Bakının tanınmış erməni fotoqrafı necə şantaj edildi?
Bir şəkillə onu necə susdururdular?

Şəhərdə çoxlu fotoqraf vardı. Kuliyev, Kakavixin və David Rostamyan dillər əzbəri idi. Bu üç fotoqrafın müştəriləri neftxudalar, mülkədarlar, zəngin təsirlər, yüksək rütbəli məmurlar, gəmi sahibləri, bir sözlə seçilmiş adamlar idi.
Kuliyevin foto emalatxanası Nikolayevski (Kommunist) küçəsində, Kakavixininki isə Krivoy küçədə (indi o məhəllə yoxdur), David Rostamyanın emalatxanası Marinsk (Karqanov) küçəsilə Torqovi (Nizami) küçənin tinində, ikimərtəbəli binada idi. Bu emalatxanalarda əlaltılar işləyər, sifariş qəbul edərdilər. İri portretlər, ailə şəkilləri, venetkalar hazırlayardılar. Qiymətləri də baha idi.
David üst mərtəbədəki altıotaqlı mənzildə yaşayırdı və çox hörmət etdiyi dövlətliləri, yüksək mənsəb sahiblərini özü qəbul edər, sifariş götürər və hazırlayardı. Gödəkboy, çənəsində balaca saqqalı, burma bığı vardı, başı yekə, qarnı şişman. Evlənməmişdi. Hər barədə usta, püxtə adam idi. İran təbəəsi olduğundan, konsulla bərk dostluğu vardı; üst mərtəbədə əli altında yeddi-səkkiz qız işləyirdi, hamısı da bir-birindən gözəl, göyçək, məlahətli...
Bir dəfə qızlar Davidin başına oyun açmışdılar. Həmişə şərabı gümüşə tutulmuş bəzəkli buynuzda içərdi. Qızlar onun buynuzuna oxşar buynuz qayıtdırıb, ucuna yivli düymə saldırırlar. Məclislərin birində qocanı içirdib kefləndirir, girəvəyə salıb buynuzun ucundakı yivli düyməni boşaldırlar, şərab axıb Davidin şalvarını isladır. Haramzada qızlar əl-ayağa düşüb, cəld kişini soyundurub paltarını dəyişdirmək bəhanəsilə onun yarımçılpaq, şalvarsız şəklini çəkirlər.
Elə ki, o özündən çıxıb qızlara acıqlanardı, darabara salıb işdən çıxarmaqla təhdid edərdi, qızlar da, bir dəstə qızın arasındakı yarımüryan fotonu İran konsuluna və şəhərin mənsəb sahiblərinə, nüfuzlu dövlətlilərə göndərməklə onu hədələyərdilər, David o saat susmağa vadar olardı. O zaman belə bir şəklin faş olması David üçün ölümə bərabər idi, ya gərək Bakıdan köçüb gedəydi, ya da ki, intihar edəydi, başqa çarə yox idi.
Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından
Eyni bölmədən
Oxşar yazılar

Çarın qarşısına çıxan bakılı qoca nə istəyirdi?
Bakılı dülgər Mütəllib kişi nəql edir.

Qorxunc İvan oğlunu öldürür

Balaxanının bəzi varlıları o qədər harınlamışdılar ki..
Divarı sökdürüb özünə yol açdıran balaxanılı..

