
Pablo Neruda
BU GECƏ ƏN KƏDƏRLİ MİSRALARI YAZA BİLƏRƏM
Bu gecə ən kədərli misraları yaza bilərəm.
Məsələn, belə yaza bilərəm: “Gecə ulduzlarla doludur, ulduzlar uzaqlarda mavi-mavi titrəyir.”
Gecə küləyi göylərdə dolanır və oxuyur.
Bu gecə ən kədərli misraları yaza bilərəm. Mən onu sevirdim, o da bəzən məni sevirdi.
Belə gecələrdə onu qucağımda saxlayırdım. Sonsuz səmanın altında onu dönə-dönə öpürdüm.
O məni sevirdi, mən də bəzən onu sevirdim. Onun o böyük, sakit gözlərini necə sevməmək olardı?
Bu gecə ən kədərli misraları yaza bilərəm. Düşünmək ki, artıq yanımda deyil. Hiss etmək ki, onu itirmişəm.
Bu ucsuz-bucaqsız gecəni dinləmək — o olmayanda gecə daha da sonsuzdur. Və misra ruhun üzərinə çəmənliyə düşən şeh kimi süzülür.
Nə fərqi var ki, sevgim onu yanımda saxlaya bilmədi. Gecə ulduzlarla doludur və o mənimlə deyil.
Budur, hamısı. Uzaqlarda kimsə oxuyur. Uzaqlarda…
Ruhum onu itirməklə hələ də barışmayıb.
Gözlərim onu axtarır, sanki onu yenidən özümə yaxınlaşdıra bilərmiş kimi. Ürəyim onu axtarır — amma o mənimlə deyil.
Eyni gecə, eyni ağacları ağardır. Amma biz, o zamankı biz, artıq eyni deyilik.
Artıq onu sevmirəm: buna əminəm. Amma onu necə də sevmişdim…
Səsim küləyi axtarırdı, küləyin onun qulaqlarına toxunması üçün.
O başqasının olacaq. Başqasının…
Necə ki, öpüşlərimdən əvvəl də başqasının idi.
Onun səsi, işıqlı bədəni, sonsuz gözləri…
Artıq onu sevmirəm — buna əminəm. Amma bəlkə də hələ də sevirəm.
Sevgi o qədər qısadır, unutmaq isə o qədər uzun…
Çünki belə gecələrdə onu qucağımda saxlayırdım.
Ruhum onu itirməklə hələ də barışmayıb.
Bəlkə də bu, onun mənə yaşatdığı son ağrıdır.
Və bunlar da onun üçün yazdığım son misralardır.

