"Kitabi-Dədə Qorqud" Vatikanın sifarişi ilə yazılıb?

İsa Muğanna "İdeal" (1985) romanında "Kitabi-Dədə Qorqud" dastanının Vatikan monaxlarının sifarişi ilə yazıldığını qeyd edirdi. ________________________
Romandan seçmələr:
"Dədə Qorqud" dastanı bizim deyilmiş. Vatikanda yazılıb, izi azdırmaqdan ötrü Drezdenə göndərilib. Almaniyaya. Ordan da buraya, Qalama - Orta Asiyaya göndərilib, nə qədər mümkündü yayılıb ki, həqiqi tariximizi - Bağdayımızı, Bağlarımızı unudaq…
İndi "Dədə Qorqud" adlanan bədbəxtliyimizi yada sal: "iynəyə tikən demədi o Dədə Qorqud. Tikənə sökən demədi o Dədə Qorqud". Saysız-hesabsız "tədqiqat işləri" yazırlar türkoloqlarımız, "Kitabi- Dədə Qorqud"u İslama qədərki möhtəşəm tarixi abidə adlandırırlar! Bilən varsa, o da dillənmir ki, həmin iki yüzillik müharibənin əvvəlində, BağHəmOd nəsli qırılandan sonrakı Vatikan məkridi "Korkud" (yəni "Qorxut"), Od - Həqiqət əvəzində oğul "əti" yedirt.
Vatikan monaxları "Dədə Qorqud"un lap ilk kəlmələrindən qorxudurlar: "Dədə"miz ölkənin hansı səmtinə gedir qəbirqazana rast gəlir. "Qapı açaq, Qapı açaq!" - deyən "Qıpçaq"ları "Oğuz bəyləri"nə düşmən qələmə verən "kitab" ifşa olunmayınca, Odu əvəzində "at"ı, BağBağÜnü əvəzində "papağı"ynan öyünən "kişi qeyrəti" verib patriarxal bataqlığa sürüyəcəklər bədbəxt xalqımızı!" _______________________
Sözügedən məsələ ilə əlaqədar olaraq yazıçı Anarın 2008-ci ildə "Ədəbiyyat" qəzetində çap olunmuş "Qəribə dünyanın adamı" essesindən seçilmiş fikirləri təqdim edirik:
"Tarixdən söz düşübsə, qeyd etmək istəyirəm ki, İsanın Muğanna dövründə tarixə - həm Azərbaycan tarixinə, həm də dünya tarixinə ənənəvi yanaşmadan köklü dərəcədə fərqli öz baxışları var. Daha dəqiq desək, alimlərin yazdığı tarixi Muğanna başdan-ayağa saxta və təhrif sayır. "Tarixin atası" sayılana Herodotu qrek casusu adlandıran yazıçı sonrakı tarixçiləri də, ta "Midiya tarix"ni yazmış Dyakonova qədər "İlan elmi"nə xidmət edən saxtakarlar hesab edir və ənənəvi tarix anlayışlarına qarşı özünün tarix konsepsiyasını irəli sürür.
Tarixə tamamilə fərqli baxış çağdaş dövrümüzün bəzi başqa müəlliflərinin əsərlərində də öz əksini tapıb. Məsələn, rus alimi Fosenko alışdığımız ənənəvi tarixi ardıcıllığı tamamilə alt-üst edən fərziyələr irəli sürür, Monqol xanı Batıyla rus knyazı Yaroslav Mudrını eyni adam sayır, adətən iki min il əvvəl baş verdiyini zənn etdiyimiz hadisələri azı neçə əsr sonraya aid edir."
"Əlbəttə, şəxsən Muğannanın bəzi fərziyyələri mənə inandırıcı görünmür. KPSS-in Vatikanla əlbir olub dünya tarixini tamamilə dəyişdirməsi, Sovet rejiminin, KQB-nin, Xomeyninin, qrek-latınların, daha bilməm kimlərin "Vərəsə" adlı sirrlər dolu bir əlyazmasını məhv etməyə çalışması, bütün dillərin mifik OdƏr dilindən yaranması, bütün dinlərin də bu qaynaqdan qaynaqlanması, məlum müqəddəs ilahi kitabların saxtalığı - bu kimi fərziyyələri qəbul etmək mümkün deyil. Amma məsələ ondadır ki, İsa özü bütün bunlara səmimi qəlbdən inanır.
Burda çox incə bir mətləb var. Dünya ədəbiyyatında yazıçıların ən qəribə fantaziyalara əl ataraq əsər yaratdıqları məlum faktdır. Dantenin Cəhənnəmdə, Ərafda, Cənnətdə gəzintisi, Sfivtin qəhrəmanı Qulliverin liliputlar ölkəsinə səfəri, Qoqolda Burunun adam kimi küçələri dolaşması, Kafkanın hörümçəyə çevrilmiş insanı, Uelsin "Dünyaların savaşı", yaxud "Görünməyən adam"ı… Onlarca, yüzlərcə misallar çəkmək olar. Amma məsələ ondadır ki, bu əsərlərin müəllifləri yazdıqlarının fantaziya, təxəyyül məhsulu olduğunu bilirlər. İsa Muğanna isə fərziyələrini tamamilə reallıq sayır, yazıçı təxəyyülünün bəhrəsi kimi yox, həqiqətən mövcud olan gerçəkliyin inikası hesab edir. İngilis kralı məşhur şirürəkli Riçardın bizim Qızıl Arslana əsir düşməsinə, A.S.Puşkinin babasının Abşeronlu İbrahim olmasına, Firdovsinin fars dilində "Şahnamə"ni yox, türk dilində əsər yazdığına, Mayakovskinin Nizami "Xəmsə"sindən dərs almasına, ABŞ Prezidenti Ruzveltin əslən türk (OdƏr) olduğuna və iki Azərbaycanı - "qədim ana yurdunu" birləşdirmək istəməsinə Muğanna səmimi surətdə inanır. Inanmasa, yazmazdı. Isa inanmadığını yazan yazıçı deyil. Mən bütün bunları qəbul etməsəm də, İsanın səmimi inamına inanır və hörmət edirəm…"
"İdeal"da "Kitabi-Dədə Qorqud" haqqında verilən hökmlər də ədalətsizdir. Belə bir fikir irəli sürülür ki, Dədə Qorqud bizim deyil, Vatikan monoxlarının yaratdıqları, izi azdırmaq üçün Almaniyaya, Drezdenə ötürdükləri mətndir. "Vatikan monaxları "Dədə Qorqud"un lap ilk kəlmələrindən qorxuzurlar: Dədəmiz ölkənin hansı səmtinə gedir qəbirqazana rast gəlir".
Şübhəsiz, "Kitabi-Dədə Qorqud"la tanış olan İsa bilməmiş deyil ki, dastanın mətnində (nə Drezdən, nə Vatikan nüsxəsində) Dədənin hər səmtdə qəbirqazanla rastlaşması haqqında bircə kəlmə də deyilmir. Bu epizod yalnız "Dədə Qorqud" filmində var. Mən isə bu epizodu Vatikan monaxlarının deyil, müxtəlif türk xalqlarının, o cümlədən qazaxların Dədə Qorqud haqqında yaratdıqları qədim rəvayətlərdən almışam. O ki qaldı "Kitabi-Dədə Qorqud"un guya bizə yabançı əsər olmasına, əzizim İsa, axı sənin az qala hər səhifədə lənətlə damğaladığın Mirqəzəb - Mir Cəfər Bağırov da belə deyirdi, əsassız və amansız qərarıyla neçə-neçə nəsil xalqımızın ən möhtəşəm söz abidəsindən məhrum etmişdi.
Bəlkə də çox sevdiyim yazıçı haqqında yubiley yazısında iradlar yersiz görünəcək. Amma İsanı nə qədər çox sevsəm də Dədə Qorqudu ondan da çox sevirəm və İsanın nifrət etdiyi riyakarlığa, saxtakarlığa mən də eyni cür nifrət etdiyim üçün, qəbul etmədiklərimi gizlətməyi nə özümə, nə İsaya rəva bilirəm, fikrimi açıq deməkdən çəkinmirəm."
Əsərdən başqa bir sitat: "Allah" - ƏlAğ adlanan Bağlar planetdən planetə bax beləcə danışırlar, əzizim".
Daha bir sitat:
"Nəsimi OdAğÜz planetindəki həqiqət evinə uçub, oturub evində, uca həqiqət haqqında şeir yazır".
Məsələ ondadır ki, İsa özü bunlara sidq-ürəklə inanır və tam gerçək kimi qavrayır: İsa Muğannanın EySarla ilk görüşünün dəqiq tarixini göstərir.
Əlbəttə, "İdeal"da yazıldığı kimi, Merkuri ya Yupiter planetlərində hər hansı həyatın olmasını çağdaş astronomiya qəti inkar edir. Günəşə ən yaxın yerləşən və odur ki, cəhənnəm odunda yanan Merkuri planetində, ya günəşdən çox uzaq, soyuqdan soyuq Yupiterdə hər hansı canlının yaşaması üçün şərait olmadığı dəqiq məlumdur. Amma kim deyə bilər ki, kainatın saysız-hesabsız ulduzlarında, səyyarələrində, məsələn, elə tutalım İsanın ad verdiyi planetdə şüurlu həyat yoxdur? Bunu təsdiq etmək mümkün olmadığı kimi, qəti inkar etmək də mümkün deyil.
İsa uzaq planetlərdəki həyata nəinki inanır, hətta oranın sakinləri ilə əlaqədə olduğuna da şübhə etmir… Yusif Səmədoğlunun məzəli bir söhbətini xatırlayıram. Rəhmətlik Yusif danışırdı ki, bir yay günü İsa mənzilində tək olanda ona qonaq getmişdim. Gördüm ki, masasının üstünə bir neçə çay stəkanı və pirojnalar düzülüb. - Kimisə gözləyirsən? - deyə xəbər aldım. İsa barmağını göylərə tuşlayaraq: onlar gələsidir, - dedi. Yusif İsanı çox istəyirdi. Və ona ərk etdiyinə görə söhbəti zarafata salıb: Ay İsa, sən o yazıqların hamısını diabetik edəcəksən, - deyib.
Məsələyə başqa bir bucaqdan Elçinin söhbətindən sonra yanaşmaq olar. Elçin bir dəfə İsanın göyləri göstərərək: - onlarla görüşüm var, - sözlərini atasına, rəhmətlik İlyas Əfəndiyevə danışıb. "Atam xeyli fikrə getdi, sonra: "Bəlkə düz deyir", - dedi. Bir böyük yazıçının başqa böyük yazıçının bu qəribəliyinə belə münasibət bəsləməsində müdrik bir gerçəklik var."
"İdeal" romanının sonunda İsanın kədərli etirafı məni riqqətləndirdi: "Hüsü Hacıyev küçəsiylə Həzi Aslanov küçəsinin kəsişdiyi yerdəki binanın mənzillərinin birində heç kəsin anlamadığı bir bədbəxt OdƏr oturmuşdu". Bu Adam, əlbəttə, İsanın özüdür, amma nə özünü bədbəxt saymağa haqqı var, nə də heç kəsin onu anlamadığından şikayət eləməyə…"
Eyni bölmədən
Oxşar yazılar

Küçələri zibil basdı, şəhər işıqsız qaldı: Bakının böyük tətili

Bakılı müsəlmanların tikdirdiyi kilsə
Kilsə tikintisinə pul verən müsəlmanlar

Tağıyevin fabrikini niyə yandırdılar?
Fabrik ildə otuz milyon arşın bez buraxacaqdı.

