Qəzetçilikdə ilk “saxta xəbər” macəraları

Əziz Nesin
Bir qəzet filan tarixdə necə bağlandı (hekayə)
Bizim ölkədə… (Xeyr, belə başlanğıc olmaz…) Ölkəmizdə… (Bu da olmadı. Belə başlanan yazıların axırı yaxşı olmaz və belə başlanan yazılar müəllifinə uğursuzluq gətirər…) Bizdə… (Bu "biz…" kəlməsinin yaxasından əl çək, başına söz qəhət olub, nədir? Nə yazmaq fikrindəsənsə, birbaşa mətləb üstünə keç…) Türkiyədə… (Ay qardaş, ehtiyatlı ol, ehtiyatlı!…)
Bir qəzetçinin xatirəsini təsvir edəcəkdim. Amma mətləb üstünə heç cür gələ bilmirdim.
Bir zamanlar… (Bax beləcə!… Ömrün vəfa etsə, yazıçılığı öyrənə biləcəksən…) Bəli, bir zaman işlədiyim qəzet bağlanmışdı (Afərin… "bağlanmışdı" desən, onun kim tərəfindən bağlandığı bilinməz və bu hadisə "səbəbkarı bilinməyən" hadisələr siyahısına salınar və unudulub gedər).
Qəzet bir yanlışlıq üzündən bağlanmışdı. Bu isə bizin tariximizdə mühüm yer tutacaq qədər əhəmiyyətlidir. Ona görə bu qəziyyəni sizə danışmaq istəyirəm. Cümhuriyyət qurulduqdan sonra qəzetlərimizdə getmiş və mətbuat tarixinə düşmüş iki mühüm səhvi yəqin siz də eşitmisiniz.
Bunun biri budur: Qəzetlərin birində birinci səhifədə iki sütunluq iki şəkil dərc edilir. Bunun birində sərgidə mükafatlanan inəklərin, o birində isə "Avropa səyahətinə çıxan böyük adamlarımızdan bir qrupunun şəkli varmış. Bunların altındakı yazılar isə tərs gedir. Təyyarə qabağında durub şəkil çəkdirən heyətin altında belə bir yazı olur: "Sərgidə cins, çox süd verən inəklərin sahibləri mükafatlandırılmışdır. Yuxarıdakı şəkildə siz, mükafat alan yerli və cins inəklərdən bir neçəsini görürsünüz…"
İnəklərin şəkli altında isə: "Tədqiqat üçün Avropa səyahətinə çıxan heyətimiz…" sözləri gedir. Qəzetlərimizdə buna oxşar səhvlər tez-tez olsa da, inəklərlə dövlət adamlarının bir-birilə dolaşıq salınması hadisəsi bir dəfə baş vermişdir.
Mənim sizə danışacağım əhvalatda isə heç bir inək söhbəti olmayacaq. Qəzetçilik işində buraxdığım ilk xəta qədər də əhəmiyyətli deyildi. İşə yeni başlamış hər həvəskar gənc kimi mən də: "Hər nə iş olsa bacararam" deyə ortaya atılırdım.
Bir axşam qəzetin bu gün deputat olan redaktoru məni çağırdı: - Mən bu axşam bir konsertə dəvət edilmişəm, - dedi. - Amma gedə bilməyəcəyəm. Konsert haqda bir tənqid yazmaq lazımdır. "Hər şeyi bacararam" deyib durursan. Konsert haqqında bir məqalə yaza bilərsən? Bir dəfə kənddə bir ağa muzdurunu çağırıb: "Bizim uşağa baxa bilərsənmi?" deyə soruşanda, muzdur: "Buna nə söz ola bilər, - deyir, - anasını da ağladaram". Mən də özümü həmin muzdur kimi apardım.
"Do" səsi ilə "Si"ni və musiqi alətlərini bir- birindən ayırd edə bilməsəm də: "Konsert haqda məqalə yazmağa nə var ki…" deyə düşündüm. Mən məqaləni konsertə getdikdən sonra yazacağımı düşünürdüm. Sən demə, məqalə oraya gedilmədən yazılmalı imiş. Çünki mən redaksiyada gecələr işləyirdim və konsert vaxtı iş başında olmalı idim (o zamankı qəzetlərdə yazı yazmağı bacaran on beşdən artıq adam olmazdı. İndiki qəzetlərdə isə təkcə idman şöbəsində bu qədər adam çalışır).
Redaktor proqramı mənə uzatdı və: - Buna bax və bir şey yazıb ver, - dedi. İşin təhərindən başa düşdüm ki, konserti hər halda tərifləmək lazımdır. Mən proqramı bir neçə dəfə oxudum. Heç bilmədiyim Çin dilindəki bir yazını bu qədər oxusaydım, bir şey əzbərləyə bilərdim. Amma bu proqramdakı yazılardan isə heç bir şey başa düşə bilmirdim. Konserto, alleqro, opus, de minor, solo, Çaykovski va daha nə bilim nələr.
"Ya Allah, bismillah…" deyib yazmağa başladım: "Konsert fövqəladə dərəcədə parlaq keçmiş. Elə parlaq, elə parlaq və o qədər parlaq ki, onu dillə tərif etmək mümkün deyil… Allah-Allah, belə ilahi bir musiqi olar? Piano çalan qadın necə xariqələr yaradırdı. Bax, pianonu belə çalarlar. Musiqi ruhun qidasıdır, - deyərdilər, mən buna inanmazdım. Amma dünən gecəki konsertdə ruhum qidalananda bu sözün doğruluğuna inandım. Dinləyicilər məst olmuşdular. O nə opus iki idi, Allah-Allah, mən hələ bu günə qədər belə bir əsər, belə bir opus iki eşitməmişdim. Bu günə qədər eşitdiyim ən gözəl opus iki… (Musiqi sahəsində tamamilə məlumansız və savadsız olduğumu hiss etdirməmək üçün belə qırıldatmalı idim). Bəli, bu opus iki o qədər gözəl idi ki, o mənə hətta iki yarım opus təsirini bağışladı. Yaxud bu do minorlara nə demək olardı? Aman Allah, bu nə qədər füsunkar bir do minor-du. Bravo… Ancaq bircə piano mənə bir az akkordsuz kimi görünmüşdü".
O zamankı qəzetlərdə, xarici hadisələrə indiki qədər yer verilməzdi. Çünki Amerika ilə indiki qədər cici-bacı olmadığımız üçün bu qədər çox xəbər qaynağımız da yox idi… Daxili məsələlərdə də saxsıçı qatırlarını hürkütməsin deyə, qəzetlər konsert və məruzələr xəbərlərə daha çox yer verərdi. Mənim konsert haqqındakı məqaləmə də qəzetimizdə geniş yer verilmişdi. Bu məqalə mənim qəzetçilik həyatımda ilk müvəffəqiyyətim idi. Həmin konsert haqqında məqalə buraxmaqla eyni zamanda başqa qəzetlərin hamısını geridə buraxmışdı. Başqa qəzetlərin birinci səhifəsində həmin konsertin təxirə salınması haqda qısaca bir xəbər dərc edilmişdi. Mən isə dünyada baş tutmamış bir konsert haqqında rəy yazan ilk qəzetçi olmuşdum.
Həmin qəzetdəki ikinci parlaq bir qələbə sayəsində işsiz qaldım. Bu əhvalat isə belə baş verdi: Əcnəbi bir ölkənin heyəti təyyarə ilə İstanbula gələcəkdi. Qəzetimizin katibi mənə adamları təyyarə meydanında qarşılayıb, onlardan müsahibə almaq tapşırığını vermişdi. Üstəlik də: - Bax, keçən səfərki kimi olmasın, - demişdi. - adamların söyləmədikləri sözləri yazdın, biabır olduq.
Keçən səfərki biabırçılığın günahı məndə deyildi. Çünki o səfər ölkəmizdən yola düşən beş nəfərlik əcnəbinin heç biri dil bilmirdi. Ona görə mən də onların dilindən bəzi sözləri (O zamankı qəzetlərdə "viy" deyən fransızca, "yes" ingiliscə bilən hesab edilərdi!). Mən o beş nəfərlik qonaqlarıan guya: "Ölkəmiz xoşunuza gəldimi?" deyə soruşmuşdum. Onlar da mənə guya: "Ölkəniz çox inkişaf etmişdir", cavabını vermişdilər. "Bu qədər qısa bir vaxt içərisində bu qədər böyük müvəffəriyyətinizi görəndə heyran olduq. Möcüzə yaratmısınız (əlbəttə ki, yaratmışıq). Siz artıq Avropa millətləri ailəsinə daxil oldunuz. Div addımlarıyla irəliləyirsiniz. Keçən səfərki gəlişimizdən keçən müddətdə çox böyük fərq gördük…"
Bu yazıda mən bircə səhv buraxmışdım. Sən demə, onlar ölkəmizə birinci dəfə gəliblərmiş.
Sonra mən həmin heyətdən guya: "Ölkəmizdə nələri bəyəndiniz?" soruşmuşammış. Onlar da mənə guya: "Doğramacınızı, basdırma yumurtanızı, sucuğunuzu, bir də ən çox turşu-xiyarınızı voşladıq… Qadınlarınız da çox modern olmuşlar", demişlərmiş.
Mən bu sözləri heç də özümdən toqquşdurmamışdım. Qəzetlərin köhnə nömrələrini vərəqləmiş, xarici qonaqlara necə suallar verildiyini, onlardan necə cavablar alındığını oradan tapıb, olduğu kimi köçürüb yazmışdım.
Katib isə indi mənə: - Tez get, - dedi. - Təyyarə indi gəlib çıxacaq. - Bəs yol pulu? - Sabah idarədən alarsan. Mən oradan birbaşa Babialidəki "Balkan" kababxanasına gedib qarnımı yaxşıca doydurdum. Yediyim xörəyin kalorisi ilə zehnim yaxşıca aydınlaşan kimi, "Məsərrət" qiraətxanasına getdim və orada oturduğum yerdə təyyarə ilə gələcək heyətdən yaxşı bir reportaj laldım. Bu o qədər gözəl çıxdı ki, qəzetdəkilər onu dərhal bəyəndilər.
Ertəsi günü başqa qəzetlərdə, mindikləri təyyarənin qəzaya uğraması nəticəsində həmin heyətin İstanbula gəlməməsi haqda xəbər verildisə də, bu mənim yazımın dəyərini heç də azaltmamışdı.
Görmədiyim adamlardan bəyanat ala bilmək bacarığıma paxıllıq etdikləri üçün məni işdən qovdular. Axşam qəzetlərindən birinin sahibi bu əhvalatı eşidəndə, "Görmədiyi adamlardan bəyanat alan belə bacarıqlı qəzetçinin işsiz qalması yaxşı deyil, - deyir. - Gəlsin bizim qəzetdə işləsin…"
(Mən, bu gün də təyyarələri qəzaya uğrayıb şəhərimizə gələ bilməyən qonaqlardan bəyanat alan gənc qəzetçilərin müvəffəqiyyətlərini gördükdə, bu cığırı açan ilk adam kimi fəxr edirəm.)
Beləliklə, mən axşam qəzetində işləməyə başladım. Bu qəzetin redaksiyasında dörd əməkdaş və altı qayçı vardı. Qayçılardan ikisi çox işləyib kütləşdiyi üçün, redaksiya daha iki yeni qayçı almışdı. Beləliklə, dörd əməkdaş altı qayçı ilə işləməli olmuşdu. Şəhərdə bizim qəzetin rəqibi olan bir axşam qəzeti də vardı. Bir gün qəzetin sahibi bizi toplayıb: - Qəzetimizin vəziyyəti yaxşı deyil, - dedi (Qəzet az satılanda o, "qəzetimiz", çox satılanda isə "qəzetim" deyərdi). - Bir çarə düşünməliyik.
Belə bir çarəni tapmaq bacarığı mənə bir Allah vergisi kimi verilmişdi. Mən: - O biri qəzet saat on üçdə çıxır, - dedim. - Bizimki on altıda çıxarsa, ondan daha çox satarıq. Mənim bu təklifimin nə demək olduğunu başa yoldaşlarım "tez çıxan qəzet xəbərləri daha tez üçün, o daha çox satılar" deyə etiraz etdilərsə də, qəzet sahibi "Sənin dediyini təcrübədən keçirək", - dedi.
Saat on üçdə çıxan qəzetdəki bütün xəbərləri qayçılayıb. bir az da ora-burasını dəyişdirib öz qəzetimizdə verirdik. Beləliklə, onların, yəni on beş əməkdaşın gördüyü işi, dörd yeni və iki qayçının köməyi ilə biz dörd nəfər daha yaxşı bacarırdıq. Bu müvəffəqiyyətin bütün xərci isə qayçıların itilənməsinə sərfedilən məbləğdən başqa bir şey deyildi.
Bir gün həmin rəqib qəzetdə belə bir xəbər edilmişdi: Artin Yaşabasmazyan adlı bir vətəndaşımız evin üstündə asılmış bayrağın dirəyin ucuna ilişdiyini görüb onu oradan xilas etmək və dalğalanmasına imkan yaratmaq üçün oraya dırmaşırkən şalvarının arxası dirəyin ucundakı şiş dəmirə ilişmiş və dirək zavallı Artin Yaşabasmazyanın ağırlığına davam gətirməyib sınmış, bədbəxt vətəndaşımız da evin beşinci mərtəbəsindən səkinin daşları üstünə düşərək ölmüşdür. Zərərçəkmiş Artin Yaşabasmazyanın cəsədi isə onunla birlikdə yerə düşən bayrağımızla örtülmüşdür".
Bu xəbərdə qəzanın baş verdiyi evin ünvanı da göstərilirdi. Mən xəbəri dərhal qayçı ilə kəsdim, ora-burasını da bəzəyib, "Zavallı Artin bayrağın dalğalanması uğrunda şəhid oldu" kimi böyük bir başlıqla qəzetimizdə verdim.
"Müsəlman olmayan adamların ölümünə şəhid olmaz" Belə bir mübahisə başlayırkən, dedi-qoduların qabağını almaq üçün qəzetimizdə Artinin sünnət edilmiş olması haqda bir xəbər də dərc etdik. Bütün bu xidmətlərimin müqabilində bilirsiniz nə oldu? Məni qəzetdən qovdular. Çünki ertəsi günü çıxan rəqib qəzetdə yazılmışdı: "Qəzetimizlə rəqabət iddiasında olan… adlı, üzdəniraq qəzet verdiyimiz bütün xəbərləri qayçı ilə kəsib öz səhifələrinə köçürməklə məşğul idi. Dünənki nömrəmizdə bu oğrulara gözəl bir dərs vermiş olduq. Artin Yaşabasmazyan adlı bir şəxsin yıxılıb ölməsini yazdıq. Bizimlə rəqabət aparmaq iddiasında olan o həyasız əsgi parçası bu uydurma xəbərimizi oğurlayıb eynən dərc etdi. 3albuki, nə belə bir adda adam vardı, nə də belə bir hadisə baş vermişdi… və sairə…"
Bu hadisə qəzetçilik işindəki şöhrətimi daha da artırdığı üçün az sonra böyük qəzetlərdən birində işə qəbul edildim. Mən orana da özümü göstərmək üçün fürsət axtarırdım.
Aradan illər keçdiyi üçün bu qəzetdə baş vermiş bir hadisəni, böyük günah işləmiş kimi sizə danışmaq istəyirəm. Çünki bu qəzetin, mənim bir yazıma görə bağlandığını bu günə qədər heç kəs bilmir.
Bu hadisə belə oldu. Gözlədiyim fürsət bir gün gəlib çıxdı. Qəzetin sahibi məni çağırıb: - Daxili işlər naziri qatarla İstanbula gəlir, - dedi. - Başqa qəzetlərin bundan xəbəri yoxdur. Dərhal Heydərpaşaya get və nazirdən xüsusi bir bəyanat al!
O biri qəzetlərin reportyorlarından qabağa düşə bilmək həyəcanı ilə Heydərpaşa vağzalına gəldiyim zaman başqa qəzetçiləri orada naziri gözləyən gördüm. Qatar saat yarım sonra gələcəkdi. Tez bir taksiyə atılıb, Pendikə getdim. Mən naziri orada qarşılayacaq və Heydərpaşaya qədər onunla söhbət edəcəkdim. Qatar və maraqlı bir hadisə baş verdi. Nazir Pendikdə qatardan düşdü və onu qarşılayanlarla birlikdə maşına mindi. Mən onun yanına soxulub qəzet sahibinin ərz-ehtiramını ona yetirdim. Mənim bu hərəkətimi görən nazir: - İstəyirsiniz, siz də gəlin! - dedi. Keçib sürücünün yanında oturdum və nazirdən məxsusi qəzetimiz üçün bir bəyanat verməsini xahiş etdim. Qoy o biri qəzətçilər onu Heydərpaşada gözləməklə vaxt itirsinlər. Mən hamısını qabaqlayacaqdım. Nazir çox qədim zamanlardan bəri bütün daxili işlər nazirlərinin dediklərini eynən təkrar etdi: "Ölkə əhalisinin sayına görə polislərin sayı azdır. Vətəndaşlar polisə kömək etməlidirlər. Nazir bunu vətəndaşlardan şəxsən xahiş edir. Polis kadrosu genişləndiriləcək… Xüsusi polis dəstələri yaradılacaq… Polis idarələrində vətəndaşlar daha döyülmür və bundan sonra da döyürməyəcək… Ölkənin heç yerində asayiş pozulmur. Polislər üçün daha yaxşı maddi imkanlar yaradılacaq… Polislərə təzə modern geyim veriləcək". Nazir və saqqal basmış polislər gördüyünü söyləyərək, onların belə gəzməsinin qadağan edildiyini də bildirdi…
Sözün qısası, indiyə qədər bütün daxili işlər nazirlərindən eşidə-eşidə əzbər bildiyimiz sözləri indi də ondan eşitməli oldum.
Ertəsi günü onun bəyanatı təkcə bizim qəzetdə çıxmışdı. Beləliklə, bütün rəqiblərimiz əliboş qalmışdı. Amma bununla birlikdə elə o günü bizim qəzet bağladıldı. Onun nədən, nə üçün başladıldığını bu günə qədər hələ heç kəs bilmir. Bu gün onu gələcəkdə mətbuat tarixi üçün xeyri olar, deyə açıb deyirəm.
Daxili işlər nazirinin bəyanatı dərc edilən günü qəzetimizdə bir cinayət xəbəri də buraxılmışdı. Bundan başqa, qəzetimiz yaxşı satılsın deyə, o günü bir pornoqrafik xarici romandan təfriqə də vermişdi. Qəzetdə bu üç yazı, yəni nazirin bəyanatı, cinayət haqqında xəbər, bir də o pornoqrafik roman bir yazı içində bir-birinə qarışmışdı. Sanki birisi bunları bilə-bilə belə etmişdi… Mən o gündən bəri saxladığım həmin qəzetdəki o yazını aşağıda eynən verirəm:
"Möhtərəm daxili işlər nazirinin qəzetimiz üçün xüsusi bəyanatı! Zırıl Şakir adı ilə məşhur olan tanınmış cinayətkarlardan möhtərəm cənab daxili işlər naziri tədqiqat aparmaq üçün dünən ekspreslə şəhərimizə təşrif gətirmişdir. Dünən baş verən bu faciəvi cinayətdən sonra Pendikdə qatardan yerə düşən daxili işlər nazırimiz qəzetimiz üçün lütfən məxsusi bir bəyanat verərək əzcümlə demişdir: "Aşnam yoğun Məlahətin başqaları ilə də əlaqədə olduğunu mənə söylədilər. Çoxdan bəri idi ki, onu izləyirdim. Ölkəmizin hər yerində tam bir asayiş hökm sürməkdədir. Qorxunc cinayəti, keçirdiyi bir böhran nəticəsində işlədiyi məlum olan daxili işlər nazirimiz, polis kadrosu qüvvələrinin xüsusilə kafi olmadığını, öldürdüyü qadınla altı aydan bəri əlaqədə olub hadisə gecəsi qəfildən evə gəlirkən qapının ardından Janetin iniltisini duymuş. Açar deşiyindən baxırkən çır-çılpaq olan Janetin "Frank, əziz Frank, sən mənim rastlaşdığım ilk kişisən", - deyə şəhvətlə inildədiyini görüb. Birdən-birə ağlını itirərək, müxbirimizin bu sualı qarşısında "Vətəndaşlarımdan polisə kömək etmələrini xahiş edirəm" demişdir. Qəzetimizdə bu məsələni xüsusilə aydınlaşdırınız ki, hərəkətlərindən şübhələndiyim Məlahəti üç aydan bəri təqib etməkdə idim. Dünən gecə içdikdən sonra evə gəldiyim zaman apardığım təftişdə bəzi polislərin saqqal buraxdıqlarını və uzun bığ saxladıqlarını gördüm. Təhlükəsizlik təşkilatına bundan sonra belə polislərin bığlarını qırxdırmaları haqda sərəncam verilməsindən dəhşətə gələn Moris, nişanlısı Janeti əmisi Frankın qolları arasında görəndə ürpəşdi. Frankın qıllı döşü üstündə qıvrılan Janetə: "Polislərimizin həyat şəraitini düzəltmək üçün düşünürük" demişdir. Müxbirimizin polislərin qiyafələri haqqında bir sualına da: "Qızın alt paltarları yerdə idi. Frank Janeti itələyərək, polislərin həmişə üzlərini qırxdırmağı, bu qiyafətin yaraşmadığını, daha modern bir düşünəcəkdir" demişdir. Çünki cinayətdən sonra qatil qaçmaq istəmişsə də, möhtərəm daxili işlər nazirimiz: "Masanın üstündəki çörək bıçağını qapdım, ondan sonrasını daha yadıma sala bilmirəm" demişdir".
Qəzetimizin bu qarmaqarışıq düşmüş yazıya görə bağladıldığını heç kəs bilmir. Çünki qəzeti, əlaqədar təşkilatlardan başqa heç kəs, hətta onun sahibi də oxumazdı. Onlar elə güman edirdilər ki, qəzetin nəşri, baş məqalədə hökumət çox ciddi tənqid edildiyi üçün qadağan edilmişdir.
Tərcümə: Y. Şirvan
Hekayə Əziz Nesinin 2006-cı ildə “Şərq-Qərb” nəşriyyatında çap olunmuş “Seçilmiş əsərləri” kitabından götürülmüşdür.
Eyni bölmədən




