
Nargin.az "Yazıçıların şeirləri" silsiləsinə başlayır. Həmin silsilədən ilk yazıçı və onun şeirini oxuculara təqdim edirik.
Mövlud SÜLEYMANLI
Lap erkən yaşlarımdan şeir yazmağa başlamışam; hardan gəldiyi haqda dəqiq bir şey deyə bilmərəm, ana babamın və anamın şeirə, saza-sözə yaxın olduqlarını el-oba hələ də xatırlayır… Amma mənim şeir yazmağım elə belə şeir yazmaq deyilmiş, böyümə- yimmiş, öz içində özünə yer eləmək, yol eləmək, yuva qurmaqmış. Hər şeyi - dünyada gözə görükən, hətta görükməyən nə varsa səhv etmədən, -yanlışlıq yapmadan tanımaqmış… Ən çoxu da münasibətləri, VARLIČA-YARANIŞA olan münasibəti, xüsusən insan münasibətlərini yeri-yerində anlamaqmış… Bunu bu mənada indi dərk edirəm; əlli ildən sonra…
Mənim şeir yazmagım həm də itməmək, - özü özünü tapıb, özünə yiyəlik eləyib duyğularla yaşa- maqdı, VAXTI - mühiti özüylə sabahlara daşımaqdı, həm də əzablara, ağrılara qatlaşmaqla öz içində yol getməkdi…Artıq onu da bilirəm ki, şeir yazanda içə- mahiyyətə bağlandığın üçün dəyişə biməzsən, nece varsansa, elə eləcə də qalacaqsan, ona görə də insanlar kimi şeirin də pisi-yaxşısı yaranır. Şeirdə də halallıq, haramlıq var... Şeirə söz oyunu kimi baxanları, özünü sözlə bəzəyən “yalançı dahiləri” gördüzmü, daha doğrusu, görürsüzmü, vaxt nə hala salır...
Əsl şeir başlanğıcmış, yalnız sözün yox, nə varsa, hər şeyin başlanğıcı... Hər şeyin yenidən doğulmağıymış, gördüyün və görəcəyin bütün işləri dayandırdıqdan, bir yana qoyduqdan sonra yarananlarmış...
Əsl şeirdə bayraq olmaq havası var, əsl şeir bayrağı əvəz edə bilər. Vaxt olub əvəz edib də... Əsl şeirdə Vətənin tamı var, əsl şeir Vətən dadır...
Təxminən qırx illik ömrü olan yaradıcılığım boyu gəldiyim son uc,-nəticə belədir... Bu müddət ərzində bütün yazdıqlarım, xüsusən də şeirlərim, doğulub yaşadığım kənd kimi, böyüyüb boya-başa çatdığım ev kimi, doğmalarım, dostlarım kimi həmişə mənimlə olub. Şeirlərimi nəşr elətdirə bilməsəm də həmişə içimdə, çölümdə, qarşımda vərəqlənib... Çünki onların tərkibində yaşadığım ömrün izləri, gizlinləri, sevdiklərim, dostlarım, heç bir kəsə demədiklərim var.
Yazdıqlarıma, ən son misramacan, qələmimdən nə çıxıbsa dərin sevgilər bəsləmişəm. Baxmayaraq, şeirlərimin, demək olar ki, heç birini bəyənməyiblər, o çağın, o zamanın mətbuatının amansız qeydləriylə üstümə qayıdıb. Bununla belə onları yenə bağrıma basmışam; bir yerdə yaşamışıq... Çünki onlara həmişə inamım böyük olub...
Beləcə, gözümün qabağındaca vərəqlər sapsarı saraldı, özüm qocaldım, saçım saqqalım ağappaq oldu. Amma onları atmadım, yanımda saxladım həmişə, əlimin altında...incik vaxtlarımda dönə-dönə oxudum, şairlər demiş, beləcə, sabahlara sağ çıxdıq... Budur, indi sizlərə təqdim edirəm...
Saralmış vərəqlərdə qala divarları kimi daşlaşıb, bərkiyib əzəmət saçan misralar qarşınızdadır. Belə dediyim üçün xahiş edirəm, günahımdan keçin, mən bu fikri onilliklər boyu saxlayıb, gizlədib, yarı yaşını ötəndən sonra üzə çıxartmışam, deyirəm və yanılmadığımın fərqindəyəm. Bunlar öz zamanının yazıları deyildi, ona görə də üzə çıxarılan kimi üzümə çırpılırdı. Məncə, gec deyil, üstündən onilliklər keçsə də, gec deyil...
Dərin hörmətlə, Mövlud Süleymanlı
---------------------------------
***
Yağış yağır yenə Aç yağışa hörüklərini, saçların bir az da uzansın... Vaxtı anlayaq dost üzü kimi, aramızdan göy qurşağı sallansın...
Yağış yağır, bayaqdan səni çağırıram... Sevgilər, görüşlər su içindədi, Öpüşlər su içində, pıçılıtılar yaşdı... Amma sən çıxmırsan eşiyə, Hər şey incidir məni, ağrıdar, Başıma yağan yağış damcıları elə bil, daşdı... 1965
***
Uzatdın əllərini sığındığım gecəyə, yuxuma toxundun. Çək əllərini, çək! Pəncərəmin pərdələri kədərdəndi, nərdivanım yalqızdı, minilliklərtək!.. Uzatdın əllərini sığındığım gecəyə... Bax!.. Kədərim əllərində qara bir əlcək... 1970
***
Qızlar keçən kimi küçəmizdən binalar ardınca yırğalandı, pəncərələr sildi gözlərini, ışıqlar yandı. Az qaldı, qızlar da işığa qarışıb yansınlar... Binalarımız da, pəncərələrimiz də yazıqdı, deyin, bir az dayansınlar...
Amma sevgilər oyanmışdı artıq, Hər anın içində bir ümid vardı... Bilmirəm, məni də oyadacaqlarmı?! Yox...oyatmadılar, Ər oğullar... hərəsi birini apardı... Görəsən, bir də qayıdacaqlarmı?! 1965
***
Suya şeir... Mən səni indi tanıdım, Sən Tanrıdan gələnsən, Su. Çiçəklərlə çiçəklənən, Güllər ilə gülənsən, Su...
Tanıdım, haqqın nəyisən, Uca Tanrı ətəyisən... Yaxşılar üzünün suyusan, Pisi pisdən yuyansan, Su.
Ömürdən-gündən keçənsən, Haqqın qapısın açansan. Mələksən, göydən enənsən, Düz ruhuma qonansan, Su.
Axdın tarixlər yadına, İçimin neçə qatına. Qurani-Kərim adına Bölünənsən, sınansan, Su.
Gülsən, çiçəksən yolumda, Işıqsan, nursan önümdə. Səndən də vardır, qanımda, Sən də mənim anamsan, Su... 1987
***
Axtaracaqsan məni bir gün, bilirəm, Haray salacaq qapımın zəngi... Güləcək pəncərələrim, Dəyişəcək divarlarımın rəngi. “Gümüş ləyənimdə ayaqlarını yuyacam” Sərəcəm qədəmlərinə Divarlarımdakı mənzərələri. Bütün şəkillərim qulluğunda duracaq! Bilmərəm nə vaxt, amma olacaq! İndi toz basıb gümüş ləyənimi, Şəkillər yuxularımdan asılı, Hamısı yaşından qoca görünür. Qar yağır divarlarımdakı mənzərələrə, Çiçəklərin boynu bükülür... Uzaq, çox uzaq... Bilmərəm nə vaxt, amma olacaq. 1969
***
Səni gözləyim deyə ağaca döndüm, ağac axı heç yana gedə bilmir... İndi ağacam yolun üstə, Amma heç fərq etmir, İstər mən olum, istər ağac, ayrılıq hər yerdə bir cür yaşanır... Səni tapım deyə, bir dağ çayına döndüm, Çırpıb özümü daşa, qayaya səni axtarıram... amma yollar uzanır, mən azalıram. Ən anlaşılanı ağrıdı, dərddi, ağrı kimi gözləyirəm səni. Üfüqlərə yapışmış kədər kimi, Bütün pəncərələriylə yollara baxan şəhər kimi gözləyirəm səni... 1968
Eyni bölmədən




