"Cinayət və cəza" romanını bir dəqiqəyə oxu - CIRTDAN ROMAN
Vaxtım yoxdur deyənlər üçün

Nargin Sənət Adası "Cırtdan roman" layihəsini davam etdirir. Bu layihədə dünyanın ən məşhur böyük romanlarının presslənmiş versiyasını təqdim edəcəyik. Bu, çağdaş oxucunun ən ciddi bəhanəsi olan "zaman yoxluğuna" qarşı qaldırılan qırmızı bayraqdır. Bu dəfə dahi rus yazıçı Fyodor Dostoyevskinin şedevri "Cinayət və cəza"nın cırtdan versiyasını təqdim edirik.
Raskolnikov bir qocanı öldürməzdən əvvəl özünə sual verir: əgər böyük insanlar tarix yaratmaq üçün qan töküblərsə, mən niyə bir insanı öldürüb dünyanı dəyişə bilməyim?
Peterburqun yoxsul məhəlləsində yaşayan keçmiş tələbə bu nəzəriyyəni sınamaq qərarına gəlir. Balta götürüb sələmçi qarı öldürür. Gözləmədiyi halda otağa girən qarının bacısını da öldürməli olur. Pul və qiymətli əşyaları götürüb qaçır, amma oğurladıqlarını gizlədir, demək olar ki, onlara toxunmur.
İndi onun problemi cinayəti gizlətmək deyil, özünü gizlətməkdir. İstintaqçı Porfirinin sualları, qorxu və qızdırmalı gecələr onu özündən şübhələndirir. Raskolnikov özünü qeyri-adi insan sayırdı. İndi isə törətdiyi cinayətin içində parçalanır.
Ailəsini dolandırmaq üçün bədənini satmağa məcbur qalan Sonya ilə tanış olur. Raskolnikov qətli ona etiraf edir. Sonya ondan qaçmır. Əksinə, cinayətini boynuna almağa çağırır.
Raskolnikov nəhayət polisə təslim olur və Sibirə sürgün edilir. Sonya da onun ardınca gedir. Həbsxanada Raskolnikov yavaş-yavaş anlayır ki, cəzası yalnız səkkiz illik ağır əmək deyil.
O, bir insanı öldürüb özünü başqalarından üstün saymaq istəmişdi. İndi isə yenidən insan olmağı öyrənməlidir.
P.S. Unutmayaq ki, qarşınızdakı mətn böyük əsərin yalnız sıxılmış versiyasıdır. Bir insanı axtararkən onun yenicə can vermiş cəsədi ilə qarşılaşmaq kimi bir şeydir bu: qarşınızdakı odur — üzü, bədəni, bütün zahiri cizgiləri yerindədir. Amma artıq nəfəs almır. Bu layihə də böyük əsərlərin bir növ meyitidir: surəti qorunub, ruhu isə o qısalığın içində can verib. Lakin narahat olmayın. Bu meyitin canı hələ sizin yanımızdadır. Kitabı əlinizə alıb onun isti bədəninə yenidən toxunmaq şansınız var.
Eyni bölmədən
Oxşar yazılar

Anadil ötən yerdə - İsa Muğannanın ilk mətni
Nargin Sənət Adası Xalq yazıçısı İsa Muğannanın (Hüseynov) "Anadil ötən yerə" hekayəsini təqdim edir...

"Anna Karenina" əsərini bir dəqiqəyə oxu - CIRTDAN ROMAN
Zaman yoxluğundan natamam qaçış

Azərbaycan kinosunda xəyanət səhnəsi #2 - Öldürən cümhuriyyət generalıdır - VİDEO
"Qatır Məmməd" filmindəki Əziz - arxadan vuran, əslində, cümhuriyyət generalıdır

