Sənətlərin sintezi

Banan qabığından Madonna ayaqqabısına: Kobi Levi fenomeni

Kobi Levi fenomeni

Nargin redaksiyası24 avqust 20265 dəqiqəlik oxu
Banan qabığından Madonna ayaqqabısına: Kobi Levi fenomeni

Kobi Levi fenomeni

Yeniliyə avanqard üslubda yanaşmaqla dünya bədii təcrübəsini ironikliklə modernləşdirmə cəhdləri sənətin yeni müstəvisini yaratmaqda, sənəti öz orbitindən laxlatmağa cəhdlər edilirdi. Ötən əsrin bitişində təkcə individual avanqard meyillər deyil bütövlükdə dünyanın modernist konsepsiyası ucsuz-bucaqsız xaos içində idi. Sənətin mənası və təyinatı dəyişirdi və bütün bir yüzilliyi əhatə edən yeni cərəyanlar məhz bu mərkəz-fikir üstündə hərəkət etdi. Reallıq və həyat həqiqətlərini fantaziyalar təyin etmirdi əksinə fantaziya və xəyal gücü həqiqətin yeni təyinatına dönüşdü. Necə ki 2016-cı ildə TED (ing. Technology-Entertainment-Design, tərcüməsi: Texnologiya-Əyləncə-Dizayn. 1984-cü ildən başlayaraq hər il keçirilən genişmiqyaslı konfrans) üçün çıxış nitqinə Kobi Levin, bu yeni konsepsiyanın manifest şüarına çevriləcək başlıq seçmişdi: “Reallıq fantaziyaya çevrilir”. Kimdir Kobi Levin?

Kobi Levin avanqard, pop sənət tərzində ayaqqabılar və “dəcəl” çantalar hazırlamasıyla tanınıb-məşhurlaşan israilli rəssam və dizaynerdir. O, 1977-ci ildə İsrailin Tel-Əviv şəhərində anadan olub. Hələ lisey illərindən kartondan və ekoloji cəhətdən təmiz materiallardan istifadə edərək ayaqqabı modelləri düzəldərək uzun bir yol keçmişdir. 2001-ci ildə Yerusəlimdə yerləşən Bezalel İncəsənət və Dizayn Akademiyasından məzunu olur. 2002-ci ildə ABŞ-a gələn gələcəyin yenilikçi dizayneri əsrarəngiz küçələri və rəngli göydələnləriylə Nyu-Yorkun möhtəşəmliyindən ilhamlanaraq qeyri-adi bir sənət üslubu seçmək qərarına gəlir. Nyu-York günlərində Kobi sənətdə öz xəttini yaratmaq düşüncələriylə və hər şeydən əvvəl nə etmək istədiyi sualı ilə mübarizə etməyə başlayır. Təsəvvürün bir həddi olduğu düşüncəsiylə razılaşmayan Kobi incəsənət və moda arasındakı sərhədləri pozmağa qərar verir: gündəlik əşyaların mahiyyətini ayaqqabılarda birləşdirir. Kobiyə görə, yaradıcılıq - ifadə, rəng və ixtiraçılıqdır! Hər şeyi parlaq rənglərlə uyğunlaşdırmaq əsl fantaziya oyunudur.

İsrailli dizayner gündəlik əşyalardan ilham alaraq ən qeyri-adi hündürdaban ayaqqabıları yaradır. Sənətçi yüksək dəb yaratmaqdan daha çox bir çox qadının cəmiyyət içində geyinməyə cəsarətini etmədiyi yumoristik görüntülü dikdabanlar hazırlayır. Dizaynerə görə, yeni bir məhsul yaratmaq üçün tətikləyici fikir, konsepsiya və görüntü ağla gəlməlidir. Təxəyyüldə canlandırılmış təsvir ayaqqabıyla yəni “material növüylə” birləşir və bu hibridlik dizayn, konsepsiya yaradır. Levi üçün ayaqqabı məişət əşyasından ziyadə öz təxəyyülünün əldə tutulan, gözlə görünən əksidir. “Ayaqqabılar geyinilə bilən heykəllərdir” fikriylə “ayaqqabı dünyası”nı qırağa ataraq təxəyyülü yüksəkdə tutduğunu göstərir. Onun kimi həqiqi bir ayaqqabı dizayneri olmağın və şah əsərlər yaratmağın əsas səbəbi illərlə məşq və təcrübə ilə öyrənilən bir texnikanı mənimsəməkdir. Çünki Kobi Levinin dünyada ün qazanmış ən qəribə ayaqqabıları arxasında bir iş, dəqiq və düşünülmüş bir texnika olan əsl şah əsərlərdir. Onu ən çox tanıdan məşhur işləri: “Market arabası” ayaqqabısı (1998), “Sallanan kreslo” ayaqqabısı (2003), “Dil” ayaqqabısı (2005), “Saqqız” ayaqqabısı (2009), “Banan” ayaqqabısı (2010), “Sapand” ayaqqabısı (2010), “Qu quşu” ayaqqabısı (2011), “Sarışın ambisiya” ayaqqabısı (2011) …

Levi CNN-ə verdiyi müsahibəsində "Bunlar hər zaman əsl ayaqqabılardır. Heç vaxt sadəcə bir oyuncaq deyildir" deyir. Əlavə edir: “Hər cütü bir-bir düzəldirəm. Onlar hər dəfə həmişəkindən daha çılğın görünürlər sadəcə, buna görə insanlar bəzən bunun geyinilə biləcəyinə inanmırlar”. CNN-ə başqa bir açıqlamasında dizayner “Ayaqqabıları hazırlayarkən bir heyvan və ya obrazın ikonik bir görünüşdən, zaman içində donmuş bir vəziyyətdən və ya ayağın özü şəklindəki bir forma da daxil olmaqla bir çox şeydən təsirlənə bilirəm” söyləyir.

Kobi üçün hər şey səbəb və ilham mənbəyidir. Gündəlik həyatı ayaqqabı hazırlamaq üçün hekayələrin və duyğuların tükənməz bir mənbəsi olaraq görür və mikrokosmoslar kainatı yaradır. Onun haqqında bir jurnalda “Bir nağıl olaraq “Küllücə”nin qəhrəmanı nağılda ayaqqabısını itirirsə, Kobi Levi ilə hər nağılın özü geyinmək üçün ayaqqabı olur. Oyun, ilham, rəng, dahilik və ehtiyatlılıq və daha sonra balansını itirmədən həddindən artıq yüksək səviyyəyə çatan fantastik bir ölçü. İnanmaq üçün geyinin!” fikirləri yazılmışdır. Bu hazırlanmış və məhdud sayda buraxılan Levinin cəsarətli ayaqqabı dizaynları, güclü bir şok faktoru ilə sənət, dizayn və modanın ləzzətli bir qarışığıdır. Qəribə və qarmaqarışıq konsepsiyaları moda və sənət arasındakı sərhədləri bulanıqlaşdırır.

2010-cu ildə Kobi bütün əl işlərinin fotolarını çəkdi və bir bloqda yerləşdirdi. Bloq qısa müddətdə hit oldu. 2011-ci ilin iyul ayında Tel-Əvivdə şəxsi studiyasını açır və orada tikiş maşınıyla ayaqqabılar hazırlamağa başlayır. Bananlar, “partladılmış kuklalar” və sanki topuğa yapışdırılmış saqqız kimi görürən dikdaban ayaqqabılar və qadınların gözəl və incə canlılar olduğunu xatırladan qu quşları ayaqqabılarıyla Kobi, dünya səviyyəsində sərgilənən absurd orijinal ayaqqabıları hazırlayaraq yumor və sosial satiradan da istifadə edir. Eyni zamanda seksi, gülməli və ruhlandırıcı ayaqqabılar də Kobi tərəfindən məhdud və eksklüziv buraxılışlarla hazırlanır.

Sonra məşhurlardan zənglər gəlməyə başlayır və beləliklə ulduzlar yavaş-yavaş Levinlə işləməyə başlayır. Ledi Qaqanın moda direktoru Leviyə "Born This Way" adlı klipində istifadə üçün məxsusi ayaqqabı hazırlatdırır. Ayaqqabılara pərəstişkarlığı ilə tanın aktrisa Whoopi Goldberg ayaqqabı kolleksiyasına əlavə etmək üçün Levi ilə birdənçox ayaqqabı hazırlatmaq üçün əlaqəyə keçir və beləliklə məşhur banan qabığı ayaqqabıları ərsəyə gəlir. Black Eyed Peas qrupunun qadın müğənnisi Fergie də bir videoda iki cüt Kobi Levi istehsalı ayaqqabısı geyinir. O, Madonna üçün "Sarışın ambisiya" adlı ayaqqabını hazırlayır. Həmçinin, o, 2018-ci ildə “Eurovision” mahnı yarışması finalçısı israilli müğənni Netta Barzilai üçün də ayaqqabılar hazırlayır.

“Saqqız” ayaqqabısı (2009) üçün 2240 dollar, Maddonanın “Sarışın ambisiya”sı (2011) isə 3080 dollara satılır. Kobinin ayaqqabılara “geyinilə bilən heykəllər” deyərək dəyərləndirdiyini nəzərə alsaq, ayaqqabılara qoyulan qiymətin sensasional dərəcədə təəccüblü olduğunu demək doğru olmaz.

Hazırda ayaqqabıların yüksək dizaynla hazırlanmasıyla sərbəst məşğul olan Kobi Levi, bir çox İsrail və beynəlxalq şirkətlərlə əməkdaşlıq etdir. Bir çox fərqli ölkələrdə öz işlərini nümayiş etdirir və sərgilər keçirərək “əsərlərini” daha geniş kütlələrə tanıtmağa davam edir. Həmişə şok effekti yaradan işlərlə qarşımıza çıxan israilli dizayneri son vaxtlarda yaradıcılığını koronavirus temalı əl çantası hazırlamağa yönəldir. Tibbi maska və insanları evdə qalmağa səsləməyin bir rəmzi olaraq qıfıl görünüşlü çantalar hazırlayıb. Müxbirlərin niyə camaatın görməkdən bezdiyi və ehtiyac duymadığı əşyaları əks etdirən çantalar hazırlayırsınız?” sualına Kobi Levi “Bunu “tərk edilmiş” aksessuarları yenidən canlandırmaq kimi görürəm” deyə cavablayır.

Eyni bölmədən

Oxşar yazılar