
Ramiz Rövşənin “Ömrümün yağışlı günləri” şeiri güzgülü poetik quruluşu ilə seçilir. Şeirin ilk bəndlərindən son bəndlərinə doğru misralar tərsinə düzülərək "güzgü" yaradır. Bu quruluş burada yalnız poetik forma deyil, həm də insanın öz keçmişi və hissləri ilə üzləşməsinin bədii ifadəsidir.
Ramiz RÖVŞƏN
ÖMRÜMÜN YAĞIŞLI GÜNLƏRİ
(güzgülü şeir)
Ömrümün yağışlı günləri başlar, Yağışlı günləri başlar ömrümün. Bu yağan yağışlar, yağan yağışlar, Bilmirəm, nəyini xoşlar ömrümün?!..
…Bu gələn payızın suları soyuq, Küləkləri hirsli, yağışı incik. Mənim əllərimin sığalı soyuq, Sənin gözün yaşlı, baxışın incik.
Düşür çiynimizə payız yarpağı, Elə bil ölüdü, tabutdan düşür. Ağaclar hamısı çılpaqdı axı, Bəlkə düşən yarpaq buluddan düşür.
Bir yalan sevgidən yorulmaq asan, Bir ölən sevgini diriltmək çətin. Günəşli günlərdə vurulmaq asan, Yağışlı günlərdə unutmaq çətin…
…………………………………….
…Yağışlı günlərdə unutmaq çətin, Günəşli günlərdə vurulmaq asan. Bir ölən sevgini diriltmək çətin, Bir yalan sevgidən yorulmaq asan.
Bəlkə düşən yarpaq buluddan düşür, Ağaclar hamısı çılpaqdı axı. Elə bil ölüdü, tabutdan düşür, Düşür çiynimizə payız yarpağı.
Sənin gözün yaşlı, baxışın incik, Mənim əllərimin sığalı soyuq. Bu gələn payızın yağışı incik, Küləkləri hirsli, suları soyuq.
1966
Eyni bölmədən




