarlar ordusu yaranırdı: quyuqazanlar, dartayçılar, neft təmizləyənlər, arabaçılar, qırçılar, tuluqçular, neft daşıyanlar, nöyüt mədənlərindəki çalalarda yığılmış nefti və dəniz qırağında su üstündəki nefti şəlpəynən yığanlar - cındırçılar, gəmiqayıranlar, kapitanlar, mexaniklər, çəlləkqayıranlar, bənnalar, şamtökənlər... Fanar və şamdan qayıranlar, suvaqçı, xarrat, faytonçu, furqonçu, dəmirçi, çilingər, rəngsaz, dülgər, tornaçı, daşkəsən, daşyonan, dəmiryolçu və onlarsa digər sənət sahibləri...
Əvvəllər nefti mədənlərdən çəlləklərdə daşıyırdılar, eyni zamanda tuluqlara doldurub, dəvələrə yükləyib, qəzalara, kəndlərə və hətta uzaq ölkələrə də yollayırdılar.
Arabaçılar gecə-gündüz mədənlərdən zavodlara, şəhərə neft daşıyırdı. Bakı dönüb olmuşdu çəllək emalatxanası. Məhəllələrdə, döngələrdə, küçələrdə, həyətlərdə minlərlə çəlləkqayıran emalatxana, çirkli su çalaları vardı. Üfunət aləmi bürüyürdü. Mığmığ və qara milçək əlindən tərpənmək olmurdu.
Sabunçu vağzalının qabağından başlayıb Quba (Füzuli) meydanına qədər Bondarnı (Dmitrov) küçəsi uzanırdı. Küçənin o tay-bu tayı emalatxana və çirkli su çalaları ilə dolu idi. İş axırda o yerə çatdı ki, bələdiyyə idarəsi çəlləkxanaları şəhərdən çıxarmaq barədə qərar qəbul etdi. Həmin qərara əsasən, on beş gün ərzində şəhərdə bir dənə də olsun çəlləkçi emalatxanası qalmamalı idi.
Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından
Eyni bölmədən
Oxşar yazılar

"Kitabi-Dədə Qorqud" Vatikanın sifarişi ilə yazılıb?

Küçələri zibil basdı, şəhər işıqsız qaldı: Bakının böyük tətili

Bakılı müsəlmanların tikdirdiyi kilsə
Kilsə tikintisinə pul verən müsəlmanlar

