Küçələri zibil basdı, şəhər işıqsız qaldı: Bakının böyük tətili

1903-cü ilin iyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili başlayır. 50 minə yaxın tətilçi «Məhv olsun mütləqiyyət», «Yaşasın sosializm», «Yaşasın hürriyyət», «8 saatlıq iş günü», «Məvaciblər artırılsın», «həbsə salınmış nümayişçilər azad edilsin!» şüarları ilə küçələrə çıxıb çarizmə və kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi.
Fəhlələrin bu əzəmətli çıxışına RSDFP-nin Bakı Komitəsi rəhbərlik edirdi.
Mədənlərin anbarlarında, zavodlardakı çənlərdə neft aşıb-daşır, heç kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdu.
Şəhər bağına toplaşan tətilçi dənizçiləri polis qovur. Onlar da gedib şəhər kənarında, sallaqxanada yığışırlar. Üstlərinə atlı kazak göndərib oradan da qovurlar. Hərbi gəmilərdə çalışan fəhlə, matros, kapitan və mexanikləri gəmilərə yük vurmağa vadar edirlər. Tətil üç həftəyə qədər sürür. Bu tətilin təsiri nəticəsində bütün Zaqafqaziyada və Rusiyanın cənub şəhərlərində fəhlə çıxışları başlayır.
Bakı şəhəri tətil hərəkatında fəal iştirakına görə başqa yerlərdən fərqlənir, hərbi düşərgəyə oxşayır. Hökumət ağır cəza tədbirləri görüb tətillərə son qoymaq istəyir. Fəhlə hərəkatı getdikcə genişlənir.
Çar hökuməti, əksinqilabi ünsürlər 1905-ci ildə erməni-müsəlman qırğını salmaqla inqilabi hərəkatın səmtini dəyişdirməyə cəhd edirlər. Qardaş qırğınını törədən qubernator Nakaşidzeni öldürürlər. Vəziyyət daha da gərginləşir. Peterburqdan daxili işlər nazirinin müavini, məşhur cəllad Fon Vanı təcili Bakıya göndərirlər. O, stansiyada vaqondan düşəndə platformalar, meydan və küçələr jandarm və atlı kazaklar tərəfindən tutulmuşdu. Addımbaşı mühafizə dəstəsi dayanmışdı. Kənar adamları yaxına qoymurdular. Binaların damlarında belə soldatlar növbə çəkirdi. O ətrafda və Fon Vanın keçəcəyi küçələrdə gediş-gəliş və bütün nəqliyyatın hərəkəti dayandırılmışdı.
Fon Vanı mühafizə dəstəsi araya alıb karetaya qədər müşayiət edir. Atlar küçələrdən dördnala çapırdı, daş döşəmədən yan-yörəyə qığılcım sıçrayırdı, Voronsov (Əzizbəyov) küçəsindəki 4 nömrəli mülkün qabağında dayanırlar, Fon Van karetadan cəld düşüb binaya girir. Onu qubernator və bələdiyyə rəisi müşayiət edirlər.
Evin dövrəsindəki küçələr polis və jandarmlar tərəfindən tutulmuşdu, O həndəvərdə də gediş-gəliş qadağan edilmişdi. Fon Vanın Bakıya gəlməyilə kütləvi həbslər başlanır.
Tətilçilər zora zorla cavab verirlər. Elektrik stansiyasının fəhlələri və qulluqçuları işə çıxmırlar. Şəhərə işıq verilmir. Səhəri gün su daşıyanlar su daşımırlar, süpürgəçilər küçələri süpürmürlər. Faytonçular, arabaçılar, konka sürənlər, konduktorlar işə çıxmırlar, ağ neft, şam satanlar dükanları açmırlar, alver eləmirlər. Dalandarlar tətilə qoşulur, küçələri zibil basır.
Soldatları səfərbər edib konkanı işə salırlarsa da sərnişin tapılmır.
Fon Van hər gün səhər saat 9-da karetada güclü kazak və jandarmların mühafizəsilə qubernatorluğa gəlir, axşama qədər tətilləri dayandırmağa sərəncam verir. Nəhayət, silah və şallaq, zorakılıq, zülm, həbs və sürgün gücünə tətilləri qismən boğurlar.
İnqilab hərəkatını boğmaq üçün, tətillər bir daha təkrar olunmasın deyə 1906-cı ildə Nikolayın fərmanı ilə bir neçə şəhərdə - Peterburqda, Moskvada, Kiyevdə, Tiflisdə və Bakıda şəhər rəisliyi (qradonaçalstvo) yaranır.
Martınov adında bir cəllad (qradonaçalnik) Bakı rəisi təyin edilir. Bu qəvi cüssəli, zəhmli, əzazil adamın rəngsiz, bozumtul, xırda gözlərindən qəzəb yağırdı. seyrək, kürən saçları vardı. Polkovnik libası geyər, çiynindən asılmış enli baftadan sallanan şaşkanın ucu yerlə sürünər, tez-tez çəkmələrinə məhmiz taxardı. Boynundan asdığı zağlı polad xaç par-par parıldayardı, polad xaçın çox böyük imtiyazları vardı. Martınov özü üçün xüsusi fayton düzəltdirmişdi. Bu fayton iri və içi dərin idi. Arxa tərəfdə üç nəfər otura bilirdi. Çox vaxt faytonla yanaşı, piyada yeriyirdi. Qoçular Martınovun adı gələndə zağ-zağ əsər, uzaqdan görəndə gizlənərdilər. Küçədə təsadüfən rast gələndə isə yerə qədər əyilib təzim edər, sonra da qabağında quruyub, dirək kimi dik dayanardılar. Qoçular buxara dərisindən hündür papaq qoyardılar. Martınov başladı qoçu papaqlarını qısaltmağa. Hündür papaqlı qoçunu görəndə yavərə him edərdi; o da, qoçunun papağını götürüb qəmə ilə ikiyə bölər, aşağı hissəsini qoçunun başına keçirdər, üst hissəsini isə üstünə tullayar, ya da ki, yerə atardı. Qradonaçalnik qubernatora yox, birbaşa Peterburqa tabe idi. Böyük səlahiyyəti vardı. Martınov «tətil» və «tətilçi» sözünü eşidəndə qəzəblənib özündən çıxar, dövlətə və hökumətə ağ olanları huşunu itirənə qədər şallaqladar, al-qan içində əl-ayağına buxov taxıb elə itirdərdi ki, nə yerini bilən, nə də sorağını verən olardı.
Tez-tez faytonda ayaq üstə dayanar və atları dördnala çapdırardı. Adamlar bir-birini Martınovla qorxudardılar. Şəhər rəisliyinin idarəsi Mixaylov - sahil (Neftçilər) küçəsi ilə Bağ (Çkalov) küçəsinin tinində (həkimlər evi) idi. Bir eyvanı qubernator bağına, ikincisi isə dənizə baxırdı. Özü də o binada yaşayırdı. Gecə-gündüz qapısında gözətçi qaradovoy dururdu. Baş qapının üstündə, bir də tində iri qaz fanarı asılmışdı, axşamlar məhəllə elə çıraqban olurdu ki, göz qamaşırdı...
Tətilə yol verməmək, «özbaşınalığın» qabağını almaq üçün iri neft sahibkarlarının «Sovet siezd»i polis xərcləri üçün ildə 535 min manat pul verərdi.
Şəhər rəisliyi inqilab və tətil sözü eşidəndə bütün məsələlərə qarışır və tez də tədbir görürdü. Hətta İrandakı Səttarxan hərəkatı ilə əlaqədar Tiflisdən 1908-ci ilin sentyabr ayında Bakı şəhər rəisliyinə aşağıdakı məzmunda məktub gəlir: «Qafqaz canişinliyinin aldığı məlumatlara görə, Bakı sakini Hacı Zeynalabdin Tağıyev İrandakı inqilab hərəkatına maddi yardım göndərir. Yardımı kəsmək üçün müvafiq tədbirlər görülsün».
Həmin ilin oktyabr ayında Bakı şəhər rəisliyinə bir sərəncam da gəlir: «Qafqazda inqilaba hüsn-rəğbət bəsləyən bir sıra müsəlmanlar İran inqilabçılarına pul və silahla kömək edirlər. Böyük vəsait sahibləri olan Bakı sakinləri Muxtarov və Tağıyev də həmin şəxslərdəndirlər. Canişinin tapşırığını nəzərinizə çatdırmağı özümə şərəf hesab edib, bu şəxslərin fəaliyyətinə gizli nəzarət təyin edilməsini xahiş edirəm».
Qalabəyi yuxarıdakı tapşırıqlar əsasında Tağıyev və Muxtarovla danışıb onları başa salır ki, Rusiya çar hökuməti İran şah hökuməti ilə dostdur. Belə hərəkət dost İran hökumətini narazı salar və aradakı münasibət pozula bilər. İrana yardım göstərməyi kəsmək lazımdır.
Hacı Zeynalabdin Tağıyev qalabəyinə cavab verir ki, biz inqilabçılara heç bir kömək etmirik. İranda qarışıqlıq nəticəsində qırılanların çoxlu yetim uşaqları, dul arvadları, qoca ata-anaları qalıb. Acından ölürlər. Xəstəlik gündən-günə artır. Biz əlsiz-ayaqsızlara kömək edirik. İslam şəriətinə görə o zəlillərə maddi yardım göstəririk. Etməsək kafir olarıq.
Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından
Eyni bölmədən
Oxşar yazılar

Bakılı müsəlmanların tikdirdiyi kilsə
Kilsə tikintisinə pul verən müsəlmanlar

Tağıyevin fabrikini niyə yandırdılar?
Fabrik ildə otuz milyon arşın bez buraxacaqdı.

Bu səhnəyə görə Səyavuş Aslan rejissordan küsüb və heç vaxt onun filmlərinə çəkilməyib - VİDEO
İslanmış köynəyini əynindən elə çıxarır ki, tamaşaçı elə hiss edir bu bir sevişmə səhnəsidir...

