Kofenin yanına...

Çarın qarşısına çıxan bakılı qoca nə istəyirdi?

İmperator əmr etdi ki, məşəlli qocanı yanına gətirsinlər.

Nargin - Sənət adası•08 oktyabr 2026•2 dəqiqəlik oxu• 0 oxunma
Çarın qarşısına çıxan bakılı qoca nə istəyirdi?

III Aleksandrın şəhərdən keçmə mərasimini şəxsən görmüş bakılı dülgər Mütəllib kişi maraqla nəql edirdi: Padşahın gəlməyinə üç gün qalmış carçılar küçələrə düşüb car çəkə- çəkə şəhər əhlinə xəbər verdilər ki, əlahəzrət şəhərimizə varid olacaq.

Vaxt çatanda, camaat səhər tezdən çarın keçəcəyi Balaxanı (Basin) küçəsinə, Quba (Füzuli) meydanına və Bazar (Hüsü Hacıyev) küçəsinə gəlir. O vaxt həmin küçələr birmərtəbəli binalarla əhatə olunmuşdu. Vağzaldan, ta keçmiş müsəlman qəbiristanına qədər yolboyu küçələrə, meydana xalı-xalçalar döşəmişdilər. O tay, bu taydakı alçaq binaların damlarında qara çıraqlar qoymuşdular, hamısı da yanırdı. Hər iki tərəfdə səkilərin qırağında soldatlar durmuşdular; tüfəngləri hazır saxlamışdılar. Camaat isə soldatların arxasında, qabaqda ruslar, dal tərəfdə başqa millətlər dayanıb həyəcanla, maraqla çarın gəlməyini gözləyirdilər. Bir də gördük ki, uzaqdan padşahın qızıl-gümüş bəzəkli karetası gəlir. Quba meydanına səmt götürmüşdü; karetanı daldan atlı kazaklar, yanlardan jandarmlar müşayiət edirdilər. Camaat da arxada yeriyirdi Birdən bir nəfər qoca müsəlman kişi, əlində də məşəl, mühafizə dəstələrinə baxmayaraq, karetanın qabağına atılıb başladı meydana tərəf qaçmağa, İmperatoru müşayiət edən kazaklar atlarını məhmizləyib, bir anda məşəlli qoca müsəlmanı araya alıb tutdular.

Bu mənzərəni karetadan görən imperator, atları saxlatdırdı, əmr etdi ki, məşəlli qocanı yanına gətirsinlər.

Qoca diz çöküb təzim edir, əlindəki ərzi-halı çar uzadır. O da kağızı dilmanca verib nə yazıldığını xəbər alır. Mətləbdən hali olanda, çarın dodaqları qaçır, gülümsəyir, yavərinə nə isə tapşırır. Qocanı buraxırlar. Sonra məlum olur ki, qocanın oğlu sözünə baxmır, onu incidir, xərclik vermir. Oğlan şəhər dumasında qulluq sahibi idi. Rəvayətə görə çar əmr edir ki, kişiyə oğlunun rütbəsindən bir pillə yüksək çin - ad verilsin ki, oğlan onun sözünə qulaq assın, üzünə qayıda bilməsin, sözündən çıxanda atası qanunla onu cəzalandıra bilsin.

Kareta köhnə qəbiristan tərəfə yönəldi.

Qəbiristanı təmizləyib, kilsə binası üçün özül qazmışdılar. Ətrafdakı alçaq binaların üstü tamaşaçılarla dolu idi.

Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından

Eyni bölmədən

Oxşar yazılar