Tənqid

Fast Fashion

İstifadə elə və at, çünki yenisinə ehtiyac duyacaqsan!

Məlik Rza•23 oktyabr 2026•5 dəqiqəlik oxu• 4 oxunma
Fast Fashion

Bir zamanlar Avrasiyada dominant olmuş diktaturalar domino effektilə tarixin zülmət quyusuna yıxılarkən kapitalizm dünya sistemlərinin yeganəsi kimi yeni torpaqların üfüqlərində boy verirdi. Qərbi, mərkəzi və şərqi avropanı çaparaq keçib rejimlərin məbədi SSRİ-ni fəth etdikdən sonra dünyanın qarşısında yeni mənzərə açılmışdı. Artıq görüntü mahiyyətin fövqündə olmalı və heç kim digərinə bənzəməməli idi. İnsanları maddi və mənəvi müstəvidə bir-birinə bənzətməklə rejimlər bağışlanmaz səhvə yol vermişdilər. İnsan təbiətində süni ehtiyaclar yaradıb onları idarə etməyin mahirinə çevrilmiş kapitalizmin şüarı isə bəlli idi: görüntü o qədər parlaq və görüntü seçimi o qədər geniş olmalıdır ki, insanlar vizual ilğımlarda itkin düşərək mənəvi eynilikdən narahat olmasınlar. Dünya ədəbiyyatının məşhur simalarından olan Corc Oruell yanılmışdı. “1984” ün mənəvi baxımdan bütün seçimlərdən məhrum edilmiş, əbədi qadağalara məhkum insan kütlələri rejimlərin qəlbində mina kimi partlayıb onları yıxdıqdan sonra yaşadığı bölgələrdə yeni çiçəklənmiş dünya sisteminin onlara təqdim etdiyi görüntülərin parlaqlığına aldanaraq uğrunda mübarizə apardıqları fövqəl məfhumları unutmuş, “Cəsur Yeni Dünya”nın boz insanlarına çevrilmişdilər. Hakslinin məşhur romanındakı kimi artıq insanlar kitabxanalara getməkdə azad idi, amma heç kim kitab oxumaq ehtiyacı hiss etmirdi. Texnologiya inkişaf etdikcə və ölkələrin qapıları yeni dünyaya açıldıqca kapitalizm ekranlardan, küçələrdən, reklamlardan – insan baxışlarının zillənə biləcəyi istənilən nöqtədən görünərək insan təbiətindəki boşluqları böyük imperiyalarının əzəmətli orduları kimi zəbt etməyə başladı. İnsanlar, xüsusən şərqlilər yaşadıqları ölkənin mürgülü şəhərlərinə və uğursuz insanlarına bənzəmək istəmirdilər. Onların idealı işıqlı vitrinlərdə gördükləri gözəl geyimli gövdələr idi və bir zamanlar xəyal edilmiş gözəl geyimlərə qovuşmaq üçün sadəcə küçədən mağazaya addımlamalı idilər. İnsan təbiətindəki süni ehtiyaclar kapitalizm motorunun ən keyfiyyətli yanacağı idi. Şərq, kapitalizm “bum”unun ilkin mərhələsini yaşayarkən qərb insanları yeni mərhələlərlə müjdələnib yeni ehtiyaclarla hədiyyələnmişdilər. Məhz bu dönəmdə kütlələrin genişlənən geyim tələbatını ödəmək üçün “Fast Fashion” sistemi formalaşmağa başladı. Agentlər müxtəlif regionları gəzərək insan ehtiyaclarını araşdırır, həmin bölgələrin tələbatlarını geyim firmalarına ismarlayırdılar. Beləliklə yeni yaranmış lokal geyim firmaları ağlasığmaz sürətlə böyüyür, bir zaman sonra artıq qlobal müstəvidə fəaliyyətə keçərək hətta ənənə əsaslı böyük geyim şirkətlərini də üstələyirdilər. Məsələn, İngiltərə və Avropanın ən böyük moda firması olan “Marks/Spencer” Fast Fashion bazarı formalaşdıqdan sonra mühüm səhmlərini itirib iflasın astanısına çatmışdı. “Zara”, “Bershka”, “Pull and Bear”, “HM” kimi Fast Fashion şirkətləri isə əksinə - televeziya reklamlarında boş yollarda şütüyən gurultulu maşın markaları kimi sürətlə irəliləyirdilər və “Fast Fashion”un iti axarında böyük ənənə şirkətləri ilə yanaşı agentlərin yollandıqları şərq ölkələrindəki əl əməyinə əsaslanan və keyfiyyətli, lakin ənənəvi məhsullar təqdim edən lokal müəssisələr də boğulurdu. Yazının sürətini azaldıb “Fast Fashion”- un təbiətə vurduğu zərərlər paradına baxsaq, qarşımızıda qaramat bir mənzərə açılır. “Fast Fashion” şirkətləri məhsullarını əsasən təbiət üçün parazit rolunu oynayan xammallardan-pambıqdan və toksik maddələrdən hazırlayırlar. Bu isə, məsələn bir şalvar üçün 20 min litr suyun israf edilməsi və təbiətin müxtəlif təyinatlı kimyəvi maddələrlə zəhərlənməsi deməkdir. Avropa Birliyinin 1 iyun 2007-ci il tarixli qərarına əsasən istehsal prosesində toksik maddələrdən istifadə edilməsi qadağan edilsə də, hətta inkişaf etmiş dünya ölkələrində belə əlçatmaz gizlin müəssisələrdə bu tip istehsal davam etməkdədir. Digər tərəfdən istehsal prosesi bir neçə mərhələdə və dünyanın müxtəlif nöqtələrində - xüsusən geridə qalmış dünya ölkələrində həyata keçirilir( Özbəkistanda yığılan pambıq Hindistanda məhsula çevrilib Mərakeşdə boyandıqdan sonra Fransaya göndərilir). İstehsal başa çatdıqda isə dünyanın şərq nöqtəsindəki hər hansı bir ölkədən qərbə yola çıxan gəmilər atmosferi zərərli qazlarla yetərincə zəhərləyirlər. “Elen Mak Artur” fondunun araşdırmalarına əsasən Fast Fashion şirkətlərinin məhsullarını şərqdən qərbə daşıyan gəmilərin atmosferə son iyirmi ildə vurduğu zərər beynəlxalq uçuşlar həyata keçirən təyyarələrin və dəniz nəqliyyatının atmosferə vurduğu ümumi zərərdən qat-qat çoxdur: 1,2 milyard... Beləliklə son illərdə “Fast Fashion” yalnız istehsal statistikasında yox, təbiət vurulan zərər müstəvisində də kifayət qədər irəliləmiş, təbiətə neftdən sonra ən çox zərər vuran ikinci sahəyə çevrilmişdir. Yazının sürət pedalını yenidən sıxıram. “Fast Fashion” termini ilk dəfə 1989-cu ildə işləndikdən dərhal sonra dünya bazarından boy verməyə başladıqda istehlakçılarına iddialı bir şüarla xitab edir: “İstifadə et və at. Çünki, yenisinə ehtiyac duyacaqsan”. İnsan kütlələri bu şüarın zəminindəki qaramatı duymaq istedadından məhrum edən kapitalizmin boz simasındakı hiyləgər gülüş bəşəriyyətin fövqəladə bir fəlakətin astanasında olduğuna işarədir. İnsanlar bir-birinə bənzəmək istəmədikcə daha çox bənzərə çevrilir və “Fast Fashion” funksional performansa keçir. Çeşidləri, görüntüləri artırıb miqdarı azaldır, istehsal genişlənir. Artıq istehlakçılar reklam lövhələrində sayrışan görüntü ilğımlarına əvvəlkindən daha çox məst olurlar. İstehsal genişləndikcə isə gizlin anbarlarda günün on iki saatını işləyən, axşamları avtobuslar, metrolarda mürgüləyən boz və kədərli adamların sayı gündən-günə artır. Beləliklə yazının qəlbinə çatırıq.. Fast Fashion hiyləgər fəndini işə salaraq dünyanın böyük meqapolislərindəki çarəsiz boz kütlələrlə istehlakçılarını şəhərlərdə üz-üzə qoyur. Coğrafiyasının qara adamları ilə üzləşən istehlakçılar yaşadıqları ölkənin həqiqətindən uzaq düşmək, mürgülü şəhərlərə, uğursuz adamlara bənzəməmək üçün ehtirasla əllərindəki ağıllı telefonlarda kəşf etdikləri yaxınlıqdakı Fast Fashion mağazalarına təlaşla qaçırlar. Əlbəttə, insan kütlələri formalaşmış dünya sistemi dəyişmək iqtarında deyil. Bu, ağır reallıqdır. Lakin universitetli bir qız sırf ətrafındakı yoldaşlarından seçilmək, cazibə xalatına bürünmək üçün sifariş etdiyi çəhrayı gödəkçəsini sığallayərkən və ya yaşadığı şəhərin təkrəngliliyindən bezmiş bərbər coğrafiyasına etiraz etmək üçün ismarladığı məşhur rəssamın tablosu həkk edilmiş köynəyinə sevinclə boylanarkən qaranlıq anbarda işləyən adamların həyatlarındakı sərt həqiqətləri duymaqda, öz regionun həll edilməmiş problemləri ilə üzləşməkdə acizdirsə... Məni narahat edən də məhz bunca rənglilik içində insan ruhlarındakı işıqsızlıqdır. Görüntü mahiyyətə çevrilmədikcə kapitalizm fonunda yüksələn “Fast Fashion” təəssüf ki, bizi öz işıqsızlığımızdan ovlayacaq.

Eyni bölmədən

Oxşar yazılar