Balaxanının bəzi varlıları o qədər harınlamışdılar ki..
Balaxanı niyə Bakı kəndlərinin ən dövlətlisi sayılırdı?

Balaxanı camaatı (Bakı kəndləri arasında və şəhərin özündə) dövlətli hesab edilirdi; o həyət, o zəmi, o bostan yox idi ki, orda bir neçə nöyüt quyusu olmasın.
Məclislərdə, xüsusən toylarda bərbəzəkli, zəngin geyinərdilər. Arvadları, gəlinləri, hətta azyaşlı qızları qızıl, mirvari, ləl-cəvahirat içində olar, uzaqdan diqqəti cəlb edərdilər. Nabələd adamlar onları görəndə heyrətə gələrdilər. Kişilər zəvvar dəstəsinin qabağında yeriyən çavuş qatırı sayaq bəzək -«zınqırov» içində olardılar. Qiymətli xəncər, beybut, tapança gəzdirər, buxara papaqlar yarım arşın hündürlükdə... Həddindən artıq bədxərc, mənəm-mənəm deyən, davanı pulla satın alan idilər. Meyxanaya girib keflənər, durub gedəndə gözləri ayaqlarının altını görməz, birdən dayanardı; deyərdilər ki, qapı o tərəfdədir, gedin ora. Harınlığına salıb ayağını dirəyərdi yerə, inad edərdi ki, mən burdan çıxacağam, sökün divarı, yol açılsın, əskinası səpələyərdi yerə. Bənna-fəhlə gətirdib divarı sökər, yol açardılar.
Belə harın dövlətlilərdən biri haqqında balaxanılı Cəlilov belə danışırdı: Şəhərdə «kef» edəndən sonra küçələrdə veyllənə-veyllənə gəlir çıxır «Qoşa-qala» qapısı olan yerə, Haşımov meydanına. Görür ki, Hacı Zeynalabdin Tağıyevin maşını ordadır. (Bakıya ilk dəfə avtomobili Tağıyev gətirtmişdi, ondan sonra Rotşildlər). Şoferə yaxınlaşıb deyir ki, məni apar kəndə. Şofer cavab verir ki, gücün çatmaz, çox bahadır. Hərif hökmlə soruşur: «Axı, nə qədərdir?»
Şofer yaxasını qurtarmaq üçün deyir: «iyirmi beş manat». (İyirmi beş manata bir əla fayton və iki köhlən at almaq olardı). «Verrəm iyirmi beş manatı!» deyə oturur maşına. «Sür görüm!»
Şofer yola düşür, tünlük olan mərkəzi küçələrdə dalbadal fit verir, adamları xəbərdar edir; elə ki, seyrək küçələrə çıxır, daha fit vermir. Hərif dilxor olub xəbər alır ki, «Ayə, niyə onun zurnasını çalmırsan?». Şofer onu başa salır ki, o zurnanı çox çalmaq olmaz, ona da pul verməlisən.

«Eybi yoxdur, verrəm, çal!» deyə hərif harda iki-üç adam, qəşəng, kök arvadlar görür fiti dalbadal çaldırır.
Balaxanıya çatanda kənd əhli tökülür maşının qabağına. Hərif şoferdən soruşur: «Nə qədər verəcəyəm?» Şofer deyir: «iyirmi beş manat maşın haqqı, otuz beş manat da zurna üçün».
Hərif şoferin pulunu verib yola salır. Hərə bir tərəfdən xəbər alır ki, necə gəldin, nə qədər xərcim çıxdı! hərif deyir: «Maşının qiyməti ucuzdur, amma zurnası çox bahadır».
Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından
Eyni bölmədən
Oxşar yazılar

Azərbaycan kinosunun xəyanət səhnəsi N1 - "Məni aldadıb o filmə çəkiblər" - VİDEO
Azərbaycan kinosunun yaddaşlara həkk olunmuş həmin xəyanət səhnələrini təqdim edirik

Neft bumu illərində Bakı: çəlləklər, çirkli çalalar və üfunət
Mığmığ və qara milçək əlindən tərpənmək olmurdu: köhnə Bakı


