Tənqid

Mikayıl Müşfiq gecikərsə, özündən küssün

Represiyya dövrünün sərt üzünü əks etdirən növbəti bir sənəd.

Nargin redaksiyası26 avqust 20263 dəqiqəlik oxu
Mikayıl Müşfiq gecikərsə, özündən küssün

"MÜŞFİQ GECİKƏRSƏ, ÖZÜNDƏN KÜSSÜN"

Nargin.az Müşfiq haqqında dövrü mətbuatda çapa gedən bir məqalədən şair haqqındakı ittihamlar hissəsini təqdim edir.

___________

"...Yalnız revolyusiyadan, ölkəmiz sovetləşəndən sonra əlinə qələm alıb şeir yazmağa başlayan və ictimai keçmişi ləkəli olmayan Mikayıl Müşfiq öz istedadına və məhsuldar enerjisinə nisbətən ideya cəhətdən özünün yenidən qurulmasına lazımınca fikir verməyir.

Müşfiq özünün ilk yaradıcılıq dövründə Əhməd Cavadın və başqalarının təsiri altına düşdüyünü unutmamalıdır.

O unutmamalıdır ki, bu təsirlər qismən onun üzərində bu gün belə bəzən özünü göstərməkdədir.

Müşfiq bu millətçi və mürtəce təsirlərdən təmizlənməzsə, onun məsələsi qəti qoyulmalıdır.

Müşfiq bilməlidir ki, revolyusiya heç bir məsələdə güzəştə getməyə yol verməz.

Buna görə də Müşfiq Əhməd Cavad kimi zəhərli ideoloqların dostluğunu bir sovet yazıçısına layiq nifrətlə qarşılamalı və özünün yaradıcılığını Lenin və Stalin milli siyasətinə uyğun bir surətdə inkişaf etdirməyə çalışmalıdır.

Müşfiq bilməlidir ki, xalq düşmənlərinin təsirindən özünü təmizləməyi bacarmayanlar da bu düşmənlərlə bərabər uçuruma yuvarlana bilərlər.

Müşfiq özü-özünü düşmənlərin ağuşuna atmaq istəmirsə, biz onu sağlam və düzgün yolla irəli aparmağa har zaman çalışmışıq və çalışacağıq. Bu işdə Müşfiq gecikərsə, o vaxt bizdən deyil, özündən küssün.

Seyid Hüseyn özünün mürtəce keçmişini və müsavatla əlaqəsini daha kəskin bir surətdə ifşa etmək üçün indiyədək yazmış olduğu az-çox dəyərli hekayələrdən sonra özünü bir qədər doğrultmağa çalışır.

Xüsusən onun son zamanlarda böyük Stalin Konstitusiyası ilə əlaqədar olaraq yazmış olduğu hekayələri Seyid Hüseyni və onun yaradıcılığını Əhməd Cavadlardan və Yusif Vəzirlərdən müəyyən dərəcədə ayırır.

Görünür ki, Seyid Hüseyn sovet ədəbiyyatının ona vermiş olduğu imkanları doğrultmaq fikrindədir.

Lakin biz, Seyid Hüseyndən xalq düşmənləri, müsavatçıları və millətçiləri daha kəskin ifşa edəcək bədii və qüvvətli əsərlər gözləyirik.

Seyid Hüseyn belə əsərləri yarada bilər. Bu onun yenidən qurulması üçün su və hava kimi lazımdır.

Tənqidçi Musaxanlı özünün keçmiş tənqidi fəaliyyətində olan kontrrevolusion ünsürləri tamamilə ifşa etmək üçün hələ çox az iş görmüşdür.

Musaxanlı pantürkist ideolojisini daha konkret bir surətdə ifşa etmək üçün Əhməd Cavad, Yusif Vəzir və Sanılı kimi yazıçıların haqqında bir sıra yeni və ciddi məqalələr yazmalı idi.

O bunu hələ etməmişdir. Halbuki sovet yazıçılarının etimadını qazanmaq üçün və öz səmimiyyətini və həqiqətən yenidən qurulmasını sübut etmək üçün belə bir fəaliyyət göstərməlidir..

Yazıçılar içərisində Azərbaycan həyatı ilə daha az maraqlanan və Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazmaqdan əl çəkməyən Hüseyn Caviddir.

Biz bilirik ki, Hüseyn Cavid burjua romantizminin məktəbində yetişmişdir.

Bununla bərabər o, Azərbaycan sovet və partiya təşkilatlarının onun üçün yaratdığı imkanlara və hətta əsərinə verdiyi mükafatlara baxmayaraq, yenə də Azərbaycan əməkçilərinin mübarizəsinə dair bir şey yazmamışdır..." ________

Gülər Qasımova "Açıq ədəbiyyat" kitabından

Şərhlər

Hələ təsdiqlənmiş şərh yoxdur.

Eyni bölmədən

Oxşar yazılar