Kofenin yanına...

Ədəbiyyatın futbolçuları

Homer, Nabokov, Dante...

Nargin - Sənət adası•04 noyabr 2026•3 dəqiqəlik oxu• 4 oxunma
Ədəbiyyatın futbolçuları

Nargin.az "Futbol və başqa cinlər" rubrikasından ilk yazını təqdim edir. Yazıda məşhur müəlliflərin futbol haqqından fikirləri yer alıb.

Kitablarını, şeirlərini zövqlə oxuduğumuz, pyeslərini nəfəsimizi tutaraq izlədiyimiz dünya nəhənglərinin futbola olan sevgisi insana xüsusi zövq verir. Budur, onların futbolla rəqsi...

Vladimir Nabokov: «Ən böyük ehtirasım qapıçılıq idi... Qapıçı tənha qartal, sirli insan, son xilaskardır. Qapı qarşısında barmaqlarının ucunda dayanaraq hücumu ildırım sürəti ilə dəf etmək üçün möhtəşəm bir tullanış etdikdə, həmin anı lentə almaq istəyən fotoqraflar hörmət əlaməti olaraq diz çökürlər...» – deyirdi böyük yazıçı.

Homer... Futbolun beşiyi İngiltərədir. Bəs ioniyalı şairin «Odisseya» əsərindəki bu sözlərinə nə deməli? «Usta Polibin hazırladığı gözəl, parlaq topu hər iki əlləri ilə tutdular. Onlardan biri arxaya əyilərək topu qaranlıq buludlara doğru atır, digəri isə havaya sıçrayaraq onu uçarkən yaxalayırdı...»

Albert Kamü... Vərəmə tutulmasaydı, kim bilir, bəlkə də tarixə böyük qapıçı kimi düşəcəkdi. Tələbəlik illərində Əlcəzair Universitetinin futbol komandasının qapısını qoruyurdu. Bəs niyə məhz qapıçı? Yoxsulluqdan... Çünki qapıçının ayaqqabıları daha az köhnəlir. Kamü deyirdi: «Əxlaq və insanın öhdəlikləri haqqında etibar edə biləcəyim nə varsa, futbola borcluyam. Çünki topun hansı küncdən gələcəyini heç vaxt bilmirdim».

Qabriel Qarsia Markes... Ədəbiyyatı stadionlara daşıyan çılğın bir insan. Kolumbiyanın «Deportivo Junior» klubunun fanatik azarkeşi idi. Nobel mükafatlı yazıçı gəncliyində bir neçə dostu ilə birlikdə «Cronica» adlı mədəniyyət jurnalı nəşr etdirirdi. Jurnalın ilk sayında ölkənin ən məşhur futbolçuları ilə müsahibələr dərc olunmuşdu. Jurnalın daha çox satılması üçün stadionlar onların əsas ünvanına çevrilmişdi. Qabo deyirdi: «Jurnaldakı yazılarımda tez-tez ədəbiyyatla futbolu bir araya gətirirdim».

Uilyam Şekspir... Gözəl oyunun beşiyi Britaniya olduğuna görə, yazıçılarının futboldan bəhrələnməsi də qaçılmazdır. Hətta söhbət Şekspirdən getsə belə. «Kral Lir» əsərində Kent qrafı qarşısındakına belə təhqir yağdırır: «Sən! Alçaq futbolçu!» Şekspir «Səhvlər komediyası» əsərində də futbola müraciət edir: «Sizin üçün belə o tərəf-bu tərəfə fırlanıram... Məni futbol topu hesab edirsiniz? Məni gah o tərəfə, gah bu tərəfə təpikləyirsiniz. Əgər bu vəzifəm davam edəcəksə, gərək məni dəri ilə örtəsiniz».

Dante... Bir şəhər və bir futbolçu deyəndə Napoli və Maradona dərhal yada düşmürmü? Məhz həmin Maradona İtaliya üçün xüsusi əhəmiyyət daşıyan Danteni də futbol dünyasına cəlb etmişdi. Maradona Napolidə o qədər sevilirdi ki, Dantenin heykəllərinin ayaqları altına futbol topu qoyulur, özünə isə Napoli forması geyindirilirdi. «İlahi komediya» əsərində axirət dünyasına səyahəti möhtəşəm şəkildə təsvir edən şair onu mavi formada görsəydi, görəsən, nə deyərdi?

Və əlbəttə ki, Eduardo Qaleano... Uruqvaylı yazıçı özünü «yaxşı futbolun dilənçisi» adlandırırdı. «Günəşdə və kölgədə futbol» kitabında yaşıl meydanların qəhrəmanlarına, torları silkələyən qollara ticarət və siyasət prizmasından deyil, mədəniyyət baxımından yanaşır. Qaleano – futbolun şairi...

Eyni bölmədən

Oxşar yazılar