
İsa Muğannanın "Anadil ötən yerdə" yazısı onun ilk dərc edilən mətnidir. Hekayə ilk dəfə 1949-cu ildə "İnqilab və Mədəniyyət" qəzetində çap edilib.
Nargin.az elektron mediada olmayan hekayəni ilk dəfə oxucularla bölüşür.
Gəmi qayasının zirvəsində dayanıb Kürün sağ sahilindəki geniş sahələri seyr etməkdə olan İsmayıl, sol sahildən ucalan nagəhani səsi eşidib çevrildi. Sahilin yüz metrliyində bir “Qaz” maşını dayanmışdı. Kim isə maşından düşdü, sağ əlini gözünün üstünə qoyub sahili diqqətlə gözdən keçirdi və iti addımlarla irəlilədi. Meşənin pöhrəlik, orta boylu, enli kürəkli bir oğlan maşından sırayıb onun arxasınca qaçırdı. — Yoldaş Hüseynov, maşın sahildəmi qalacaqdır? Hərbi paltarda olan Hüseynov Kürün coşqun sinəsinə baxa-baxa cavab verdi: — Sən maşınla “Pravda” kolxozuna qayıdacaqsan... — O, nə isə əlavə bir söz demək istədi, amma nədənsə susdu, bir qədər düşündü, yenidən əlavə etdi: — Muğanlı kəndindən Saxundurun vadisinə gedən yolu tanıyırsanmı? — Bəli. — Elə isə maşını birbaşa kəndə sürərsən... Niyazi kolxoz idarəsində səni gözləyir. Onu da götürüb iş üstünə gedərsən. Nurəddin sağ əlini gicgahına aparıb: “Baş üstə” – deyə cavab verdi və aralanmaq istərkən Hüseynov gülümsünərək onun qolundan tutdu: — Burada işin çoxdur. — Sonra şəhadət barmağı ilə Kürə işarə edərək, bir qədər zarafatcana dedi: — Məni dalğaların qoynunda tək buraxmaq istəyirsən? Qayığın ipini aç, o taya keçək. Qayıdandan sonra dediklərimə əməl edərsən.Nurəddin danışmadan ləpələr üzərində yırğalanan xırdaca qayığa tərəf getdi. O, qayığın bərabərində aşağı əyilib, quma basdırılmış iri mıxçadan qayığın kəndirini açmağa başladı. Arxa tərəfdən ona yaxınlaşan Hüseynov: — Kür yaman hirslənibdir, — dedi. Nurəddin yaş kəndiri sağ əlində tutaraq: — Elədir, yoldaş Hüseynov, yaz qabağı hirslənmək çayın köhnə adətidir, — dedi. — Qoy hirslənsin, istədiyi qədər coşsun. Nə qədər köpürsə bir o qədər bizim üçün xeyirlidir. Əgər su həmişə bu qaydada axsa, çəkəcəyimiz kanalın sinəsi daim köpüklü olar. Nurəddin kəndiri dəstələyib qoluna keçirdi, bir sırayışda qayqda oldu. — Yoldaş Hüseynov, kürəyi siz götürün, çəpləməyi mən çox sevirəm, — deyə Nurəddin onun arxasınca qayığa atılan Hüseynovun qolundan tutub, müvazinət saxlamaq üçün kömək etdi. Sonra qarağacdan qayrılmış uzun çəpi götürüb suya saldı. Onun bir təkası ilə qayıq şötüyüb, sahildən aralandı və Kürün bulanıq səthinə qarşıdakı sahilə doğru irəliləməyə başladı. Hüseynov kiçik kürəyini dodağından süzülüb qayığın burnunu ısladan sıx damcılar arasından, köpüklü ləpələrin üzərində atılıb-düşən çör-çöp qırıntılarına baxa-baxa nə isə düşünürdü. O, bir qədər bu vəziyyətdə qaldı, sonra başını qaldırıb, yenicə qızarmaqda olan üfüqü gözdən keçirdi, dönüb Qarayazı meşəsinə baxdı, sonra üzünü Nurəddinə tutub dedi: — Mən həmişə bu yerləri görərkən buradan keçib cəbhəyə yola düşdüyüm günü xatırlayıram. Onda da belə bir aprel səhəri idi. Ətraf səssiz, Kür coşqun, mən də yalqız... Öz-özümə düşünürdüm ki, görəsən bir də bu yerləri görəcəksənmi? İndi isə budur, o vaxt keçdiyim yolu bir də keçirəm. Hüseynovun cəbhəyə düşdüyü gündən indiyə kimi tam altı il keçirdi. O, bu müddət ərzində Taqanroqdan başlamış Berlinə kimi uzun döyüş yolu keçmişdi. 1945-ci ilin yayında öz doğma vətəninə təsərrüfat idarəsinin direktorluğu vəzifəsinə təyin edilmişdi. Hüseynov Böyük Vətən müharibəsində qəhrəmanlıqla döyüşdüyü kimi əmək cəbhəsində də var qüvvəsilə çalışacağına söz verib, işə başlamışdı.Qayıq sahilə yaxınlaşmaqda idi. İsmayıl onları tanımışdı. O, şinelinin ətəyini dəstələyərək, iki metr aşağıdan başlayan yarğanın qaşına atıldı. Yarğanın üstü ilə bir qədər sola getdi. Burada yarğan alçalır və qayığın dayanacağı yerə tərəf kiçik bir çığır uzanırdı. O, həmin çığırla aşağıya tərəf qaçırdı. Hüseynov kəndiri yenidən dəstələyib: — Tut, — deyə İsmayıla tərəf atdı. İsmayıl kəndiri tutub, var qüvvəsilə qayığı çəkməyə başladı. Qayıq sahilin narın qumuna oturub dayandı. Hüseynov İsmayılı gülər üzlə qarşıladı: — Sabahın xeyir, Kəloğlan! Lap vaxtında gəlibsən. İsmayıl, Hüseynovun cəbhə yoldaşıdır. Hüseynov “Kəloğlan” ləqəbini də ona cəbhədə vermişdi. Hüseynovun komissar olduğu diviziyada İsmayıl top komandiri idi. Onlar 1942-ci ilin 9 mayına kimi keçdikləri döyüş yollarında çiyin-çiyinə vuruşmuş, düşməni öz mağarasında məhv etdikdən sonra yenidən vətənə qayıtmışdılar. Hüseynov Meşə Təsərrüfatı İdarəsinin direktorluğuna təyin edildikdən sonra İsmayılı öz yanına aparıb, idarənin gənclərdən ibarət işçi briqadasının briqadirliyini ona tapşırmışdı. İsmayıl öz direktorunun hər tapşırığını bir əsgər kimi dinləyir, sonra isə əmrin icrası üçün var qüvvəsilə çalışırdı. Bu dəfə də o, Hüseynovun verdiyi tapşırığı vaxtında həyata keçirdiyindən uşaq kimi sevinirdi.Onlar qayanın boyuna qalxdılar. Sahildən bir kilometr aralı, Qazaxla Tiflis arasında uzanan şose yolunun ətrafında yerləşmiş Şıxlı kəndi görünürdü. İlan kimi qıvrılaraq, sahil boyu uzanan şose yolunun səthi yenicə çıxmaqda olan aprel günəşinin ilkin şüaları altında gümüş kimi parıldayırdı. Kəndin üzərinə çökmüş çiskin, günəş yüksəldikcə seyrəkləşir, hər şey tam aydınlığı ilə görünməyə başlayırdı. Bir az keçmiş çiyinlərində bel, balta, külüng tutmuş kolxozçular bir-bir kəndin kənarındakı xırdaca təpənin üstünə toplaşdılar. Elə bu vaxt Hüseynov İsmayıla deyirdi: — Sağ ol, Kəloğlan, sənin fədakarlığını heç vaxt unutmayacağam. İsmayıl isə raport verirmiş kimi bir qədər ucadan deyirdi: — Dünən siz məni buraya göndərəndən sonra birinci dəfə kolxoz sədri ilə rastlaşdım. Ondan xahiş etdim ki, bir-iki günlüyə kolxozçular bizim kanal çəkilişinə kömək etsinlər. Kəndin ağsaqqal kolxozçularından Səməd dayı da oradaydı. Hər ikisi razılıq verdi: “20 nəfər kolxozçu işin sonuna kimi sizə kömək edərlər” — dedilər. Vəssalam. Mən də ki, səhərə kimi Səməd dayının evində dincəldim. Daha burada bir fədakarlıq görməyirəm ki, siz mənə deyirsiniz?!Kolxozçular sahilə tərəf axışırdılar. Yenicə yaz libası geymiş qızların kəlağayıları səhər mehinin təsirindən dalğalanır, işləməkdən gümüşü rəng almış baltalar, bellər və külünglər günəşin ziyası altında parıldayırdı. Şıxlı kəndinin bu gənc kolxozçuları içərisində dünya görmüş, qoca kolxozçular da vardı. Onlar da illərdən bəri su üzü görməmiş hektarlarla torpağa yenidən can vermək üçün tələsirdilər.

Kolxozçular Kürün sol sahilinə keçdikdən sonra Qarayazı meşəsinin dərinliklərinə tərəf irəliləyirdilər. Bu meşə cənubdan Kür çayı, şimaldan isə dəmir yolu ilə əhatə olunmuşdur. Bəzi yerlərdə meşə həddindən çox sıx, bəzi yerlərdə isə çox seyrəkdir. Belə seyrək sahələr və talalar ətraf kolxozçuların istifadəsinə verilmişdir. Meşənin ən gözəl və təbiətcə xoş hissəsi Şıxlı kəndinin əkin sahələri olan yerlərdir.Kolxozçular bu yerlərdən meşənin içərilərinə doğru irəliləyirdilər. Başları ərşə ucalan iri gövdəli palıdların yenicə açılmış yarpaqları pıçıldaşır, sanki yeni həyatın gənc qurucularını salamlayırdı. Gənclərin gərayılları ilə çəh-çəh vuran quşların ürək açan nəğmələri bir-birinə qarışaraq, ətrafa yayılırdı. Hüseynov, İsmayıl və bir neçə də ağsaqqal kolxozçu kanal haqqında söhbət edə-edə irəliləyirdilər. Hüseynov özü ilə yanaşı yeriyən, aprel ayı olmasına baxmayaraq qoyun dərisindən tikilmiş qalın kürk geymiş, əlli yaşlı, qarayağız, alçaqboylu kolxozçuya müraciətlə: — Səməd dayı, ağlın nə kəsir, kanalı mayın birinə kimi çəkib qurtara biləcəyikmi? — deyə soruşdu. Səməd dayı, şirmayı dəstəli çubuğunu dodaqlarından aralayaraq, qaşlarını çatdı, bir qədər düşündükdən sonra cavab verdi: — Oğlum, eşitdiyimə görə iş çoxdur, ancaq gücümüz də vardır. Ümid edirəm ki, qurtara bilərik. — O, bir qədər fasilə verdikdən sonra: — O biri kolxozçularla da danışıbsanmı? — deyə soruşdu. — Hər halda onlardan da kömək alsan pis olmaz. — Keçən axşam, işdən sonra “Qızıl ordu” kolxozuna getmişdim. “Pravda” kolxozunun sədri də oradaydı. Mən söz açmamışdan onlar pambıq səpininə başladıqlarını xəbər verdilər. Daha bir söz deyə bilmədim. Eybi yoxdur. Öz idarəmizin 60 nəfər gənclərdən ibarət işçi briqadası var. Onlardan 25 nəfəri pitomnik əkini ilə, 35 nəfəri isə kanal qazmaqla məşğul olacaqlar. Səməd dayı təəccüblə soruşdu: — Bəs keçən axşam İsmayıl mənə dedi ki, pitomnik əkinini martın 20-də qurtarmışıq. Bayaqdan bəri sükutla yeriyən İsmayıl söhbətə qarışdı: — Elədir ki var, yoldaş Hüseynov, siz hansı əkindən danışırsınız? — Doğrudur. Bu ilki pitomnik əkini planını respublikada birinci olaraq bizim idarə ödəmişdir. Amma mən yeni bir fikrə düşmüşəm. Biz kanalın suvara biləcəyi sahəni bu il istifadəsiz buraxmasaq böyük bir iş görmüş olarıq. Bir təsəvvür edin: əgər meşənin ortasındakı talanı gələcək ilin hesabına əksik təxminən 50 minə qədər şitil yetişdirmiş olacağıq. Bunun bir neçə cəhətdən əhəmiyyəti var: həm gələcək payızda Tovuz meşə idarəsinə 10 minə qədər ting verə bilərik, həm meşəmizin seyrək yerlərində, talalarında yeni meşəliklər salarıq, həm də vaxtından qabaq meşə zolaqları əkməyə başlayırıq. Bir sözlə, öhdəmizə düşən beşillik planın 4 ildə yerinə yetirilməsi üçün zəmin hazırlamış olarıq. Səməd dayı kürkünün yaxasını aça-aça: — Demək, sənin dediklərindən belə çıxır ki, hələ kanalı çəkməmişdən onun suvaracağı sahədə toxumu səpmək istəyirsiniz. Eləmi? — deyə soruşdu. — Elədir. — Belə de... Mən də deyirəm ki, bəs bizim meşə idarəsinin direktoru nə üçün soruşur ki, kanalı mayın birinə kimi çəkib qurtara biləcəyikmi? O, adəti üzrə çubuğunu dodaqlarına aparıb qaşlarını çatdı, bir qədər düşündükdən sonra əlavə etdi: — Arzun çox böyükdür, oğlum.Hüseynov gülümsünərək, başı ilə Səməd dayının sözlərini təsdiq etdi. Lakin İsmayılın bir sualı onun öz qarşısına qoyduğu məqsədin nə qədər məsuliyyətli olduğunu bir daha xatırlatdı. — Yoldaş direktor, bəlkə su vaxtında çatmadı, səpəcəyimiz toxum çürüyüb əldən çıxmazmı? Hüseynov İsmayıla çəpəki bir nəzər fırladaraq dedi: — Əgər mən düşündüklərim baş tutarsa çürüməz. — Yoldaş Hüseynov, mənim borcumdur ki, sizin dediklərinizə əməl edim. Lakin bu kanalın çəkilişində iş o qədər də asan deyil. — Doğrudur, iş çətindir. Lakin bu çətinliyin öhdəsindən gəlməliyik. Bildinizmi, Kəloğlan? İsmayılı qorxudan işin çətinliyi deyildi. O düşünürdü ki, “toxum səpilər, su vaxtında çatmaz, çürüyüb əldən çıxar, məsuliyyət də onun cəbhə yoldaşının boynunda qalar”. Onu qorxudan cəhət də elə burası idi. Lakin o, Hüseynovun inadkarlığını hələ orduda ikən hiss etmişdi. Bilirdi ki, o, qarşısına qoyduğu hər hansı bir məqsədi yerinə yetirməmiş geri çəkilən adam deyil. Ona görə də susdu. Başını aşağı salaraq, kanalın çəkilməsi nəticəsində əldə ediləcək müvəffəqiyyətlər haqqında düşünə-düşünə irəlilədi. Bu vaxt kolxozçular Saxundurun sahilinə çatıb bir yerə toplanmışdılar. Yəqin ki, gedəcəkləri istiqaməti bilmirdilər. Səməd dayı onların toplaşdıqlarını görüb bir qədər hündürdən: — Bala, niyə dayanmısınız? Yuxarı gedin, Saxundurun başına, — deyə əli ilə sol tərəfi göstərdi. Gənclər çay boyu ilə yuxarıya tərəf getdilər. Saxundur, Kürün bir qoludur. Bu qısa, lakin gur çay Qarayazı meşəsinin qərbindən Kürdən ayrılır, meşənin dərinliklərinə doğru axır. Təxminən 4–5 kilometr axdıqdan sonra yenidən burulub Kürə tökülür. Saxundur, başlanğıcından 2 kilometr aşağıda, ətrafı sıx meşəlik olan bir yerdə 20 metrə qədər enləşir, suyu olduqca iti axır. Yaz fəslində o biri sahilə keçmək istəyən atlılar bu çay haqqında qədimlərdən deyilmiş “Kürün balası da Kür olar” sözlərini istər-istəməz xatırlayırlar. Kolxozçular çayın enli yerinə çatıb dayandılar. İş buradan başlanacaqdı. Elə bu vaxt Ağstafa Meşə Təsərrüfatı İdarəsinin mühəndisi Niyazi öz kəhər atının üstündən qalınlıqdan çıxdı. O, atdan düşüb kolxozçularla görüşdükdən sonra gülər üzlə Hüseynova yaxınlaşaraq salam verdi. O, ortaboylu, buğdayısifətli, daima qaynar gözlərindən zarafat yağan bir adamdır. İlk baxışda ona otuzdan artıq yaş vermək olmaz. Diqqətlə nəzər saldıqda isə gicgahlarında ağarmış saçlar görünür. Sadədir. Bunun əksinə olaraq bəzən, görmüş olduğu hər hansı bir iş haqqında o qədər ciddi və odlu danışır ki, bəzi hallarda onu tanımayanlar öz aralarında “nə lovğa adamdır” — deyə danışırlar. Həqiqətdə isə bu xüsusiyyət Niyazidə yoxdur. Hüseynov ondan: — Bəs niyə maşınla gəlmədin? — deyə soruşduqda o: — Sənin maşınından mənim kəhər atım meşədə daha əlverişlidir, — deyə cavab verdi. — Maşının kəndə gec gələcəyini hiss edib, kəhər atı sürətləndirdim. Nurəddinlə yolda rastlaşdıq. Onu da kəndə mişar dalınca göndərdim, bu saat gəlib çıxar. — Çox gözəl. Layihəni gətirmisinizmi? Camaatı işlə tanış etmək lazımdır. — Mən onları layihəsiz də işlə tanış edə bilərəm. Hüseynov üzünü kolxozçulara tutub, bir qədər ucadan dedi: — Mühəndis sizi işlə tanış edəcəkdir. Hər tərəfdən “lazımdır”, “vacibdir” səsləri eşidildi. Niyazi sözə başladı: — Yoldaşlar, çayın bu hissəsində suyun səthi yerin səthindən 2 metr alçaqdır. Əgər Saxundurun qabağı lazımi göstərişlərə görə kəsilsə, su 40 sm-ə qədər şişə bilər. Bu halda kanalın başlanğıcında dərinlik 2 metrdən çox olmayacaqdır. Mənim layihəmdə suyun qarşısını dayandırmaq üçün çəkiləcək bəndin hündürlüyü 3 metr, eni 1, uzunluğu isə 20 metr göstərilmişdir. Belə olduqda su bəndi dağıda bilməz. Bəndin üç yerindən su keçidi qoyulacaqdır. Su azalarkən bu keçidlərə iri şalmanlar tullamaqla axının qarşısını asanlıqla almaq olar. Kanalın uzunluğu Saxundurun üç kilometrliyindəki işçi düşərgəsi yanındakı böyük talada əkəcəyimiz pitomnikin sahəsinə qədər olacaqdır. İndi, birinci növbədə bizim vəzifəmiz kanalın çəkilişinə mane olan bəzi pöhrənlik və iri ağacları qırıb təmizləməkdən ibarətdir. Kolxozçulardan biri Niyaziyə sual verdi: — Yoldaş mühəndis, bəs ağacları qırıb doğradıqda meşəyə ziyan vurmuruqmu? — Hər halda xeyrimiz, zərərimizdən artıq olacaqdır. Elə bu an “QAZ” maşını qalın yemşən pöhrənliyi arasında göründü. Nurəddin maşını xeyli aralı saxladı. Maşından bir dəstə mişar çıxarıb çiyninə aldı və kolxozçulara yaxınlaşdı. Kolxozçular iş alətlərini götürüb, nəzərdən keçirərkən, meşə idarəsinin işçi düşərgəsi tərəfindən qarışıq səslər eşidilirdi. Çox keçməmiş qızılcıq komalarının arası ilə uzanan kiçik çığırda bir neçə nəfər adam göründü. Bunlar gənclərdən ibarət işçi briqadasının nəfərləri idi. İsmayıl qabağa yeyib öz briqadasının üzvlərini salamladı. İşə başladılar. Niyazi əlində tutmuş olduğu nacaqla ağacların gövdəsində işarələr qoya-qoya addımlayır, gənclər də kanalın çəkilişinə əngəl olan hər cür maneələri aradan qaldıra-qaldıra onun arxasınca irəliləyirdilər. Gurultu ilə yıxılan, yerə dəyərkən qol-budağı əzik-əzik olan nəhəng gövdəli palıd ağaclarının qopardığı səs-küy bir anlığa nəzərləri cəlb edir, hamı müvəqqəti olaraq alətləri havada saxlayıb bu qocaman ağacların necə yıxıldığına tamaşa edir, sonra yenidən işə başlayırdılar. Bellər yerin bağrını yaralayır, külünglər yerin dərinliklərinə işləyir, hərdən bir çəpəşik daşlara toxunaraq cingildəyirdi. Mişarlanmış ağacların kötükləri, zəhmətin barı ilə bəslənmiş kolxozçu gənclərin zərbələrinə tab gətirmir, parçalanıb dağılır, qırıntıları əldən-ələ keçərək qalınlığa tərəf fırladılırdı. Qızlar iti ağızlı nacaqlarla pöhrəliyi qırıb tökürdülər. Kolxozçulardan bir neçə nəfəri də onların doğradıqları pöhrəlikləri kənara daşıyırdı. Hüseynovla İsmayıl hərəsi mişarın bir dəstəyindən yapışaraq, iri gövdəli bir qaraağacı mişarlayırdılar. Hüseynov sağ əli ilə mişarın dəstəyinin arası kəsilmədən irəli-geri çəkə-çəkə sol əli ilə alnında puçur-puçur olub damcılayan tərini silir və İsmayıla gözucu bir nəzər fırladaraq deyirdi: — Hə, Kəloğlan, əhvalın necədir? Çək görüm direktorla ayaqlaşa biləcəksənmi? İsmayıl isə dodaqaltı gülümsəyərək: — Yoldaş Hüseynov, mən belə yerlərdə bişib qaynamışam. Siz mənimlə yarışa bilməzsiniz, — deyə cavab verirdi. — Çək görüm, çək! Heyif ki, idarə işləri mənə mane olur, yoxsa gecə-gündüz səninlə birlikdə işləyib, yarışardım. Bir tərəfdə də Niyazi, meşəliyin təmizlənməsi yerlərini kolxozçulara göstərdikdən sonra nacaqı Səməd dayı ilə mişar çəkən Nurəddinə verib, özü mişarın dəstəyindən yapışmışdı. O da Səməd dayı ilə yarışırdı. Səməd dayı Niyazinin yanaqları aşağı süzülən tər damcılarına işarə edərək deyirdi: — Adını qoymusan cavan, amma bir bax alnından tər necə axır. Niyazi isə Səməd dayının yaşına yaraşmayan öyüncəkliyinə sadəcə gülümsəyir və deyirdi: — Səməd dayı, sən mənimlə bəhsləşmə. Qocalıb əldən düşmüşsən. Səməd dayı özünü sındırmaq istəmirdi: — Yox, gör sən üstümə bir qocalıq damğası da vura bilərsənmi? Nə qədər qoca olsam da yenə sənin kimi cavanın işini görərəm. — Niyazi yenə nə demək istədisə də Səməd dayı qəti hərəkətlə başını döndərib, var gücü ilə mişarı çəkməyə başladı. — Söhbət dananı qurda yedirdər. Çək! Onlar günortaya kimi bir-birilə yarışaraq arası kəsilmədən işlədilər. Bir vaxt Hüseynov əlini yuxarı qaldırıb günü göstərdikdə vaxtın hiss olunmadan gəlib-keçdiyini anladılar. Alətlər müvəqqəti olaraq yerə atıldı. Qızlar və oğlanlar göy soğana kimi xışıldayan yumşaq ot üzərində əyləşdilər. Ağ süfrələr salındı, naxışlı heybələrin ağzı açıldı, Şıxlı buğdasından bişirilmiş yumşaq yuxaların qatı açılıb ortalığa sərildi. Boşqablarda kərə yağı, mis camlarda camış qatığı və təzə hazırlanmış üzlü qoyun pendiri süfrələrə düzüldü. Səmərəli zəhmətdən sonra iştahla nahara başladılar. Nahardan sonra göy çəmənlik üzərində uzanıb bir qədər dincəldilər. Hüseynovun işarəsi ilə yenidən işə başladılar. Yenə nəhəng gövdəli ağaclar gurultu ilə yıxılır, özləri ilə bərabər başqa ağacların da qol-budaqlarını sındırıb yerə tökürdü. Gün günortadan əyilən kimi eni 6 metr, uzunluğu isə 100 metr olan bir sahənin meşəliyi tamamilə təmizlənmişdi. İş yenə əvvəlki qaynarlığı ilə davam etməkdə idi. Hərdənbir çevrilib arxalarına baxarkən gördükləri işin səmərəsindən ruhlanan gənclər itiağızlı baltaları yeni bir qüvvətlə ağacların gövdələrinə endirirdilər. Kötüklərdən qopan çalpanlar vıyıltı ilə havanı yarır, çəmənlik üzərinə səpələnirdi. İş olduqca qızğın gedirdi. Əgər belə davam etsəydi, kanal Hüseynovun nəzərdə tutduğu vaxtdan da tez çəkilib qurtara bilərdi. — Bir gündə kim nə qədər yer qazıya bilər? Kanalın kənarındakı torpaq yığununun üstündə durub öz briqadasının üzvlərini nəzərdən keçirən İsmayılın gur səsi hamının diqqətini cəlb etdi. Alçaq boylu, sarışın bir gənc, endirmək istədiyi külüngü havada saxlayaraq dedi: — On metr. Başqa birisi: — On beş metr. — İyirmi metr. Birinci dəfə “On metr” deyə səslənmiş gənc xəcalətdən başını aşağı saldı. Onunla yanaşı işləyən Səməd dayı oğlanın dağılıq saçlarına, utancaq çöhrəsinə nəzər salıb alçaqdan səslədi: — Sarı. Sarı başını qaldırıb Səməd dayının mənalı gözlərinə baxdı, daha da qızardı. — Sarı, doğrudanmı on metrdən artıq qazıya bilməzsən? — Qazıyaram. — Bəs niyə elə dedin? — . . . — Komsomolsanmı? — Hə. — Əvvəlki sözünün üstündə qalırsanmı? — Bir gündə on beş metr qazımağa söz verirəm. — Komsomolçu verdiyi sözü inadla yerinə yetirir, sən necə? Səməd dayının sualına Sarının, torpağa pərçimlənmiş daşı parçalayan külüngünün cingiltisi cavab verdi. Səməd dayı bu sadə, həm də bir qədər utancaq gəncə baxıb gülümsündü. İsmayılın sualı gənclərin arasında gizli bir “rəqabətin” başlamasına səbəb olmuşdu. Onlardan hər biri altdan-altdan yoldaşının çirmənmiş biləyini gözdən keçirməyə başladı. Bir an keçmədən onlarca külüng havaya qalxıb, torpağa endi. Bir tərəfdə də gurultusu ilə meşəni ağzına götürmüş “polad atlar” — kanal qazan kotanları bir təkanla yerin ürəyinə sancdılar. Bir az keçmiş, meşənin üstündə uzun bir duman zolağı yüksəlməkdə idi. Bu zolaq gedə-gedə meşənin dərinliklərinə doğru uzanırdı. Günəş, Kürün sahili boyu uzanan uca şam ağaclarının arxasından süzülüb o birinə keçir. İllərdən bəri suvarmaya möhtac qalmış torpağın parçalanmış sinəsi yenidən qovuşur. Torpağa yenidən can gəlir. Hələ bir qarışdan artıq boyu olmayan, yumşaq gövdəli akasiya ağacları bir daha boyunlarını qısmır, başlarını dik tutaraq, günəşin üzünə şax baxır... Payız gəlir. Ağacların yarpaqları saralıb tökülür. İndi şitillik sahəsi tamamilə dəyişmişdir. Burada boyu bir metrdən aşağı olmayan akasiya ağaclarından ibarət qalın bir meşəlik uzanır. Əli belli kolxozçular bu cavan meşəliyin çayları arasında dolanıb, qazıb çıxardıqları şitilləri dəstələyərək açıqlığa daşıyırlar. Avtomobillərə, arabalara doldurub Kür sahilinə yetirirlər. Yüzlərlə kolxozçu gecəni gündüzə verərək, yorulmaq bilmədən çalışır, pambıq tarlalarını və taxıl zəmilərini şərqdən əsən küləkdən qorunmaq üçün meşə zolaqları salırlar. Onlar təbiəti dəyişdirirlər...Arxa tərəfdən eşidilən ayaq səsləri Hüseynovu xəyaldan ayırdı. O, “bunların hamısı həqiqət olacaqdır” — deyə, öz-özünə pıçıldadı. Geri çevrilərək utandığından başını aşağı salaraq ayaqqabısının burnu ilə yeri qudalayan Sarını gördü. — Sarı, nədən burdasan? — Yoldaş direktor... O, bunu deyib susdu, əlini köynəyinin sağ cibinə aparıb karandaşla yazılmış bir kağız çıxartdı. — Burada hamısının adını yazmışam. Hüseynov kağızı alıb, ayın işığında oxudu. Sonra təəccüblə Sarının üzünə baxaraq: — Bunlar neyləyiblər ki? — deyə soruşdu. — Yoldaş Hüseynov, orada adını yazdığım uşaqlar briqadamızın komsomolcularıdır. — Çox yaxşı. Sonra? — Biz ay işığından istifadə eləmək istəyirik. Sarı bu sözləri dedikdən sonra geri çevrilib, əli ilə o qədər aralı, akasiya ağaclarının arasında dayanmış gəncləri göstərdi. — Hamısı gəlib. Biz xahiş eləyirik, yoldaş direktor... Hüseynov Sarının nə demək istədiyini başa düşdü. Sarının alnına dağılmış kıvrım saçlarını sığallayaraq: — Gedin, dincəlin, — dedi. — Gecə dincəlməsəniz, gündüz işləyə bilməzsiniz. Sarı bir söz demədən, başını aşağı salıb aralandı.Uşaqlar onu dövrəyə alıb, sorucu nəzərlərini ona dikdilər. Sarı başını qaldırmadan dedi: — İcazə vermədi. Deyir ki, gecə dincəlməsəniz, gündüz işləyə bilməzsiniz. İri gövdəli bir gənc onun böyrünə yavaşçadan bir dürtmə vuraraq səsləndi: — Niyə işləyə bilmərik? Əşi, sənin dilin, ağzın yoxdur ha?! Deyə bildirdinmi ki, yoldaş direktor, can bizimdir, işləyə bilərik. Vəssalam. Sarı dillənmədi. Yenə həmin gənc Sarının qolundan tutub kanalın kənarına tərəf çəkdi. — Uşaqlar, bəri gəlin, mən bilirəm nə edəcəyəm. Hüseynov Sarı gedəndən sonra ağır addımlarla düşərgəyə tərəf getdi. Bir qədər getdikdən sonra geri çevrilib hündürdən dedi: — Uşaqlar, gedin dincəlin, sabah bənd çəkilişinə gedəcəksiniz. Gənclərdən cavab gəlmədi. Onlar torpaq yığununun üstündə oturub Hüseynovun aralanmasını gözləyirdilər. O gedəndən sonra yenidən işə başlayacaqlar.Aprelin 29-da səhər saat doqquza yaxın düşərgə yolunda iki atlı göründü. İki atlıya meşədə çox rast gəlinir, hətta bəzən əhəmiyyət də verilmir. Lakin bu atlılar hamının nəzərini cəlb etmişdi. Çünki atlar dördnala çaparaq, birbaşa işləyənlərin üstünə gəlirdilər. İşçilərdən kim isə hündürdən səsləndi: — Qabaqkı mühəndisdir. Bir o qədər keçmədən başqa birisi: — Arxadakı da “Pravda” kolxozunun sədridir, — dedi. Atlılar yaxınlaşdılar, salam verib atdan düşdülər. Hüseynov, Niyazinin üzündəki sevinc ifadəsini görüb gözlərini ona dikdi. Niyazi üzünü gənclərə tutub soruşdu: — Bayramı kimi qurtara biləcəyik, uşaqlar? Səməd dayı irəli yeriyib, hamının əvəzinə cavab verdi: — Buna şübhə yoxdur, oğlum. Mayın birində kanalla su axmalıdır. — Yoldaşlar, mən bu saat şitillik sahəsinə səpdiyimiz toxumu müayinədən keçirdim. Hələ üç-dörd gün suyu gözləyə bilər.Kanalı bu tezlikdə çəkib qurtarmağımız bizim üçün misli görünməmiş müvəffəqiyyətdir. O, bir qədər fasilə verdikdən sonra əlavə etdi: — Mənim sizə deyəcəyim bir şad xəbər də var... O, üzünü saysız-hesabsız şitil ləklərinə tərəf çevirərək davam etdi: — Əgər kanal şitil ləklərini arasına yarım kilometr daha uzadılsa, “Pravda” kolxozunun 30 hektarlıq pambıq sahəsini suvara bilər. Bu xəbər meşə işçilərinin arasında böyük şadlığa səbəb oldu. Bayaqdan bəri bir tərəfdə dayanaraq deyilənlərə qulaq asan “Pravda” kolxozunun sədri dilləndi: — Bizim kolxozçular yarım saata kimi, bəlkə də daha tez burada olacaqlar. İsmayıl əlindəki külüngünü qayığına keçirərək briqada üzvlərinə müraciətlə dedi: — Yoldaşlar, bu bizim üçün böyük xoşbəxtlikdir. Hüseynov sağ əlini onun çiyninə qoyub dedi: — Muğanlı kolxozçuları ilə Şıxlı kolxozçuları birlikdə kanalın qalan hissəsini qazıyıb qurtararlar. Sən briqadanı bənd çəkilişində işləyən yoldaşların köməyinə apar ki, bu axşam bənd çəkilişini qurtara biləsiniz. Elə bu vaxt “Pravda” kolxozçularının qabaq dəstələri yemşən pöhrənlikləri arasında göründü.Qaranlıq qarışmaq üzrə idi. Kanalın axırıncı metrlərini qazımaqda olan kolxozçuların çöhrələri, arası kəsilmədən qalxıb-enən külüngləri, qazılmış torpağı kənara tullayan bellərin ağzından qopan toz-duman içərisində güclə seçilirdi. Bir azdan, Qafqaz sıradağlarının arxasından baş qaldıran ayın ilkin şüaları işləyənlərin sifətlərini aydınlaşdırdı. Bu vaxt Niyazi əlindəki külüngü bir tərəfə atıb gülər üzlə Hüseynova yanaşdı: — Mən dolmaya gedirəm. Sarının dəstəsi, verdikləri sözə görə, bu axşam bənd çəkilişini tamamlamalıdır. O, Hüseynovun cavabını gözləmədən bir az aralı, göy çəmənlik üzərində otlayan atına tərəf getdi. Sevindiyindən atı yəhərləməyi belə unudub, çılpaq atın belinə sıçradı, kanalın başına tərəf çapdı. Gecə saat on ikiyə yaxın Qarayazı meşəsindən ucalan “ura” səsləri ətraf kəndlərdə eşidilirdi. Bu, qələbədən sonra doğan ürək çırpıntılarının bir ifadəsi idi.1 May səhəri açılarkən düşərgənin kiçik evləri üstündə al bayraqlar yellənməkdə idi. Düşərgəni mühafizəyə almış akasiya ağaclarının ətir qoxuyan çiçəkləri başlarını aşağı salaraq, şəhərin ahəstə mehinin təsirindən yavaş-yavaş yırğalanırdı. Hələ çox erkən olmasına baxmayaraq, ağacların arası adamla dolu idi. Kiçik talanın ortasında qırmızı örtüklü bir stol, ətrafında bir neçə stul qoyulmuş, arxasında isə oraq-çəkic nişanlı qırmızı bir bayraq sancılmışdı. Bir az aralı, akasiya ağaclarının arası ilə uzanan kanalın ətrafındakı hündür torpaq yığınları görünürdü. Düşərgənin kiçik yaşlı uşaqları torpaq yığununun üstündə oturub, axmaqda olan bulanıqlı suyun çör-çöplü səthinə baxırdılar. Günəş Qafqaz sıra dağlarının arxasından baş qaldırarkən düşərgədən talaya bir neçə adam yaxınlaşmada idi. Bunlar kanal çəkilişinin təşkilatçıları Hüseynov, Niyazi və İsmayıl idilər. Şıxlı kolxozçularının ağsaqqalı Səməd dayı da sarıyanız bir gənclə söhbət edə-edə irəliləyirdi. O gənc Sarı idi. Çünki son vaxtlar Sarı Səməd dayıya yaman isinişmişdi. Bütün işlərini onun köməyilə görür, çətinliyə düşərkən ondan məsləhətlər alırdı. Hüseynov qırmızı örtüklü stolun arxasına keçdi. Başını vüqarla qaldırdı, camaatı gözdən keçirdi. Sonra “1 May günü” mövzusunda, meşə işçilərinin bu bayramı böyük qələbələrlə qarşılamaları, xüsusilə çəkilmiş kanalın əhəmiyyəti haqqında danışdı. O sözünü belə bitirdi: — Yoldaşlar, bu gün ölkəmizin bütün vətəndaşları 1 May bayramını böyük nailiyyətlərlə qarşılayırlar. İndi bizim qarşımızda daha böyük və şərəfli bir vəzifə durur. O da gələcəkdə əkin tarlalarımızı və zəmilərimizi küləkdən qorumaq üçün böyük meşə zolaqları salmaqdan ibarətdir.
1949
Eyni bölmədən
Oxşar yazılar

"Cinayət və cəza" romanını bir dəqiqəyə oxu - CIRTDAN ROMAN
Nargin Sənət Adası "Cırtdan roman"* layihəsini davam etdirir...

"Anna Karenina" əsərini bir dəqiqəyə oxu - CIRTDAN ROMAN
Zaman yoxluğundan natamam qaçış

Azərbaycan kinosunda xəyanət səhnəsi #2 - Öldürən cümhuriyyət generalıdır - VİDEO
"Qatır Məmməd" filmindəki Əziz - arxadan vuran, əslində, cümhuriyyət generalıdır

