"Qadınlar allaha bərabər olardı..."

Mütləqə inam fəlsəfəsinin yaradıcısı, “İnsanlaşın, insanlaşdırın!” prinsipinin yaradıcısı və daşıyıcısı, filosof Asif Atanın (Əfəndiyevin) 10 cildliyinin ("On Qutsal Bitik") üçüncü cildində ("Üçüncü Bitik") yer alan "Rəmzlər" əsərindən seçmələr. (rəqəmlər əsərdən olduğu kimi götürülüb, dəyişdirilmədən saxlanılıb) .....................................................................................................
6. NƏSİMİ. Zəmanəsini saymadı. Dərisini soydular.
7. QANDİ. Siyasəti müqəddəsləşdirmək istədi – öldürüldü.
12. AXİLLESİN DABANI. Axilles – Allah ola bilərdi. Bu səbəbdən də Daban xəyanəti törədildi. İstəmədilər ki, insan Allah olsun.
15. “İLİADA”. Həyat haqqında dastan.
16. “ODİSSEYA”. Məişət haqqında dastan.
17. OTELLO İNAMI. Otello inanmırdı ki, onu aldadarlar. Bu səbəbdən də Yaqo onu aldatdı. Otello özünə həddən artıq inandığı üçün aldandı.
18. İSGƏNDƏR ÖLÜMÜ. – Mənə kömək edin, alimlər, filosoflar – qoymayın ölüm! Xəzinədar, xəzinəmi yoxsullara payla – Allahlara dua oxusunlar – ölməyim! Öldürməyi bacarırdı İsgəndər, ölməyi bacarmadı.
20. ARİSTOTEL “HƏQİQƏTİ”. – Platon mənə əzizdir, ancaq Həqiqət ondan da əzizdir. Nankor tələbələrin əzbərlədiyi kəlam.
21. JAVER HƏYATI. Javeri yaşadan Jan Valjanın “cinayətiydi”. Həmin “cinayət” ölən kimi Javer də öldü.
23. KOROĞLULUQ. Koroğlu Həmzəyə inanmasaydı – Koroğlu yox, Həmzə olardı.
26. ÇEXOV. “Altı nömrəli palata”. Mənəvilərin yeri – dəlixanadır, qeyrilərin yeri – cəmiyyət!
29. HACI MURAD. Ölməliydi! Nə Şamilə silahdaş ola bildi, nə Nikolaya kölə.
30. ROMANIN SÜQUTU. Sezar ölən günü Romanın ölümü başlandı. Ancaq Roma imperiyası bu hadisədən sonra yarandı...
32. KVAZİMODO. Əgər Kvazimodo sevilsəydi – qadınlar allaha bərabər olardı.
36. SPARTAK. Qul olmaq istəmirdi. Bu “cinayətdən” ötəri dara çəkdilər.
38. ALLAHLILAR. “Mənəm Allah!” – deyənlər əslində Allahı ən çox sevənlərdir.
39. İSANIN ANASI. Məryəm – adi qadın idi, ancaq İsanın anasıydı. Bu səbəbdən də isaçılar onu müqəddəsləşdirdilər. İsanın anası – adi qadın ola bilməzdi!
40. QƏRB UÇURUMU. Kafka, Coys bədbinliyindən sonra Uçurum gəlir. Ekzistensializm sitəmindən sonra Uçurum gəlir. Qərb uçurumamı düşəcək, gerimi qayıdacaq, yoxsa Şərqəmi üz tutacaq?...
53. NERON – PAVEL. Neron Paveli cismən öldürməsəydi, Pavel Neronu mənən öldürəcəkdi.
54. ALLAHLAR. Homerin Allahı – Adam. İsanın Allahı – İnsan.
56. PEYĞƏMBƏR TALEYİ. Kimliyini çarmıxa çəkiləndən sonra bildilər. Çarmıx müqəddəsləşdi.
57. HOMERİN DEMƏDİYİ. İnsan öz taleyini kənardakı qüvvəyə tapşıranda oyuncağa çevrilir.
58. EDİPİN GÖRMƏDİYİ. İnsanın taleyini əvvəldən hazırlayırlar...
62. İNSAN OLMAYAN. Qədim Romalı qulu insan saymadı, ona görə də özü İnsan olmadı.
63. NİTSŞE. Yırtıcılıq carçısı.
64. HEGEL. Məntiqli Dünya yaradıcısı.
65. KANT. Dünyanın Zəkada itməsi.
66. SPİNOZA. Mütləqləşən təbiət.
67. PLATON. Kölgələşən Həyat.
68. BUDDA. Öldürülən Həyat – Kamilləşən İnsan.
69. ZƏRDÜŞTÇÜLÜK. Əsatirdən yaranan Din.
70. İSLAM. Dindən yaranan əsatir.
71. İSAÇILIQ. Ölümdən yaranan dirilik.
72. SUFİLİK. Ruhani kamillik İlahiliyi.
73. HÜRUFİLİK. İnsanın İlahi var olması.
74. ALLAH. Əslində anti Mütləq.
76. KİLSƏ. Maddiləşən “Müqəddəslik”.
77. MƏSCİD. Mütiləşən “İnam”.
99. STALİN. Dahi kommunist diktatoru.
100. TOLSTOYÇULUQ. Peyğəmbər müavinliyi.
101. DOSTOYEVSKİ. Xəstə bəşər haqqında hekayət.
108. MİKELANCELO. Allahlaşan İnsan.
109. LEONARDO DA VİNÇİ. Əsrarlaşan qadınlıq.
121. MEDEYA. Arvadlığın Analığı üstələməsi.
138. CƏHƏNNƏM. Qəbahətin yaratdığı.
147. ŞUMER. Bəşərə yarayan – Özünə yaramayan.
139. CƏNNƏT. Səfalətin yaratdığı.
172. DOSTOYEVSKİ FƏRYADI. Allahsız İnsan – Yetimdir.
184. AZƏRBAYCAN. Türklərin əzəli Vətəni!
209. SEZAR – POMPEY. Dost idilər. Hakimlik üstündə Düşmən oldular. Hakimliyə yaradılar – Dostluğa yaramadılar.
210. NERONUN ANASI. Neronu doğduğu üçün Neron tərəfindən öldürüldü.
212. SEZARIN QATİLİ. Brut əslində Sezara əl qaldırmadı – Müstəbidliyə əl qaldırdı. Ancaq Müstəbidliyi məğlub edə bilmədi. Özü məğlub oldu.
213. QƏDİM ROMALI. Öldürməyi bacaran, ölməyi bacaran, hakimliyi bacaran, fatehliyi bacaran, İnsanlığı bacarmayan.
223. CƏLALƏDDİN RUMİ. Şairanə Peyğəmbərlik
231. MUSA PEYĞƏMBƏR. Xalqını Misir əsarətindən qurtardı – Farisey əsarətinə saldı.
233. TARİXİN ÖYRƏTMƏDİYİ. Qul quldardan asılı olduğu dərəcədə – Quldar da quldan asılıdır. Bu Həqiqəti tarix insanlara öyrətmədi.
236. MORİS METERLİNK. “Tale səhv eləmir!” – fikrinin bədii ifadəsi.
238. HÜSEYN CAVİD. Xəyalla Gerçəklik arasında Uçurumu görən.
247. ATİLLA. Dünyanı çaldı-çapdı, xalqına bir gün ağlamadı.
256. BİRİNCİ DÜNYA MÜHARİBƏSİ. Dünyanı bölə bilməmək.
257. İKİNCİ DÜNYA MÜHARİBƏSİ. Dünyanı qoruya bilməmək.
258. TEODOR RUZVELT. Avropanı Stalinə bağışlayan.
259. UNİSTON ÇÖRÇİL. Ayılanda – ayıldan.
283. LATIN AMERİKASI. Qaranlıqdan Məchulluğa yüyürən.
290. MÜASİR TÜRKLƏR. Təklənmişlər.
299. MİGEL DE SERVANTES. Don Kixotu təsvir edən, ancaq dərk etməyən.
300. FAUST. İblisə küsənən.
324. AQAMEMNON. Hünərə Hökm edən.
325. AXİLLES. Hökmə baş əyməyən.
327. ODİSSEY. Hadisələrin əyə bilmədiyi.
332. NUH GƏMİSİNİN SƏRNİŞİNLƏRİ. Təzə Dünya yarada bilmədilər. Çünki Təzə İnsan deyildilər!
335. REMBRANDT. Mənanın təsviri.
337. RODEN. Düşünən Daş.
346. DEZDEMONA KƏDƏRİ. “Otellonu da aldatmaq olarmış!”
402. YUNAN ALLAHLARI. Adamlar.
403. MİSİR ALLAHLARI. Hərislər.
404. TÜRK TANRILARI. Şəfqətlilər.
405. HİND ALLAHLARI. Kamillər.
434. RÜSTƏMİ-ZALIN SƏYAVUŞU. Səyavuşu Rüstəmi-Zal öldürmədi – dünyanın savaş vəziyyəti öldürdü.
476. DAHİ YARARLIĞI. Dar ağacına yaradılar. Çarmıxa yaradılar. Dustaqxanaya yaradılar. Dəlixanaya yaradılar. Lənətə yaradılar. Nifrətə yaradılar. İşgəncəyə yaradılar. Yarıdılar...
506. JAN VALJAN. Hüqodan böyük.
508. DİKKENS. “Qırmızıpapaqları canavarların pəncəsindən qurta-ran Xeyirxahlar yenə də tapılır!”
511. KARAMAZOV QARDAŞLARI. Atasızlar.
514. RASKOLNİKOV. Rus Napoleonu.
529. ALBER KAMÜ. Yadlaşan Doğmalıq.
599. 1918-ci il BAKISI. Açıq Şəhər.
599. 1937-ci il. Şaqqalanan Ümid.
630. DOĞMALAŞMAQ – YADLAŞMAQ. Rəsul Həmzətov “Mənim Dağıstanım!” deyə bağırır və Dağıstan tədricən Yadlaşır. Çingiz Aytmatov “Mənim Qırğızıstanım!” deyə bağırır və Qırğızıstan tədricən Yadlaşır. Mustay Kərim “Mənim Başqırdıstanım!” deyə bağırır və Başqırdıstan tədricən Yadlaşır.
638. FELLİNİ. Şirin Antihəyat haqqında hekayət.
699. YANLIŞLIQ. Aqamemnon elə bilirdi ki, Axillesin Hökmdarıdır! Axilles elə bilirdi ki, Aqamemnonun dostudur!
741. SÜNİ PAFOS. Pis günə vurulmaq.
764. QLADİATOR TAMAŞAÇILARI. Qladiatorun ölümünü istəyənlər...
808 SANÇO-PANSA. “Ayıq” Don Kixot!
809. DULSİNEYA. Don Kixotun yaşatdığı!
812. FAUSTUN MARQARİTASI. Sevməyi bacaran!
883. SÜRREALİZM. Təcavüzkar İnstinktpərəstlik!
884. QƏRB RUHU. Sarsılmış!
885. ŞƏRQ RUHU. Çaşqın.
7-ci ilin Xəzan Ayı, Bakı. (Oktyabr, 1985-ci il).
.
............................................................................. .............................................................................

Asif Atanın "OCAQ TƏQVİMİ"
1978-ci ildə bir klubun nəzdində fəaliyyət göstərən icma Ocağa çevrilir, onun sədri Asif Əfəndiyev isə ardıcılları tərəfindən Asif (və ya İnam) Ata adlandırılır. Ocaq tarixi isə 1979-cu il mart ayının 1-dən hesablanır. Həmin il ataçılar tərəfindən 1-ci il kimi hesablanır. Yəni, tutaq ki, 34-ci il 2012-ci il hesab edilir. Yəni 1979 - 1-ci il, 1980 - 2-ci il, 1981 - 3-cü il..
AYLAR
Günəş ---- mart Çiçək ---- aprel İşıq ---- may Şölə ---- iyun Od ---- iyul Qürub ---- avqust Ata ---- sentyabr Xəzan ---- oktyabr Yağış ---- noyabr Sərt ---- dekabr Qar ---- yanvar Köçəri ---- fevral .
Həftənin günləri Arzu ---- bazar ertəsi Ümid ---- çərşənbə axşamı Dözüm ---- çərşənbə Mərhəm ---- cümə axşamı Qismət ---- cümə Murad ---- şənbə İnam ---- bazar
.
P.S. - Nargin.az bu materialı 9 Yağış ayı, Arzu günü, 48-ci il (09 noyabr, bazar ertəsi, 2026-cı il) tarixində hazırladı.
Eyni bölmədən
Oxşar yazılar

İntihar Məktubları - Nilgün Marmara

Migel de Servantesin qolunu qoparan mərmi
Bir qol, beş il əsirlik və “Don Kixot”: Servantesin gizli qalan həyatı

“Uliss”i telefon ekranından oxusanız, nə baş verər?
Kiçik “diqqət yayındıran” ünsürlər yaddaşımızı tətikləyən şeylərə çevrilirlər.

