Dünya ədəbiyyatı

Orxan Pamukun yeni hekayəsi

Dəftərdə olmayan ev tapşırığı

Nargin redaksiyası24 avqust 20266 dəqiqəlik oxu
Orxan Pamukun yeni hekayəsi

Orxan Pamuk ''Ev tapşırığımı etmişəm, müəllim'' (hekayə)

İndi xatırladıqlarımın üstündən çox illər keçib. İndi danışacaqlarım 1959-cu ildə Nişantaşında bir özəl liseydə baş verib. Uşaq idim. Balaca bir qızdım, bir az həddindən artıq uzunboylu və yaraşıqlı idim. Hələ ibtidai məktəbin ikinci sinfində oxuyanda da belə idim. Çünki ondan əvvəlki il xəstələnmişdim və qışda Avropaya getdiyimiz üçün dərsə davam etmədiyimə görə sinifdə qalmışdım. Yaşca sinif yoldaşlarımdan böyük idim. Sinifdə ən uzunboylu və ən böyük mən idim, amma buna əhəmiyyət vermirdim. Çünki o qədər həyat dolu idim, o qədər əylənirdim ki, başqalarına nisbətən sırtıq, bir az da qəribə olduğumu unuda bilirdim. Bunda bizim başqalarından varlı olduğumuzu bilməyimin də rolu vardımı? Bunu indi, üstündən əlli il keçəndən sonra düşünə bilirəm, amma uşaq vaxtı bunu düşünə bilməzdim.

Sürücümüz Naim məni hər səhər məktəbə gətirir, “Balaca xanım, qaçmayın, yıxılarsınız”, – deyib çantamı əlimə verirdi, amma mən ona qulaq asmır, pilləkənləri qaça-qaça qalxırdım. Sinfə girən kimi dostlarımı başıma yığıb dünən evdə nə etdiyimi, anamın hansı valları səsləndirdiyini, atamın hansı qonaqlarının gəldiyini, axşam yeməyində Fransadan gəlmiş konserv, səhər yeməyində isə İsveçdən gətirilmiş, kiçik qabda satılan dadlı kürü əzməsi yediyimizi, şənbə günü günorta kinoya gedəcəyimi, axşam isə bəlkə də Hilton otelində qalacağımızı və buna bənzər hər şeyi danışırdım.

Amma bunları kiməsə həsəd içində qoymaq, mənim kimi imkanları olmayan dostlarımı qısqandırmaq üçün etməzdim. Həyatımı olduğu kimi ortaya qoymağı, yəni səmimi olmağı xoşladığım üçün mən elə-belə deyərdim: “Dünən atam Parisə zəng vurdu”. Yaxşı dostlarım da bunları başa düşərdilər. Onlara axşam evdə bu qış tətili üçün Uludağa getmək planları qurduğumuzu danışardım. Onlar da mənə öz analarının, atalarının nələrdən danışdıqlarını söyləyərdilər. Məsələn, biri deyərdi ki, anası qırmızı çanta alıb, “biz də bəlkə Uludağa gedəcəyik”. Onlar həmişə yaxşı dost olmuşdular. Heç birindən qorxmaz, çəkinməzdim. Sinifdə mənim kimi sürücülü maşınla gələn əlavə üç uşaq da vardı, amma onlardan da çəkinməzdim. Hətta onlardan biri olan Hakana çox yazığım gəlirdi və onu çox sevirdim. Çünki Hakan uşaq iflici keçirmişdi və topallayırdı. Hakan məni sevirdi, mənimlə oynayır, mənimlə lağ etmirdi. Sinifdə hamı məni sevirdi. Paxıl və hiyləgər olanlardan başqa.

Bir uşaq da vardı, həmişə ön sırada oturardı. Müəllimin xoşuna gəlməyə çalışar, özünü ağıllı hesab edərdi. Böyüyəndə romançı Orxan Pamuk oldu. Təkcə o, gizlicə məni qısqanırdı. Mənim haqqımda yazsa, Allah bilir özündən nələr uydurar. Ona, xahiş edirəm, inanmayın.

Sonra hər gün o sevmədiyim riyaziyyat dərsi başlayırdı. O dərsin olacağını düşünüb, “riyaziyyata iki dərs qaldı, bir dərs qaldı, tənəffüsdən sonra o dərs başlayacaq” deyə narahatlıqla durmadan fikirləşirdim. Riyaziyyat dərsi başlayanda isə uzun müddət, təəssüf ki, həmişə eyni şey baş verirdi. Bunların hamısını unutmağa çalışdım, amma bacarmadım!

“Zərifə, qalx ayağa,” deyirdi müəllim. Sanki neçə gündür hər dərsdə məni lövhəyə qaldırmır. Elə bil indi birdən yadına düşmüşəm.

“Zərifə, bu gün ev tapşırığını etmisən?”

“Etmişəm, müəllim,” deyirdim çarəsizlik içində, yalan danışdığımı bilə-bilə. Dəftərimi götürüb lövhəyə çıxırdım. Müəllim suallar verməyə başlayırdı. Əlbəttə, riyaziyyat sualları. Hamısını unutmuşdum. Heç biri yadımda qalmamışdı. Bütün sinif mənə baxırdı. Mən nə edəcəkdim? Mən buradayam? Əlimdə dəftərim. Müəllim sual verir. Qəribə, anlaşılmaz, nə bilim, hansı rəqəmlər, vurma-bölmə işarələri... Bu riyaziyyat da heç cür ağlımda qalmırdı... Mən susuram... Günahkaram, amma sinfə baxıb bir az gülümsəyirəm. Ağlımda heç nə yoxdur. Saat neçədir? Hansı ildəyik? Bura haradır? Sanki bunları da unutmuşam, heç nə bilmirəm.

Axırda müəllim, sanki bütün bunlar ilk dəfə baş verirmiş kimi əsəbiləşirdi:

“Bəs demişdin axı, ev tapşırığını etmisən, Zərifə?”

“Etmişəm, müəllim!”

“Onda göstər ev tapşırığını.” Mən də guya ev tapşırığını etmişəmmiş kimi dəftərimi açıb vərəqləri o yana-bu yana çevirməyə başlayıram. Bir az sağ tərəfdəki səhifələri çevirirəm — burada ev tapşırığı yoxdur. Əlbəttə, o biri tərəfdə idi. İndi də dəftərin əvvəlinə doğru səhifələri çevirməyə başlayıram.

“Ev tapşırığını etmisən? Bax, mənə yalan danışma!” — deyir mənə diqqətlə baxan müəllim.

“Yox, müəllim, yalan danışmıram, ev tapşırığını etmişəm.”

“Yaxşı, onda tap, göstər.”

Çox ciddiyəm. İndi elə bil ev tapşırığımı tapmaq üzrəyəm. Yenə dəftərin vərəqlərini çevirirəm. Bir kəpənək şəkli, həyat bilgisi dərsindən bir şey, quş, bir quş şəkli çəkmişəm. Fikrim başqa yerə gedir, vərəqləri niyə çevirdiyimi unuduram, başqa şeylər haqqında düşünürəm. Uzun-uzadı vərəqləri çevirirəm.

“Susun!” — deyə müəllim sinfə qışqırır. “Öz aranızda danışmayın. Zərifə, ev tapşırığını etmisən, ya yox? Mənə yalan danışma!”

Mən həyatda heç vaxt yalan danışmamışam. Ona görə də bu, dərhal yadıma düşür.

“Müəllim, indi yadıma düşdü, ev tapşırığını təmiz dəftərimə yazmışdım.”

“Yaxşı, get, təmiz dəftərini gətir,” — deyir müəllim.

Müəllim mənə inandığı üçün bu, kiçik bir qələbədir! Dostlarıma sevinclə göz-qaş işarəsi verib öz yerimə, yəni partama tərəf gedirəm.

Mən dəftərimi götürməyə gedəndə müəllim bütün sinfə qışqırır:

“Riyaziyyatdan ev tapşırıqlarının təmiz dəftərə yazılmayacağını neçə dəfə demişəm?!”

Təmiz dəftərimi götürüb müəllimin yanına qayıdıram və hər gün etdiyim kimi, vərəqləri xışır-xışır çevirməyə başlayıram. Ev tapşırığımı bu vərəqlərdən birinə yazmışdım, indi tapacağam. Bir az gözləyin, axtarıram!

“Bax, Zərifə,” — bir müddət sonra müəllim deyir, — “Hirslənməyəcəyəm. De ki, ev tapşırığını etməmişəm, hirslənməyəcəyəm.”

“Ev tapşırığımı etmişəm, müəllim. Bax, buradadır,” — deyirəm. “Tapdım, müəllim!”

Həmin an dediyimə özüm də o qədər inanıram ki, təmiz dəftərimi yeni bir həyəcanla eşələməyə başlayıram. Müəllim əsəbidir, yenə də ev tapşırığını etmədiyimi başa düşür. Amma “etmişəm” dediyim üçün səbirlə gözləyir.

Amma bu da çox çəkmir. Başqa şeylər haqqında düşünməyə başlayıram. Əslində, müəllimimizin barmağında çox çirkin, hətta iyrənc bir üzük var. Barmaqları da anamın Şüttedən (İstanbulun Bəyoğlu rayonundakı Balıq Bazarında 1918-ci ildən fəaliyyət göstərən tarixi qastronomun adıdır - tərc.) aldığı sosisqalar kimi qabarıqdır. Sinfə baxıb gülümsəyirəm. “Bu, keçən ay etdiyin bölmə tapşırığıdır,” — deyir müəllim qəzəblə. “Niyə həmişə yalan danışırsan, Zərifə?”

“Bağışlayın, müəllim. Dünən babam infarkt keçirdi.”

“Ay Allahın bəlası...”

Birdən təmiz dəftərimi yerə çırpır, yerindən qalxıb mənə bir şillə vurur. Çox ağrıdır. Qürurum sındırılır. Bütün sinifdən utanıram. Ağlamağa başlayıram. Çox ağlayıram.

“Dəftərini yerdən götür, yerinə otur. Sabah da ev tapşırığını etməsən...”

Sosisqa barmaqlı, iyrənc üzüklü müəllimi heç dinləmirəm. Dəftərimi yerdən əyilib götürməkdə çətinlik çəkirəm, çünki bütün sinif göz yaşlarımın içində üzür, dünya da su kimi axıb fırlanır. Hamınız susmusunuz. Ən paxıllar, ən hiyləgərlər, ən amansızlar, hətta gələcəkdə Orxan Pamuk olacaq o əsəbkorlayan cılızın belə indi mənə yazığı gəlir.

Üzülməyin, üzülməyin. İndi yerimə oturacağam. Bir az da hıçqıra-hıçqıra ağlayacağam. Bəziləriniz mənə baxacaq, bəziləriniz üzüləcək, bəziləriniz isə unudub əhəmiyyət verməyəcək. Amma sonra zəng çalacaq və mən tənəffüsdə atamın Avropadan gətirdiyi, üzərində badamlı şokoladların şəkilləri olan kağızlarımı dostlarıma bir-bir göstərərək gülümsəyəcəyəm.

Xalamın Parisdən gətirdiyi elektrikli və mexaniki kuklanın həm gözlərini açıb-bağladığını, həm də başını sağa-sola çevirdiyini xatırlayıb bir anlıq xoşbəxt olacağam. Çərşənbə günləri günortadan sonra anam xeyriyyəçilərin iclasına tez gedəndə onun makiyaj masasının qarşısında oturub, dodaq boyalarını, qaş qələmlərini, fırçalı ənliklərini və xoş ətirli dəri kremlərini güzgüyə baxaraq sınaqdan keçirəcəyəm. Amma ətirlərə əlimi vurmayacağam.

"Kəlmələr və şəkillər" kitabından (2026)

Eyni bölmədən

Oxşar yazılar