Tənqid

Livan: Yaddaş və Unutqanlıq, Fəlakət və Müqavimət Arasında

şəhər, gəzinti

Nargin redaksiyası11 avqust 202619 dəqiqəlik oxu
Livan: Yaddaş və Unutqanlıq, Fəlakət və Müqavimət Arasında

Livan: Yaddaş və Unutqanlıq, Fəlakət və Müqavimət Arasında Josef Kılçıksız Yarımçıq qalmış talelər, vətənsizlik və mühacirlik hər bir livanlının yaxından yaşadığı gerçəklikdir. Mən indi sidr ağacları diyarı Livandayam. Livan elə bir ölkədir ki, hər səhəri bir az şeir, hər gecəsi isə bir az barıt qoxuyur. Çünki fələstinlilər, vətəndaş müharibəsi, İsrailin hücumları, İranın təsiri, Hizbullah və suriyalılar – bütün bunlar Livanı uzun illərdir bölgənin ən yüksək gərginlik xəttinə, vəkalət müharibələrinin aparıldığı bir coğrafiyaya çevirib. Bu ölkə gecənin bir aləmi qəfil açılan qapını xatırladır. İnsanların çöhrəsində oxunan qorxuların arxasında yaxın keçmiş müharibələrin dəhşətli xəyalları gizlənir. Fələstinlilərin kütləvi şəkildə Livana köç etməsində "fosilləşmiş" ərəb bəəsçiliyinin[1: Bəəsçilik – ərəb millətçiliyini, panərəb birliyini və sosializmi müdafiə edən siyasi ideologiya. XX əsrdə xüsusilə Suriya və İraqda hakim olmuş Bəəs Partiyasının ideoloji xəttini ifadə edir.] və xüsusilə Camal Əbdül Nasirin[2: Camal Əbdül Nasir (1918–1970) – Misirin ikinci prezidenti, panərəbçilik ideyasının ən məşhur simalarından biri.] həddindən artıq özünəinamının mühüm payı olduğu inkar edilmir. Altı Gün Müharibəsində[3: Altı Gün Müharibəsi – 1967-ci il iyunun 5–10-da İsrail ilə Misir, Suriya və İordaniya arasında baş vermiş müharibə. İsrailin qələbəsi ilə nəticələnmiş və yüz minlərlə fələstinlinin növbəti dəfə didərgin düşməsinə səbəb olmuşdur.] darmadağın olan ərəb despotları hakimiyyətlərini güclə qoruyub saxladıqları halda, sürgünün bütün ağırlığı yenə də fələstinlilərin çiyinlərinə yükləndi. Livanda yaşayan fələstinlilərin dəqiq sayını heç kim bilmir. Təxminən 12 düşərgədə və 156 kollektiv yaşayış məntəqəsində 250 minə yaxın fələstinlinin məskunlaşdığı güman edilir. Bütün məhrumiyyətlərinə baxmayaraq, bu insanlar Livanda sevilmirlər. Livanlılar fələstinlilərin düşərgələrdəki səfalət içində keçən həyatından sanki danışılması qadağan olunmuş bir mövzu kimi yayınırlar. Elə bil hər tərəfi qaranlıq bürüyəndə əlində işıq gəzdirən adamın lənətlənmiş sayılması kimi, bu mövzunu açanı da xoşlamırlar. Çünki HƏMAS bu düşərgələrdə hələ də çox təsirlidir. Üstəlik, fələstinli əhalinin başgicəlləndirici sürətlə artması ölkənin həssas demoqrafik tarazlığını təhdid edir və məzhəb əsaslı həssaslıqları yenidən hərəkətə gətirir. Fələstin qaçqın düşərgəsi Şətilənin sakinləri sanki qurdların açdığı tunelləri, köklərin uzandığı yarğanları genişləndirərək yaşayan köstəbəyə bənzər varlıqlardır. Şətilədə doğulub boya-başa çatmış uşaqlardan biri – çörəkçi şagirdi Samir mənə deyir: — Mən qorxunu udmuşam. O, içimdə zəhər kimi damarlarımda dolaşır. Gecələr nəfəs alanda onun qanadlarını hiss edirəm. Samir danışdıqca elə bil onun daxilindəki Mahmud Dərviş[4: Mahmud Dərviş (1941–2008) – Fələstinin milli şairi hesab olunan, sürgün, vətən həsrəti və kimlik mövzularını poetik dillə ifadə edən dünya şöhrətli şair.] üzə çıxır. Fələstin düşərgələrində hər gecə sürgün üçün yenidən çəkilən bir xəritədir. Burada qorxu bitib-tükənməyən bir qeyri-müəyyənlikdir. Ən çox da gecənin içində əks-səda verir, sürgündən, məkansızlıqdan və torpağın itirilməsindən danışır. Çünki Livan sınmış bir subyektin, parçalanmış bir zamanın və üst-üstə yığılmış itkilər coğrafiyasının ölkəsidir. Əslində isə yarımçıq qalmış talelər, vətənsizlik və mühacirlik hər bir livanlının yaxından tanıdığı həqiqətdir. Çünki onlar da minlərlə sapdan toxunmuş bir xalça kimi dünyanın müxtəlif ölkələrinə səpələniblər. Livandakı fələstinlilərin taleyi mənə qədim yunan faciələrindən biri olan Likayon[5: Likayon (Lykaon) – qədim yunan mifologiyasında Arkadiya hökmdarı. Əfsanəyə görə, Zevsi sınağa çəkmək üçün ona insan əti təqdim etdiyinə görə özü və nəslinin canavara çevrilməsi ilə cəzalandırılmışdır.] mifini xatırlatdı. Qurban edilən insan və heyvan ətləri bir-birinə qarışdırılıb Zevsə təqdim olunmuşdu. Tanrıya insan əti təqdim edən və ya ondan yeyən hər kəs doqquz il ərzində canavara çevrilməyə məhkum edilirdi. Günahla günahsızın bir-birinə qarışdığı, cəzanın artıq ilahi bir lənətə çevrildiyi həmin hekayə bu gün də qanla yazılmaqda davam edir. HƏMAS-ın hücumu və onun ardınca baş verən zorakılıq burulğanı insanların həyatını yavaş-yavaş vampirləşdirdi. Likayon mifi bu qanlı arenada hər gün yenidən doğulan uğursuz bir ayinə çevrildi. Və "insan əti yeməyin" ruhun ən dərin qatlarında sağalmayan bir həzmsizlik yaratdığı, bu uğursuz vərdişin zaman keçdikcə insanın ən saf mahiyyətini çürüdərək onu elə öz varlığına qarşı vampirləşdirdiyi aydın oldu. Elə buna görə də fələstinlilər üçün qorxu evə qayıtmaq arzusundan daha qüvvətlidir. Çünki geri dönmək yoxluqla, ölümlə, xarabalıqlarla, "vampirlərlə" üz-üzə qalmaq deməkdir. Və həmin vampirlər bu insanlardan daha yaxşı silahlanıblar. Qayıtmaq istəyi ilə qayıdacaq bir yurdunun olmaması arasındakı gərginlikdə hər bir fələstinli travmatik bir gerçəkliklə toqquşur. Mövcud olmayan bir ölkəyə dönüş arzusu fələstinli kimliyinin mərkəzində düyünə düşmüş bir Qordion düyünüdür [6: Qordion düyünü – həlli mümkünsüz görünən son dərəcə mürəkkəb problemin məcazi ifadəsi. Əfsanəyə görə, Makedoniyalı İsgəndər bu düyünü qılıncla kəsərək açmışdı.]. Aynu’r-Rummanədən[1: Aynu’r-Rummanə (ərəb. Ayn al-Rummaneh) – hərfi mənada “Narın Gözü” deməkdir. Beyrutun əsasən xristianların yaşadığı məhəllələrindən biridir və 1975-ci ildə Livan vətəndaş müharibəsinin ilk silahlı toqquşmalarının baş verdiyi yer kimi tanınır.] (Narın Gözü) Beyruta gedən dolmuşabənzər bir nəqliyyat vasitəsindəyəm. Maşın yırğalandıqca biz də sağa-sola əyilə-əyilə irəliləyirik. Avtobus asfaltı olmayan yolda bir çuxurdan o birinə hörümçəkmeymunu kimi tullanaraq irəliləyərkən, yanımda oturan yaşlı qadın əzgilə bənzər büzüşmüş dodaqlarını yığıb: “Ya Məsih, bizi qoru”, – deyərək xaç çıxarır. Günəş batmaq üzrədir. Amma şüaları hələ də Kurnət əs-Səvdanın[2: Kurnət əs-Səvda – Livanın ən yüksək zirvəsi (təxminən 3088 metr). Livan dağ silsiləsində yerləşir və ilin böyük hissəsində qarlı olur.] zirvələrindəki qarın üzərində oynayır. Avtobusun ön şüşəsində toplanan sərin şeh damcılarının Anti-Livan dağlarının[3: Anti-Livan dağları – Livanla Suriya arasındakı təbii sərhədi təşkil edən dağ silsiləsi.] yamaclarından süzülüb gəldiyini düşünmək heç də əsassız deyil. Və budur – bir zamanlar “Şərqin Parisi” adlandırılan Beyrut. Elə şəhərlər var ki, qorxunun özünə çevriliblər. Adlarını çəkməyə belə ürək eləmirsən; onları yada salan kimi qaranlıq tarixləri səni amansızcasına qucaqlayır. Beyrut bu təsvirə ən çox yaraşan şəhərlərdən biridir. Mikroavtobus dayanacaqlarından uzaqlaşdıqca qaranlığa qərq olmuş küçələr və işığı yanmayan evlər gözə dəyir. Sanki qaranlıq hər şeyi əridib yox edir. Mənzərələr titrəyir. İnsan öz varlığından qopur. Getdikcə səslər də itib gedir və geriyə yalnız içimdə əks-səda verən bir sükut qalır. O sükutun özündə belə qorxu gizlənir. Müəyyən saatlarda baş verən elektrik kəsintiləri gündəlik həyatı iflic vəziyyətinə salır. Küçələrin üzərində dolaşıq şəkildə asılmış saysız-hesabsız elektrik naqillərinin artıq qarışıqlıq və vizual çirklilik yaratmaqdan başqa heç bir işə yaramadığı görünür. Yanacaq tapmağın da son dərəcə çətin olduğu ölkədə generatorlar belə çıxış yolu olmur. Yalnız bir ovuc imtiyazlı varlının evlərindən küçəyə süzülən televizorların mavi işığı göstərir ki, bu şəhərdə hətta elektrik belə sinfi ayrı-seçkiliyin göstəricisinə çevrilib. Elektrik kəsintiləri və getdikcə artan təhlükəsizlik problemi səbəbindən gecələr şəhər tamamilə bomboş görünür. Gecə qulağını torpağa söykəsən, arabir bir qapının çırpıldığını eşidərsən. Ya da ananın pıçıltısını xatırladan səsləri... Bunlar zəlzələdən əvvəl torpağın altından gələn uğultunu xatırladır. Elə bil sükutla söz arasındakı çatlağı yuxunun kənarında gözləyən daxili bir uğultuya çevirən nəsə var. Ətrafında partlayışlar, daxilində qorxu varkən kim yata bilər ki? Livanda ana uçulmuş bir evdir, ata çökmüş bir divar, uşaqlar isə həyətin ortasında qurumağa qoyulmuş zeytun tingləri. Xristianların yaşadığı Əşrəfiyyə məhəlləsindəki divar yazıları F-35 döyüş təyyarələrinin[4: F-35 – ABŞ istehsalı olan beşinci nəsil çoxməqsədli qırıcı təyyarə.] bitib-tükənməyən reydlərinə qarşı duyulan nifrəti ifadə edir: “İsrail təcavüzünə son qoyun!” Və on minlərlə ölüm... Rəqəmlər mənə o qədər iyrənc görünür ki, artıq küçələrin nömrələrinə belə baxmaq istəmirəm. Bu, həyat deyil; olsa-olsa ölümün saysız-hesabsız ağrılı ehtimallarından ibarət bir silsilədir. Bu qədər faciəyə şahid olmaq insanın ruhunu bir gecənin içində on il qocalda bilər. Şiələrin yaşadığı məhəllədəki divar yazıları göstərir ki, Həsən Nəsrullahın ölümündən sonra belə Hizbullah ötəri həvəsin məhsulu deyil; düşünülüb-daşınılmış, uzunömürlü bir müqavimət layihəsi olaraq qalmaqdadır. Hərçənd adi bir livanlının gözündə Əməl Hərəkatının[5: Əməl Hərəkatı – Livandakı ən böyük şiə siyasi təşkilatlarından biri.] lideri Nəbih Berri siyasi və iqtisadi korrupsiyanın simvollarından birinə çevrilib. Buna baxmayaraq, İsrailin cilovsuz zorakılığına son qoymaması radikal dini təşkilatların əlini gücləndirir. Məryəm Ana ikonaları, xaç fiqurları, Həsən Nəsrullahın və əksəriyyəti Suriyada həlak olmuş “şəhid”lərin, imam Xomeyninin[6: Ruhullah Xomeyni (1902–1989) – İran İslam İnqilabının lideri və İran İslam Respublikasının qurucusu.] və digər şiə liderlərinin nəhəng plakatları, 2005-ci ildə sui-qəsd nəticəsində öldürülmüş baş nazir Rəfiq Həririnin[7: Rəfiq Həriri (1944–2005) – Livanın keçmiş baş naziri. 2005-ci ildə Beyrutda törədilən partlayış nəticəsində həlak olmuşdur.] şəkilləri, Nəkbə[8: Nəkbə – 1948-ci ildə İsrail dövlətinin yaradılması zamanı yüz minlərlə fələstinlinin doğma torpaqlarından didərgin salınmasını ifadə edən termin. Ərəb dilində “Böyük Fəlakət” deməkdir.] ilə bağlı şüarlar, Şarl de Qoll prospekti, adını finikiyalılardan alan “Phoenicia” oteli və Səudiyyə Ərəbistanının bayraqları – bütün bu simvolların bu qədər sıx şəkildə yanaşı mövcudluğu ölkənin məzhəbçi və sektarian quruluşunu açıq şəkildə nümayiş etdirir. Əslində Beyrutdakı bütün bu simvollar qırılmış qəlblərdən danışır. Qısası, Beyrut öz nişanələrini durmadan təkrarlayır; təkrarlayır ki, varlığını davam etdirə bilsin. Livan məşhur Taif Sazişindən[9: Taif Sazişi – 1989-cu ildə Səudiyyə Ərəbistanının Taif şəhərində imzalanmış və Livan vətəndaş müharibəsinə son qoyan siyasi razılaşma.] sonra dini, məzhəbi və etnik qırılma xətlərinin rəsmiləşdiyi, kimliklərin isə siyasətin əsasına çevrildiyi bir ölkə oldu. Ölkədə baş verənləri “Sidr İnqilabı”[10: Sidr İnqilabı – 2005-ci ildə Rəfiq Həririnin qətli sonrası Livanda başlanan kütləvi etiraz hərəkatı.] adlandıranlar da tapıldı. Ancaq “inqilab” sözünün mənası və həyatda doğurduğu nəticə sanki havadan asılı qaldı. Vətəndaş müharibəsindən sonra küçələrin dinamikasının mülki siyasətə müəyyən müsbət təsiri hiss olunsa da, bu kiçik mozaikanı bir yerdə saxlayan məhlul dini və məzhəbi mənsubiyyətlərin təzyiqi altında hər gün bir az da çatlayır, ovulub tökülür. O məhlul ilk dəfə Həririnin öldürülməsi ilə dağılmağa başladı və həmin sui-qəsd Livan sünniləri üçün Pandoranın qutusunun[11: Pandoranın qutusu – qədim yunan mifologiyasında bütün bəlaların dünyaya yayılmasına səbəb olan qutu; məcazi mənada sonu görünməyən fəlakətlərin başlanğıcı.] açılması demək idi. Mənə görə, müxtəlif etnik, dini və siyasi qruplara parçalanmış Livan mozaikadan çox, parçaları bir-birinə uyğun gəlməyən bir pazlı xatırladır. Bir vaxtlar eyvanları bir-birinə söykənən evlərdə yaşayan insanlar məzhəbindən və dinindən asılı olmayaraq ay işıqlı yay gecələrində bir-birlərinə könül verirdilər. İndi isə elə bil binalar da, pəncərələr də, terraslar da üzlərini bir-birindən çevirmiş vəziyyətdədir. Bugünkü Beyrut elə bir məkandır ki, ağrının, səfalətin, qorxuların və puç olmuş ümidlərin içinə boşaldıldığı nəhəng bir zibil konteynerini xatırladır. Şəhərin yaddaşı sanki bir-birinin ardınca düzülmüş mərmər məzar daşlarından və yas örtüklərindən toxunub. Beyrut vətəndaş müharibəsindən gələn qanlı dalğanı süngər kimi canına çəksə də, Bibliosdan[12: Biblios (ərəb. Cübeyl) – dünyanın ən qədim fasiləsiz yaşayış məskənlərindən biri hesab olunan qədim Finikiya şəhəri.] yüksələn böyük dalğaların qarşısında aciz görünür. İsti hava, rütubət və külək saçlarımı küləyin qabağına qatılmış kol-kosdan hörülmüş quş yuvasına döndərmişdi. Danışığından dürzi[13: Dürzilər – əsasən Livan, Suriya və İsraildə yaşayan, özünəməxsus dini etiqada malik etno-dini icma.] olduğu hiss edilən bir bərbərin dükanına girdim. Bu kiçik məkan sanki kəskin qütbləşmələrin toxunmadığı nadir yerlərdən biri təsiri bağışlayırdı. Bərbərin qulaqları elə bil illərlə qeybətə və dərd-sərə qulaq asmaqdan perqament kağızına dönüb. Deyəsən, çənəsini bir az dincəltmək istəyir; qəzeti şagirdinə uzadıb başı ilə oxumasını işarə edir. Şagird Şərqul-Əvsətdən[1: Şərqul-Əvsət (Asharq Al-Awsat) – Londonda nəşr olunan, ərəb dünyasının ən nüfuzlu beynəlxalq gündəlik qəzetlərindən biridir.] Səmir Atallahın məqaləsini kökü pozulmuş saz kimi titrək səslə oxumağa başlayır. Bərbər bir tərəfdən: “Bu ölkədə daşşağı olan yeganə lider Vəlid Cümblatdır[2: Vəlid Cümblat (Walid Jumblatt) – Livanın tanınmış dürzi siyasətçisi, Tərəqqipərvər Sosialist Partiyasının uzun illər lideri olmuş siyasi xadim.]”, – deyərək təhrikedici bir mübahisənin qığılcımını alovlandırır, o biri tərəfdən isə müştərinin almacıq sümüklərinə quru fırça ilə sabun çəkir. Müştərinin əsəbləri tarıma çəkilmiş bərbərdən, İbrahim peyğəmbərin qucağındakı qoç kimi qorxduğu açıq hiss olunur. Sonra mərhəmət diləyən bir üz ifadəsi ilə ona yaltaqlanır: — Niyə susdun, zaim Əbbud? Səninlə dərdləşmək yağışın torpaqla danışmasına bənzəyir... Bir neçə xatirə əşyası almaq üçün Souk Zalkadayam[3: Souk Zalka – Beyrut yaxınlığındakı Zalka bölgəsinin məşhur bazar və ticarət məhəlləsi.]. Qaranlığın ay işığı və bir ovuc ulduzun ətrafında solğunlaşdığı saatlarda bazarın uğultusu mənə sıx qanadlanan qara quş sürüsünü xatırladır. İkiüzlülərin, sirdaşların, falçıların, yekə eqolarını dar küçələrə sığışdıra bilməyən sonradan görmələrin, sürməli gözlərin, qırışların və büzüşmüş sifətlərin yaratdığı dalğa-dalğa izdihama qarışıram. Souk Zalkanın ədviyyat dükanları, zövqlü butikləri və restoranlarının düzüldüyü küçədə istidən və rütubətdən təngə gəlmiş kök qadınlarla podium modellərini xatırladan incə xanımların yanaşı addımlaması mənə Nalanın oxuduğu “Nə doğan gün, nə batan gün, nə də dünya vecimədir” mahnısını xatırladır. Bazarda sonradan Osmanlı nəslindən olduğunu öyrəndiyim, zəfəran satan çox gözəl bir qadınla tanış oluram. Sinəsi sanki mirvarilərdən və zinət əşyalarından hörülmüş zirehlə örtülüb. Söhbət dərinləşdikcə yaralarımızın da, sevinclərimizin də ortaq olduğunu anlayırıq. Hənna Livanın cənubundakı xristian kəndi Nəqquradandır[4: Nəqqura (Naqoura) – Livanın cənubunda, İsrail sərhədinə yaxın yerləşən sahil qəsəbəsi.]. Məncə, Nəqquranı ən yaxşı təsvir edən obraz Simurq quşudur. Amma insanlar artıq nə dözümlü olmaq, nə də öz küllərindən yenidən doğulmaq istəyirlər. Daimi həyəcan vəziyyəti onları taqətdən salıb. Deyirlər axı, yalnız tüfənglərin ruhu olur. Divardan babasının ruhunu içinə qoyduğu bir tüfəng asılıb. Hənna babasının qəhrəmanlıq hekayələrini danışdıqca, sonda dilimin üstündən sərin bir meh keçir. Çünki burada kölgəsində “heç bir tanrının sığınmadığı” ölüm belə sərindir. Bu şəhərdə kin də, qəhrəmanlıq ritorikası da buz kimi sudur; ağzı keyidən, mədəni isə nanə kimi yandıran bir sərinlik... Hənnanın bitib-tükənməyən qəhrəmanlıq hekayələri üzündən içimdə iynələr və bıçaqlar topac kimi fırlanmağa başlayır. Darıxdığımı hiss etmiş olmalıdır ki, məni Kibbət Batata[5: Kibbət Batata – kartofdan hazırlanan, Livan mətbəxinə məxsus kibbə növü.] yeməyə Tawlet Souk el Tayeb restoranına dəvət edir. Yay artıq son nəfəsini verir, günlər yavaş-yavaş qısalır. Restoranların və gecə klublarının girişindəki rəngbərəng lampalar arxa tərəfdə generatorların aramsız işlədiyini göstərir. Parisdəki qadınları xatırladan zərif geyimləri ilə bir meyxananın qarşısında növbəyə düzülmüş qadınlardan gözümü çəkə bilmirəm. Hənna isə bunu gözucu izləyir. — Şəhəri şəhər edən bunlar deyil, – deyirəm ona. – Bəzən bir şəhəri şəhər edən, körpünün məhəccərinə söykənmiş evsiz bir adamın tənhalığı olur. — Bəsdir, pafos etmə, – deyə sözümü kəsir. Çünki bu ölkənin insanları siyasətdən də, ölümdən də yorulublar. Mən də dərhal mövzunu dəyişirəm. Halbuki sözümü kəsməsəydi, ona şəhəri şəhər edən şeylərdən danışacaqdım. Deyəcəkdim ki, şəhər bəzən köhnə bir dam örtüyünün üstündə sürüşərək yeriyən pişiyin addımlarıdır; limandakı silolardan ətrafa səpələnmiş taxıldır. Deyəcəkdim ki, şəhər bütün damları yerlə-yeksan edən 2750 ton ammonium nitratın[6: 2020-ci il Beyrut limanı partlayışı – limanda saxlanılan təxminən 2750 ton ammonium nitratın partlaması nəticəsində baş vermiş və tarixin ən böyük qeyri-nüvə partlayışlarından biri sayılan faciə.] yaratdığı partlayışdır; balıq torlarındakı cırıqlardır; torunu yamamaq üçün körpüdə oturmuş, duzdan yonulmuş heykəllərə bənzəyən balıqçılardır. Şəhər dediyin, küçələrinə verilən məşhur sənətkar adları, fəzilət və rəzillik, rəqəmlər, bitki növləri, müharibələrin tarixləri, ulduz topaları və hər xatirə ilə hər küçə arasında yaddaşı ani çağırışlara sövq edən oxşarlıqlar və ya ziddiyyətlər sistemidir... Yeməyimiz bitəndə: — Hesab məndəndir, – deyirəm. Yaşıl gözlərini böyüdüb təəccübünü üzümə tökür. Ölkə iqtisadiyyatının çökməsi, rüşvət və bölgədəki yüksək gərginlik səbəbindən insanlar bir-birini itələyən, sürüşkən divara dırmaşmağa çalışan xərçəngləri xatırladırlar. Beyrut limanındakı partlayış tarixdə qeyri-nüvə mənşəli ən dağıdıcı partlayışlardan biri idi. Şəhərin böyük hissəsi yerlə-yeksan oldu. İnsanlar yoxsulluğun, evsizliyin, işsizliyin, təhlükəsizlik boşluğunun, dərman, elektrik və su qıtlığının onları daha da dərin uçuruma sürüklədiyini gördülər. Məncə, Livanın onillərlə yığılıb qalmış problemlərinin məsuliyyətini yalnız İsrailin, Suriyanın, Hizbullahın, fələstinlilərin, İran mərkəzli şiə oxunun, Səudiyyə Ərəbistanı mərkəzli sünni blokunun, keçmiş müstəmləkəçi Fransa siyasətinin “ətalətinin” və ABŞ-ın siyasi makiavellizminin üzərinə atmaq həddindən artıq asan yanaşmadır. Çünki bu ölkədə rüşvət və korrupsiya demək olar ki, hər bir livanlının həyatına bu və ya digər şəkildə sirayət etmiş zəhərli bir yoluxmadır. Mis saatın, bərbərin zolaqlı pərdəsinin, fəvvarəli çeşmənin, Harissadakı Məryəm Ana heykəlinin[7: Harissa – Livanda, Cuniyə körfəzinə hakim yüksəklikdə yerləşən məşhur ziyarətgah. Buradakı Livan Xanımı (Məryəm Ana) heykəli ölkənin əsas xristian simvollarından biridir.], qarpız satan dükanın, Xan əs-Sabunidəki[8: Xan əs-Sabuni – əsasən Tripolidə yerləşən, tarixi sabun karvansarası və sənətkarlıq məkanı.] zahid və şir heykəlinin, sallanan mağaraların, tağlı sütunların, türk hamamının, tin başındakı qəhvəxananın, limana aparan qısa yolun bir-birini izləyən ahəngi göstərir ki, şəhər hər kəsin xatırlamaq istədiyini öz xanalarına yerləşdirə bildiyi nəhəng bir krossvordu xatırladır. Beyrut gümüş oyma və naxışlarında, küçə tinlərində, pəncərə barmaqlıqlarında, pilləkən məhəccərlərində, pas basmış peyk antenalarında və bayraq dirəklərində yazılmış keçmişini ovuc içinin cizgiləri kimi qoruyub saxlayır. Zəiflikdən qabırğaları sayılan şəhərin qara, arıq atları ifadəsiz baxışlarla metal kimi parıldayan gözlərini mənə dikiblər; elə bil məndən bir ovuc saman dilənirlər. Bir mikroavtobusa minib Beyrutdan Bəkaa vadisinə[9: Bəkaa vadisi – Livanın şərqində yerləşən, ölkənin ən böyük və ən məhsuldar vadisi.] doğru yola düşürəm. Əslində bu sahil yolu Hatayın Yayladağından başlayır, Suriya–Livan xətti boyunca uzanır və İsrail ərazisini keçərək Qəzzayadək enir. Qəzza ürəyimin yarısıdır. Amma ora getməyə cəsarət etmirəm. Elə dünən “sivil dünyanın” dövlətləri qarışqaya belə zərər verməyən mülki insanları guya bir “xeyriyyə kampaniyası”nın nümunəsi kimi nümayiş etdirmək istəyərkən, onların gəmiləri Şərqi Aralıq dənizində çevrilmək təhlükəsi ilə üz-üzə qalmışdı. İsrail isə gəmidəkilərin öz ölkələrində alovlanan “ərəb qəzəbi”ni də nəzərə alaraq onlara HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumlarının görüntülərini məcburi şəkildə izlədəcəyini bildirirdi. Şiddətin dozası və vizual təsir gücü getdikcə artan bu səhnələr, böyük ehtimalla, Qəzzanın yaralarını Beeri, Kfar Aza və Nir Oz kibbutzlarının[10: Kibbutz – İsraildə kollektiv təsərrüfat prinsipi ilə qurulmuş yaşayış məntəqəsi. Beeri, Kfar Aza və Nir Oz 7 oktyabr 2023-cü il HƏMAS hücumlarından ən çox zərər çəkmiş kibbutzlardandır.] yaraları ilə üst-üstə yığıb tək bir ağrı düyününə çevirəcək. İsrailin hətta ən demokrat düşüncəli insanları belə, məsələyə öz ölkələrindəki ifrat sağ radikalizmi, ölçüsüz zorakılığı və ekspansionizmi HƏMAS-ın dini fundamentalizmə söykənən zorakı radikalizmi ilə müqayisə edərək yanaşırlar. 7 Oktyabr travması isə onların öz ölkələrindəki korrupsiyaya bulaşmış müharibə tacirlərinə qarşı reaksiyasını yumşaldır. Qısası, Livandakı yerli siyasi qüvvələrin ən mülayimi belə müəyyən mənada radikalizmlə iç-içədir. Radikalizmin mahiyyəti və Yaxın Şərqin siyasi praktikası nəzərə alındıqda, Livanda mümkün siyasi yenidənqurmanın xaos və qarışıqlıqla nəticələnməsi heç də uzaq ehtimal deyil. Qəzza kimi, Cənubi Livan da terrorun da, müharibənin də artıq tamam başqa qaydalarla aparıldığını göstərən; söhbət İsrailin təhlükəsizliyindən gedəndə isə hər xalqın "qırıq qəlbinin" beynəlxalq ictimaiyyət tərəfindən eyni empatiya ilə qarşılanmadığını sübut edən bir coğrafiyadır. Evləri bombalana biləcəyi üçün küçələrdə yatan uşaqları, avtomobil dayanacaqlarında məskunlaşan minlərlə insanı görəndə adamın ürəyi quruyur. İnanın, burada aldığınız hər nəfəs elə bil taleyə meydan oxumaqdır. Nəhr əl-Litaninin[1: Nəhr əl-Litani (Litani çayı) – Livanın ən böyük çayı. BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsindən sonra Litani çayının cənubu ilə İsrail sərhədi arasında təhlükəsizlik zonası yaradılmışdır.] o biri sahilinin dərinliklərində yerləşdirilmiş Livan ordusunun əsgərləri darı zəmisini qarğalardan qoruya bilməyən müqəvvaları xatırladır. Yol boyu səhraya bənzər torpaqlar üfüqədək uzanır, başımızın üstündə isə buludların dayanmadan qaçdığı bir səma açılır. Küləyin buludlara verdiyi şəkillər yırğalanan bir yelkənlini, çarmıxda ağlayan İsanı, qanlı dimdiyi olan Qüreyş şahinini[2: Qüreyş şahini – bir vaxtlar Misir və Suriyanın yaratdığı Birləşmiş Ərəb Respublikasının, eləcə də bir sıra ərəb dövlətlərinin gerblərində istifadə olunan simvol. Panərəbçilik və Bəəs ideologiyasının mühüm rəmzlərindən biri hesab olunur.], əlindən qırmızı şarı qaçan bir uşağı, göylə söhbətləşən bir göyərçini, bir bayrağın ürəyindən oyulmuş, budaqları qırıq sidr ağacını yaddaşa çağırır. Sonra yenə dağlar... Cəbəl Livan dağları. Dəmir kimi iti silsilələri ilə bundan sonra göz önünə çıxan sonsuz bozluq; istidən ulayan minlərlə güzgüsü ilə insanı yandıran çınqıl dənizinin bozluğu... Səki, toz-torpaq, hərəkətsiz alov, ağappaq istilik, duz və mübarizə ilə dolu bu hövzədə insan necə yaşaya bilər axı? Bu istilik məni dəli edir. Dözülməz hərarətin altında Bəkaa vadisinin səhrası hər tərəfdən hayqırır. Bu vadinin tarixi adamı hətta xeyirxahlıq tanrısını belə inkar etməyə məcbur edər. Bir zamanlar Türkiyədən gəlib Fələstin davasına könül vermiş inqilabçıların Corc Habaşın[3: Corc Habaş (George Habash, "Əl-Həkim") – Fələstinli xristian siyasətçi və inqilabçı. Sonralar Fələstin Xalq Azadlıq Cəbhəsinin (PFLP) qurucusu olmuşdur.] silahlıları ilə birlikdə təlim keçdiyi Bəkaa vadisində sübh açılır. İndi hava sərindir. Bir azdan dözülməz dərəcədə isti olacaq. Gözlərim ətrafda dağ kəkotusu axtarır. Deyəsən, artıq qalmayıb. Yalnız boz-sarı rəngə bürünmüş yamaclar görünür. Sözün qısası, böyük gözqamaşdırıcı işıqdan əvvəl saat əqrəbinin son zərbəsinin vurulduğu, amansız zamanın düz ürəyindəyik. Tünd rəngli paltarlarımın üstündə isə yağışdan sonra ilbizlərin buraxdığı izlərə bənzəyən duz ləkələri... Bura səhranın nadir çiçəklənmələrindən, yalnız dənizin bildiyi məhəbbətlərdən, sərgərdan bir buluddan, qısaömürlü və coşqun bir yağışdan məhrum qalmış bir yerdir. Və budur – yandırıcı günəş altında ağ divarları ilə boz çöllükdən baş qaldıran Baalbək Məbəd Şəhəri[4: Baalbək – Livanın şərqində yerləşən, Roma dövrünə aid möhtəşəm məbədləri ilə tanınan UNESCO Dünya İrsi siyahısına daxil edilmiş qədim şəhər.]. Bura amansızcasına qamçılanandan sonra yaralarına duz səpilərək səhraya qovulanların şəhəridir. Günəş daha da yüksəlir. Alnım yanmağa başlayır. Ətrafımdakı daşlar istidən boğuq səslə xırçıldayır. Yalnız şəhərə tuşlanmış tüfəngin lüləsi sərindir; çəmənliklər kimi, axşam yağışı kimi sərin. Günəşin közərtdiyi nizələrin zərbəsi altında torpaq elə bil ağaranadək qızdırılmış sac təbəqəsidir; üstündə rahatlıqla pita çörəyi bişirmək olar. Xoşbəxtlikdən karvansaranı xatırladan bir yerə girib günvurmadan son anda xilas oluram. Xanabənzər tikilinin ağ divarında sanki kölgələr pıçıldaşır: — Aldandıq. Amma yenidən başlayacağıq. Bağışlama ölkəsini yenidən qurana qədər dayanmaq olmaz. Evimə qayıtmaq istəyirəm, mənə kömək et... Sözün qısası, Livan qırıq qəlblər respublikasıdır. Onun paytaxtı Beyrut isə, sanki Dante Aligyerinin **"İlahi Komediya"**sında[5: "İlahi Komediya" – XIV əsrdə Dante Aligyeri tərəfindən yazılmış, dünya ədəbiyyatının ən böyük poetik əsərlərindən biri hesab olunan epik poema.] özünə ayrılmış yeri unutmuş bir şəhərdir. Yaddaşlarda yaxşı qalmaq istəyən, həmişə telli-duvaqlı bir gəlin kimi görünən, amma eyni zamanda dəyişmədiyi üçün əriməyə, dağılmağa və yox olmağa məhkum qalan bir şəhər... Belə davam etsə, dünya onu da unudacaq.