Fokus

Orxan Pamukun əsgərliyi: "piserlik", "dedovşina", kazarmada təzyiqlər..

Nobel mükafatlı yazıçının əsgərlik xatirələri

Nargin redaksiyası28 avqust 20264 dəqiqəlik oxu
Orxan Pamukun əsgərliyi: "piserlik", "dedovşina", kazarmada təzyiqlər..

Orhan Pamukun 2026-cı ildə çap olunan “Kəlmələr və şəkillər” kitabındakı “Əsgər yoldaşlarım” yazısı əsgərlik xatirələrindən daha çox, insanın kütlə içində yaşadığı qorxu, tənhalıq və susmağa məcbur qalması haqqındadır. Yazıçı Tuzla qarnizonunda keçirdiyi günləri, qarşılaşdığı insanları və illər sonra da unutmadığı hissləri özünəməxsus səmimiyyət və müşahidə gücü ilə qələmə alır.

Nargin.az sözügedən mətndən seçilmiş hissələri təqdim edir.

________

''Ruhumda qəribə bir təlaş var. Çünki Allahın mənə həyat kimi bəxş etdiyi vaxtın getdikcə azaldığını, sona yaxınlaşdığını tez-tez saatıma, təqvimə, bir də güzgüyə baxanda düşünürəm. Bu düşüncə isə gəncliyimdən bəri içimdə alov kimi yanan ölüm qorxusunu günbəgün daha da böyüdür''.

''Bazar axşamları sonradan evlənəcəyim Aylın Türegün öz Volkswagen-i ilə qırx kilometrlik yolu qət edib məni Tuzla qarnizonunun qapısına qədər gətirərdi''.

''Heç bir tanışım, arxamda duran adamım, bir sözlə, heç bir “arxam” olmadığı halda Tuzlaya göndərildiyimi biləndə özümü bəxtəvər hesab etmişdim. Bəlkə də ingiliscə bilən adama Tuzlada ehtiyac vardı: diplomum var deyə, peşəm sənədlərdə “jurnalist” yazıldığına görə, yəni məni “yazıçı” kimi işlədə biləcəkləri üçün və Tuzlada belə adamlara ehtiyac duyulduğundan. Nəhayət, hamı soyuq havada çöllərdə təlim keçərkən, mən bir müddət qarnizonda ''yazıçılıq'' edir, müxtəlif kağız-kuğuz işləri ilə məşğul olurdum''.

''Bölükdə əsgərlər boy sırasına görə düzülürdülər. Mənim boyum da 1.90 olduğuna görə ətrafım iri cüssəli, ayı kimi güclü adamlarla dolu idi. Əsgərlikdə ən çox da elə bu yekəpər, özündənrazı kabadayı (Kabadayı — gücü, nüfuzu və özünəməxsus şərəf anlayışı ilə tanınan, köhnə İstanbul mədəniyyətinə xas bir tipdir) tipli adamlardan çəkinirdim. Onların məni əzməməsi, döyməməsi üçün çox vaxt altdan alır, sözlərini udurdum. “Deməli, sən məni tanımamısan!” deyən o “ayı kimi” adamların hədələrini ciddi qəbul edər, cavab qaytarmazdım. Bir axşam bütün bölük əlimizdə bıçaq, hamımız bir yerdə kartof soyuyurduq. Komandirlər də ortalıqda yox idi. Özündən çox arxayın iki kabadayı sözləşib dalaşmağa başladı, sonra da bir-birinə bıçaq çəkdi. Amma başqalarının araya girməsi ilə dava böyümədən, daha təhlükəli həddə çatmadan və komandirlərin qulağına getmədən məsələ bağlandı''.

Orxan Pamuk əsgər yoldaşları ilə. Soldan, ayaqüstə dayanan eynəkli üçüncü əsgər
Orxan Pamuk əsgər yoldaşları ilə. Soldan, ayaqüstə dayanan eynəkli üçüncü əsgər

''Əsgər yoldaşlarım vaxtından əvvəl tərxis olunacaqları barədə yayılan yalanlara asanlıqla və həyəcanla inandıqca, onlara olan hörmətim də azalırdı. Bəs onların bu inanmaq ehtiyacını ədəbiyyatın hansı nümunəsi ilə izah etməli, hansı bənzətmə ilə anlamalı idim?''.

''Boş dərslərimiz çox idi. Üstəlik, qışın soyuğunda bayırda təlim keçərkən xəstələnməyək deyə bizi içəri saldıqları üçün Tuzla qarnizonunun dərs otaqlarında heç bir xüsusi dərs keçmədən xeyli otururduq. Mən də həmin boş vaxtlarda İstanbuldan, evdən gətirdiyim kitabları oxuyardım. Hər bazar axşamı Tuzladakı qarnizona gətirdiyim — hamısı ingiliscə olan — kitabları növbətçi zabit qapıda diqqətlə bir-bir yoxlayar, içində qadağan olunmuş və ya şübhəli bir şey olmadığına qərar verəndən sonra içəri buraxardı''.

''Qırx nəfərlik kazarmada axşam saat doqquzla on arasında radioda yayımlanan futbol verilişinin — oyunların icmallarının — səs-küyünə qulaq asmaq istəməzdim. Halbuki uşaqlığımda futbola həvəsim vardı. Üstəlik, radionun sahibi də mənim üstümdəki çarpayıda yatırdı. Amma “Söndürün bunu yataq da!” sözümə yoldaşlarım elə qəzəblənmişdilər ki, başqa bir çox məsələdə olduğu kimi, bu barədə də bir daha ağzımı açmadım''.

''Bəli, əsgərlik dövlətin varlığını bütün ağırlığı ilə hiss etdiyimiz, onun qoyduğu qadağalara boyun əyməli olduğumuz bir yer idi; yəni hərbi qadağaları anlayırdım. Amma mənə susmağı əmr edən, ağzımı yumduran komandirlər deyildi — qərəzli, avtoritar və hər şeyə qadağa qoymağa meyilli əsgər yoldaşlarım idi. Necə ki, sonralar yazıçılıq həyatımda da bunu dəfələrlə yaşayacaqdım: çox vaxt başımı bəlaya salan dövlətin qanunları və qadağaları yox, qəzəbli və dar düşüncəli kişi vətəndaşların yaratdığı o böyük izdihamı olurdu''.

.