Bakılı müsəlmanların tikdirdiyi kilsə
Aleksandro-Nevski kilsəsi şəhərin mərkəzində ucaldılmışdı.

«Qızıllı» yaxud «Aleksandro-Nevski» kilsəsi şəhərin mərkəzində ucaldılmışdı. Onun qızıl rənginə çalan, par-par parıldayan qübbələri on kilometrlərlə uzaqdan görünür, səfərdən qayıdan gəmilərin kapitanları səmti o qübbələrlə müəyyənləşdirirdilər. III Aleksandr Bakıda möhtəşəm kilsə tikmək üçün pul buraxır və şərt qoyur ki, əzəmətli və yaraşıqlı olmalıdır. Memarlar məsləhətləşib qərara gəlirlər ki, Novı Afon kilsəsinə oxşar, lakin ondan daha üstük bir məbəd tiksinlər. Akademik Marfeld baş memar təyin edilir. Novı Afondan çertyojların surətini gətizdirirlər. Layihə tamam olanda görürlər ki, buraxılan məbləğ azdır. Başlayırlar «ianə» toplamağa. Bakıda toplanan 200.000 manat ianənin 150.000 manatını əhalinin əksəriyyətini təşkil edən müsəlmanlar ödəyir.
Kilsə zənglərinin səsi-sədası gurultulu və möhtəşəm, daha xoş, daha məlahətli çıxmaq üçün tuncun tərkibinə qızıl və gümüş qarışdırmaq lazım olur. Bu məqsədlə əhalidən qızıl-gümüş toplamağa başlayırlar. Qadınlar kəmər, qolbaq, sırğa, üzük, həmayil, bilərzik, kişilər isə təkbənd, qılınc və xəncər qınları, gümüş qab-qacaq «ianə» gətirirlər.

Nəticədə «ianə»nin də əsas hissəsini müsəlmanlar ödəyir, birinci yeri tuturlar. Zəngləri Ural zavodlarında tökdürüb hazırlatmışdılar. Ən iri zəng neçə top ağırlığında idi. Onu çox çətinliklə və bir neçə aya gətirib Bakıya çıxarmışdılar. Zəngin üstündə qədim Slavyan hərflərilə müqəddəs ayələr, bir kənarında isə əllərində xaç, incil, məşəl və bu kimi dini şeylər olan kahinlərin - apostolların qorelyefləri həkk edilmişdi. İçərisi güzgü tək par-par parıldayır, bərq zurur, göz qamaşdırırdı. Orta və xırda zənglər də çox gözəl və ağırdı. Böyüyündən tutmuş ta kiçiyinə qədər bütün zəngləri həndəsi tənasüblə turmuşdular.
İsanın dara çəkilmə mərasimlərində zənglər səs-səsə verib elə «fəryad» qoparırdılar ki, adam vahiməyə düşürdü. Şəhərin başqa məhəllələrindəki irili-xırdalı kilsələrində zəngləri eyni tərzdə «fəryad» qoparır, bu səslər bir-birinə qarışaraq mərasimi daha da təntənəli eləyirdi. Xaçpərəstlər qışqırırdılar: «həzrət Məsih sağdır!..», «İsa qalib gəlir!..»; :Onun padşahlığı əbədidir!..»
Pasxa münasibətilə «Qızıllı» kilsənin böyük qübbəsinin çıraqban edilməsi: Bu mərasim vaxtı kilsənin ətrafında adam əlindən tərpənmək olmurdu. Küçə hərəkəti dayanırdı, səkilər və küçələr tamaşaçılarla dolurdu.
Birdən irili-xırdalı bütün zənglər səs-səsə verərdilər, müqəddəs dua havası çalmağa başlayanda, xaçpərəstlər diz çöküb xaç vura-vura dua oxuyardılar, ancaq dodaqları tərpənərdi. Zəng çalan ipləri dartmaq və buraxmaqla musiqini tənzim edər, zənglər həzin, ahəngdar, ürəkləri oxşayan, insanı dərin düşüncələrə dalmağa məcbur edirdi. Adamlar bu mənalı musiqiyə qulaq asmaqdan doymurdular.
Bütün şəhərdə bircə nəfər adam qalxıb əzəmətli, böyük qübbəni təmizləyib elektrik çıraqları ilə bəzəyə bilirdi; ondan başqa bu çətin, ağır işi heç kəs bacarmazdı. O, əvvəldən, bina tikildiyi vaxtdan divara möhkəm bərkidilmiş dəmir pillələrlə yavaş-yavaş qalxırdı. Böyük qübbənin altına çatana qədər tələsmədən, fasilə ilə tərpənirdi.
Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından
Eyni bölmədən
Oxşar yazılar

Tağıyevin fabrikini niyə yandırdılar?
Fabrik ildə otuz milyon arşın bez buraxacaqdı.

Bu səhnəyə görə Səyavuş Aslan rejissordan küsüb və heç vaxt onun filmlərinə çəkilməyib - VİDEO
İslanmış köynəyini əynindən elə çıxarır ki, tamaşaçı elə hiss edir bu bir sevişmə səhnəsidir...

“Sus, sus, sus, kimsələr duymasın” - VİDEO
Xalqımıza qəsd edilirsə, onda biz SSRİ-dən ayrılırıq - Sus, sus, sus...

