Dünya ədəbiyyatı

Georgi Qospodinov - Bağban və Ölüm

Atam bağban idi, indi isə bağdır.

Nargin - Sənət adası02 sentyabr 20262 dəqiqəlik oxu
Georgi Qospodinov - Bağban və Ölüm

###I hissə###

Nargin.az "Paxıl olma" rubrikasından Georgi Qospodinovun son romanı "Bağban və Ölüm"ün ilk hissəsini təqdim edir. Roman hissə-hissə, mütəmadi saytımızda dərc ediləcəkdir.

Bir hekayə, yaşanmış və şəxsi olsa belə, bir dəfə kəlmələrə büründüsə, artıq bizim deyil. O, artıq həqiqətlərin və xülyaların dünyasına aiddir.

Epiqraflar Ölüm, sənsiz yetkinləşən gilas ağacıdır. Qaustin "Botanika və Ölümsüzlük"

Cənnət, ağrının səngidiyi yer olmalıdır. Lars Qustafson "Arıçının ölümü"

Bu gün məzarı olan torpaqda bir zamanlar əkərdi... Təcili vəziyyətlər üçün anonim məzar kitabələri

Hər mələk qorxuncdur Rilke "Duino ağıları"

Qorxmalı nəsə yoxdur Atam

1. Atam bağban idi, indi isə bağdır.

Haradan başlayacağımı bilmirəm. Başlanğıc bu olsun. Bəlkə də sonluq. Amma sonluq haradan başlayır?

"Deyəsən işədim" dedi atam. Giriş qapısının çərçivəsində dayanmışdı. Olduqca zəifləmiş, uzun boylu insanlara xas qozbellik qamətinə hopmuşdu. Onu noyabrın sonunda, axşam vaxtı gətirmişdilər. Ağrını zəiflətmək üçün üç yüz kilometrlik yolu yataraq gəlmişdi. Həkim, ertəsi gün üçün "check-up" təyin etmişdi.

Uşaq kimi utanıb təkrarladı: "İşədim". Sonra üzr istəyirmiş kimi özünəməxsus əda ilə əlavə etdi: "bu yaşda biabır oldum" "Problem deyil" dedim və qonaq otağının qapısını bağlayıb dəhlizdə paltarlarını dəyişdik.

"Qorxuram" dedi. İndi, olacaqları ilk onun sezdiyini anlayıram. Mən hələ bilmirdim, bəlkə də bilmək istəmirdim.

Dərhal deyim, bu romanın sonunda baş qəhrəman öləcək. Hətta sonunda yox, ortasında. Vəfatının əvvəlindən və sonrasından bəhs edən hekayələrdə isə yenidən həyata qayıdacaq. Çünki Qaustinin dediyi kimi: Keçmişdə zaman tək yöndə axmır.

Uşaq olanda yalnız birinci şəxsin təhkiyəsində yazılmış kitabları oxuyurdum, çünki o kitablarda baş qəhrəmanların ölməyəcəyini bilirdim. Həqiqi qəhrəmanının ölməsinə baxmayaraq bu kitab da birinci şəxsin dilindən yazılıb. Kitablarda sadəcə təhkiyəçilər sağ qalır, amma onlar da bir gün öləcək. Həyatda qalan hekayələr olacaq və atamın ölümündən öncə bizim üçün yaratdığı bağ.

Yəqin ki, dünyanın və içindəki hər şeyin sabit olduğu paralel dəhliz yaratmaq üçün hekayələr danışırıq. Təhlükə və ölüm axını başladıqda təhkiyənin istiqamətini dəyişirik, ağacları canlandırmaq üçün su cığırı yaradan bağban kimi.

Bu səhifələrdə işıq olsun istəyirəm, yumşaq gün işığı. Bu kitab ölüm haqqında deyil. Bitən bir həyata duyulan hüzn haqqındadır. Arada fərq var. Bu, həyatın balla dolu pətəyi üçün deyil, həm də pətəyin boş hücrələri üçün duyulan hüzndür. Əlimizdəki şamlar yanıb tükənərkən belə xatırladığımız pətək üçün duyulan hüzn.

Atamın dediyi kimi, qorxmalı nəsə yoxdur.

Şərhlər

Hələ təsdiqlənmiş şərh yoxdur.

Eyni bölmədən

Oxşar yazılar