
Nargin Sənət Adası "Cırtdan roman" layihəsinə start verir. Bu layihədə dünyanın ən məşhur böyük romanlarının presslənmiş versiyasını təqdim edəcəyik. Bu çağdaş oxucunun ən ciddi bəhanəsi olan "zaman yoxluğuna" qarşı qaldırılan qırmızı bayraqdır. İlk olaraq dahi rus yazıçı Lev Tolstoyun şedevrini - ""Anna Karenina""nın cırtdan versiyasını təqdim edirik.
Anna Karenina ərini başqa kişiyə dəyişən qadının hekayəsi deyil. Bu, bir sevgini qazanmaq üçün həyatındakı hər şeyi itirən qadının hekayəsidir.
Anna Peterburqda nüfuzlu dövlət məmuru Aleksey Kareninlə evlidir. Bir oğlu var. Moskvaya qardaşının ailəsini xilas etmək üçün gedir və vağzalda zabit Vronski ilə qarşılaşır. Onların arasında başlayan münasibət Annanın həyatını dəyişir.
Anna ərindən ayrılmaq, Vronski ilə yaşamaq istəyir. Oğlundan uzaq düşür. Əvvəlcə ərinin bağışlanması belə ona çıxış yolu açmır. Anna Vronski ilə İtaliyaya gedir, sonra Rusiyaya qayıdır. Amma artıq əvvəlki Anna deyil: cəmiyyət onu qəbul etmir, qapılar üzünə bağlanır. Vronski ilə münasibəti də getdikcə şübhə və qısqanclıqla zəhərlənir. Anna sevdiyi kişinin onu tərk edəcəyinə inanmağa başlayır.
Bir gün dəmir yolu vağzalına gəlir. Vaxtilə Vronski ilə ilk dəfə qarşılaşdığı vağzal indi onun son dayanacağına çevrilir. Anna özünü qatarın altına atır.
Tolstoyun romanında başqa bir adam da var: Levin. O, Kitty ilə ailə qurur, həyatın mənasını torpaqda, zəhmətdə, ailədə və inancda axtarır.
Biri sevgidə hər şeyi tapacağını düşünərək hər şeyini itirir. O biri isə həyatın mənasını böyük cavablarda deyil, gündəlik yaşayışın içində axtarmağı öyrənir.
Bəlkə də Tolstoyun sualı budur: insanı məhv edən sevginin özü deyil, bütün həyatını yalnız bir sevgidən ibarət etməsidir.
P.S Unutmayaq ki, qarşınızdakı mətn böyük əsərin yalnız sıxılmış versiyasıdır. Bir insanı axtararkən onun yenicə can vermiş cəsədi ilə qarşılaşmaq kimi bir şeydir bu: qarşınızdakı odur — üzü, bədəni, bütün zahiri cizgiləri yerindədir. Amma artıq nəfəs almır. Bu layihə də böyük əsərlərin bir növ meyitidir: surəti qorunub, ruhu isə o qısalığın içində can verib. Lakin narahat olmayın. Bu meyitin canı hələ sizin yanımızdadır. Kitabı əlinizə alıb onun isti bədəninə yenidən toxunmaq şansınız var.
Tolstoyun nadir səs yazısı və videosu burada:
Facebook paylaşımıhttps://www.facebook.com/reel/1131197116015641Aç →Eyni bölmədən
Oxşar yazılar

Azərbaycan kinosunda xəyanət səhnəsi #2 - Öldürən cümhuriyyət generalıdır - VİDEO
"Qatır Məmməd" filmindəki Əziz - arxadan vuran, əslində, cümhuriyyət generalıdır

Bu qızlar indi haradadırlar?
Azərbaycan retro kliplərinin qadın simaları


