Əlində isti təndir çörəyi, cibində sehrli hekayələr - "Sum" romanından parça..
Məlik Rzanın yeni romanı

Nargin.az Məlik Rzanın yeni "Sum" romanından parçanı təqdim edir.
Yalnız burda isti yay günlərində parklardakı açıqhava pivəxanalarında rəngini günəşdən alan pivə içərkən fontanlar ətrafında qaçışan qayğısız uşaqlar kimi xoşbəxt ola bilərsən. Yalnız burda, hüzurlu bir yaz günündə uğursuzluğuna, pulsuzluğuna, kədərlərinə baxmayaraq canında duyduğun xəfif mehlə və ətrafındakı dünyanın hüzuru ilə həyata yenidən inana bilərsən. Yolları istədiyin yerdən keçə bilərsən. Gözəl bir qış səhərində əlindəki təndir çörəyinin istisini duyaraq və o çörəyi bişirən yumru qadınının xoşbəxt üzünə baxaraq həyatı necə yaşamalı olduğunu bilərsən. Səhərlər oyanıb yorğun gövdənin əzginliyini isti duşda yumşaltdıqdan, ətirlənib ütülü paltarlarını geyindikdən sonra sevgilini gözləyərsən. Gecə növbəsindən qayıdan sevgilini öpərsən və qapıdan çıxmamış ona üşüməməsi üçün mütləq yatağın vücudunun istisini əmanət etdiyin tərəfində yatmasını deyərsən. Həyətiçlərindən tək-tənha keçib dayanacağa gələrsən və orada sənin kimi sovet binaları ilə çənbərlənmiş müxtəlif məhəllərdən gələn adamlarla birgə avtobusu gözləyərsən. Avtobus ağ göyərçinlərinin başları sevgililərinin zərif əllərilə kobudluqla üzüldükdən sonra canlarını itirən devlərin bağırdeşən uğultusu ilə yaxınlaşar, dayanar. Sən bayat bir simit, ilıq çayla səhər yeməyini çoxdan tamamlayarsan və yolboyu bir əlinlə tutacaqdan yapışıb bədəninin müvazinətini saxlayarkən digər əlindəki dördkünc ekrandan sehrli hekayələr oxuyarsan. İşə çatarsan, iş yorar, bezdirər. Günorta siqaret çəkərək səmada ardınca nazik qoşa xətt qoyan təyyarənin uğultusunu eşidərsən və bu uğultu sənə faniliyini xatırladar. Yeməkdən sonra canını ölüm qorxusu tutar. Amma axşam evində səni gözləyən sevgilin, nəşəli dostların, əsrarlı rəsmlərin və yazmalı olduğunu romanın varsa, həyata inanar, ölümü unudarsan. Qarğa sürüləri dəli bağırtılarla qüruba uçar, günəş gilyotinin kəsdiyi baş kimi üfüqün ardına düşər. Evinə piyada qayıdarkən, gecə növbəsinə getməyə hazırlaşan sevgilini düşünərsən. Onunla sevişəcəyini düşünərsən. Evin qaranlığı ilə dünyanın aydınlığının yer dəyişdiyi anın yetişdiyini duyarsan. Bir pivəxanada lövbər salıb iki bakal içərsən, kefin durular, ruhun paklanar və uzaqda sarı işıqlarını gördüyün pəncərənin ardındakı aləmi cənnət bilərsən. Bir azdan evinə yetişəcəksən və sevgilinlə tələsik sevişdikdən sonra masada qarşı-qarşıya əyləşib yeməyinizi qaşıqlayacaqsınız. Gün bitir, pilləkanları çıxırsan. Təzə-tər tərəvəz qoxulu, körpə qoxulu pilləkanları və qapının nömrəsi ilə üzbəüz dayanırsan. Sonra qapını açmamışdan öncəki bir an blokun pəncərəsindən baxdığın parkdakı qələbə abidəsinin önündə O.-nu görürsən. Silahını, K-7-sini sənə tuşlayıb və ölməmək üçün qapını açdıqda evinin zülməti, soyuğu ruhunu qucaqlayır və ayaqların dopdolu bir çamadana ilişib səni yerə yıxarkən artıq mənim SN yox, O. olduğumu bilirsən və qatillərimin röyalarının gözəl torpaqlı bağçalarında da vahiməli kölgələrilə peyda olduğunu anlayırsansa, yuxundan oyan! Səni də dostların kimi öldürəcəyik.
Eyni bölmədən
Oxşar yazılar

Vəzifəyə görə atasının sümüklərini qəbirdən çıxartdı - HEKAYƏ
"Ala-bəzək çamadan" hekayəsi

Ramiz Rövşənin hekayəsi - "Hamı oğul böyütmüşdü"

Qayçı - Ən çox danışılan hekayələrimizdən...
Məhəmməd Zəngəzurun qaçqın yetimlərindən idi. Kəndləri dağılıb talan edilən zaman bacısı Zeynəblə bərabər baş götürüb qaçmışdı...

